İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkü özünə əbədi düşmən sayan İran... Azərbaycanla layihələrin dərdini çəkir? - nonsens, yoxsa...

712 20.06.2023 13:30 Siyasət A A

Deputat: “Münasibətlərin gərginləşməsindən istifadə etməyə çalışan bəzi qüvvələr problem yaratmağa cəhd edə bilərlər”

Azərbaycan-İran əlaqələri o zaman normallaşmış sayılacaq ki, Tehran rejimi ən azından, ölkəmizə qarşı təhdid siyasətinə son qoyacaq, səfirliyimizə 26 yanvar terror hücumunu ədalətli şəkildə təhqiq edib terrorçuya və sifarişçilərə layiqli cəzalara verəcək, Bakının İrəvanla  sülh anlaşmasına əngəl yaratmayacaq, Ermənistanı üstümüzə qızışdırmayacaq, oğurladığı və casusluqda ittiham elədiyi Azərbaycan vətəndaşı Fərid Cəfərlini tezliklə geri qaytaracaq.

Hələ ki sadalanan istiqamətlərdə hər hansı müsbət gəlişmə yoxdur. Yalnız bəzi zəif siqnallar var.

Məsələn, iyunun 16-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 26-cı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum (SPIEF) çərçivəsində "RİA Novosti"yə müsahibəsində deyib ki, İran və Azərbaycan münasibətlərindəki soyuqluq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inşası və başa çatdırılmasına təsir göstərməyəcək.

“Ümid edirik ki, heç bir mənfi təsir olmayacaq. Dünən (iyunun 15-də - red.) mənim Azərbaycan baş nazirinin müavini, eyni zamanda İran və Azərbaycan arasında birgə komissiyanın rəhbəri cənab Mustafayevlə görüşüm oldu. Biz layihənin həyata keçirilməsinin bir çox aspektlərini ətraflı müzakirə etdik. Hər iki tərəf ölkələr arasında yaranmış siyasi anlaşılmazlıqların onun həyata keçirilməsinə təsir etməyəcəyi barədə razılığa gəldi və o, Azərbaycanda dəhlizlə bağlı işləri ciddi şəkildə izləyəcəyini vəd elədi”, - deyə nazir qeyd edib.

Yada salaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. Onun üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü) marşrut. 2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub-Qərb dəmir yolunun son zəruri hissəsinin - Rəşt-Astara (İran) hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıb.

İranda isə Azərbaycanla bağlı ritorika hələ ki pozitiv məcraya düşməyib. Bu da növbəti sübut. İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmülhuda Venesuela televiziyasına müsahibəsində türkləri düşmən adlandırıb. Sitat: “Tarix boyu İranın çoxlu düşməni olub: monqollar, türklər, ərəblər... Amma onlar İranın dil, mədəniyyət və sivilizasiyasını dəyişə bilməyiblər”.

Halbuki İran adlı dövlətin əhalisinin yarıdan çoxunu elə Azərbaycan türkləri təşkil edir. Hər şey qırağa, qəribədir ki, bir yandan İran rəsmisi Azərbaycanla əlaqələrin normallaşması, iri iqtisadi layihələrin gerçəkləşməsi zəruriliyindən danışır, digər yandan Rəisinin xanımı türkə, azərbaycanlılara qarşı ksenofobik çıxışlar edir.

Bəs farsın dostu kimdir əgər türk, ərəb, müsəlman da deyilsə? Məscidlərimizdə donuz saxlamaqla bütün müsəlmanları təhqir edən, müsəlman-şiələri soyqırımına, etnik təmizləməyə məruz qoyan, hələ də alçaqlıqlarından əl çəkməyən ermənimi? Ümumiyyətlə, İran nə istəyir, onunla normal qonşuluq əlaqələri qurmaq mümkün olacaqmı?

Əlavə edək ki, 23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandıracaq. Bu barədə srağagün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. O qeyd edib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər.

Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli  deyil - 03.03.2023, Sputnik Azərbaycan

Arzu Nağıyev 

Millət vəkili, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, İranla münasibətlərin gərginləşməsinin pik nöqtəsi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı və səfirlik əməkdaşının şəhid edilməsidir. Politoloq xüsusi xidmət orqanlarının agentlərinin həbs olunması, İranın agentura şəbəkəsinin məhv edilməsinin münasibətlərdə gərginliyi artırdığına diqqət çəkdi: “Azərbaycan bir daha sübut etdi ki, İran bizə qarşı qonşuluq siyasətini mütəmadi pozur, Ermənistanla müttəfiqlik edərək Azərbaycana qarşı kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirir. Azərbaycan tərəfinin verdiyi bəyanat da ondan ibarətdir ki, terror hadisəsinin istintaqı ilə bağlı Azərbaycan tərəfi məlumatlandırılmalıdır”.

Millət vəkili  viza rəsmiləşdirilməsinin dayandırılmasını belə şərh etdi: “İstənilən İran vətəndaşı təyyarə ilə Azərbaycana gəlib asanlıqla viza əldə edə bilirdi. Son hadisələr isə göstərdi ki, gələnlər arasında xoşməramlı olmayanların sayı çoxdur. Buna görə də İran vətəndaşları konsulluğumuza müraciət edərək, viza əldə edib ölkəmizə gələ bilərlər. Məlumdur ki, quru sərhədləri bağlıdır. O ki qaldı İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmülhudanın Venesuela televiziyasına müsahibəsində türkləri düşmən adlandırmasına, İran təkcə farslardan ibarət deyil, ərazisində bir çox xalq yaşayır. Düşmən kimi türklərin və başqalarının adlarının çəkilməsi absurd bəyanatdır. Çoxmillətli dövlətin rəhbərliyinin məhz belə bir bəyanat verməsi, yəni türkləri düşmən elan etməsi siyasi savadsızlıqdır. Bəlkə də münasibətlərin gərginləşməsindən istifadə etməyə çalışan bəzi qüvvələr problem yaratmağa cəhd edə bilər. Bu çox həssas məsələdir. Son vaxtlar Xarici İşlər Nazirliyi səviyyəsində danışıqlar aparılır, problemlərin həlli istiqamətində Azərbaycanın verdiyi təkliflərin müzakirəsi gedir. İran başa düşməlidir ki, dünyanın bir parçası olmaq üçün, eyni zamanda bu dəyərlərdən yararlanmaq üçün mütləq beynəlxalq qüvvələrlə tərəfdaşlıq etmək lazımdır. Zəngəzur dəhlizi ilə bağlı açıqlama da məqsədə müvafiq deyil. Çindən gələn yük Azərbaycan ərazisindən, eyni zamanda dəhlizdən keçərək Naxçıvana, Türkiyəyə, Avropaya daşınacaq. Bu inteqrasiyanın qarşısını almaq mümkün olmayacaq. Ona görə də verilən bir bəyanatla ehtiyatlı olmaq və qonşuluq siyasətini həyata keçirmək üçün addımlar atılmalıdır. İran unutmamalıdır ki, çoxsaylı azərbaycanlının yaşadığı əraziyə malik dövlətdir və burada bütün dəyərlərə qiymət verilməlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR