İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki zəlzələnin əsas “baiskarı” – “Əl müxalifəti”nə dil verənlər

1843 12.02.2023 15:02 Yazarlar A A

Türkiyədəki dağıdıcı zəlzələdən 7 gün ötür. Bir həftədir ki, ölkə 7-dən 77-yə ayaqdadır. Gecə-gündüz yox. Yatmaq, yemək bilmir, qarışqa kimi hamı hərəkətdədir. Eləcə də qardaş məmləkətin sadiq və ən yaxın dostları. Özəlliklə Azərbaycan.

Deyirlər, “dərd bölüşdükcə kiçilər, sevinc isə paylaşıldıqca böyüyər”. Nə xoş ki, Türkiyəmizin dostları düşmənlərindən çoxdur.

Əlbəttə, qüdrətli dövlət kimi qardaş məmləkət üzləşdiyi son dərəcə ağır sınaqdan da üzüağ çıxacaq. Buna inanırıq, hətta əminik. Daxildən və xaricdən pəl vuranlar, əl-ayağa dolaşanlar olmasa, bərpa işləri qat-qat sürətli gedəcək.

Əfsus ki, həmişə olduğu kimi, belə situasiyaların öz kəmfürsətləri olur. Yenə də var. Millətin faciəsindən, kədər-üzüntüsündən də siyasi kapital düzəltməyə çalışan müxalifəti, lap dəqiqi, onun Qərbə bağlı qanadını nəzərdə tuturuq. Artıq komanda verilib. Xaricdəki ənənəvi araqarışdıran mərkəzlər və qərəzli media da də öz yerində.

Məsələn, ABŞ-ın CNN telekanalının şərhində deyilir ki, “Ərdoğanın siyasi taleyi onun zəlzələyə reaksiyasından asılı ola bilər”. Şərhdə dağıdıcı təbii fəlakətin prezident Ərdoğan üçün seçki balansını dəyişə biləcəyi iddia olunur.

Ərdoğan başda olmaqla, Türkiyə liderinin zəlzələyə reaksiyası isə 7 gündür ortada və tam normal. Dövlət özünün güc strukturları daxil, bütün resurslarını yeraltı təkanların nəticələrini maksimum qısa zamanda aradan qaldırmağa, insanların ağrı-acısını minimuma endirməyə səfərbər edib. Başqa ölkələrdən də kömək gəlməkdə davam edir və getdikcə böyüyür.

Aydındır ki, zəlzələni Ərdoğan törətməyib. Fəqət gün kimi aydın olan bir gerçəklik də var: hökumət olduqca miqyaslı zəlzələnin nəticələri ilə nə qədər effektli mübarizə aparsa da, ortada narazılar olacaq – həm həqiqi narazılar, həm də süni, yəni “xarici amil”in “5-ci kolon”dan yaratdığı narazılar.

Fürsətcil qərbyönlü müxalifəti deyirik. Əgər seçkilər ərəfəsində zəlzələnin əsas baiskarı qismində Ərdoğanı elan eləsələr, təəccüblənməyin. Hazırlıq başlayıb. Bu da fakt.

Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində bir binanın belə uçmaması qardaş ölkə mediasının diqqət mərkəzinə düşüb. Yerli bələdiyyənin sədri Ökkeş Almasoğlu bildirib ki, yeraltı təkanlar nəticəsində ərazidə heç yaralanan da olmayıb. Qeyd edib ki, səbəb onun dönəmində rayon ərazisində qanunsuz tikintiyə icazə verilməməsi olub.

Açıqlamanın siyasi motivi ortada. Çünki Almasoğlu ana müxalifət partiyası olan CHP-dən seçilib. Ancaq kiçik araşdırmadan sonra məlum olub ki, sözügedən rayonda CHP yalnız 2019-cu il seçkilərini udub, bundan öncəki - 2014-də və 2009-da bələdiyyə seçkilərini isə AKP qazanıb.

Başqa sözlə, CHP bölgəyə rəhbərliyi cəmi 2 il yarımdır həyata keçirir. Bu müddətdə isə çox sayda buna tikilə bilməzdi. Yəni əsas inşa işləri AKP dönəmində gedib. Deməli, binaların davamlı olması əslində hakim AKP-nin xidmətidir.

Söz yox ki, ictimai rəyi dəyişdiməyə hesablanmış bu cür manipulyasiyalar hələ çox olacaq. Ərdoğanı devirmək üçün çoxdan pusquda duran, 2016-cı il hərbi çevriliş cəhdinə belə baş vurmuş Qərb, ABŞ isə heç şübhəsiz, seçkilər ərəfəsi bir az da “qaz”a basaraq, onsuz da büdcəsi ciddi zərərlə üzləşən bir dövlətin maliyyə-iqtisadi durumunu ağırlaşdırmaq, əhalinin narazılığını artırmaq üçün həmlələr edəcək. Təki “əl müxalifəti”nin dili uzun olsun.

Alınacaqmı? Görəcəyik. Hər halda, yekun söz, seçim qardaş xalqın olacaq. Türkiyə seçicisi isə sözünü deməyi də, dalında durmağı da, ən önəmlisi, ağı-qaradan seçməyi də bacarır.

Bu bir ayrı seçki olacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR