İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki seçkilərə günlər qaldı...

646 09.05.2023 10:59 Yazarlar A A

Azərbaycan müstəqillik əldə edəndən Türkiyədə çox seçkilər olub, qardaş ölkədə çox adamlar hakimiyyətə gəlib-gedib. Amma onlar indiki kimi maraqlı olmayıb bizim üçün.

Bunun bir səbəbi bu olub ki, Azərbaycan-Türkiyə münasibətləri adi siyasi konyunkturadan daha üstün vəznə və çəkiyə malik olub. Ona görə də biz Türkiyədə hansı siyasi qüvvələrin hakimiyyətdə olmasına elə də önəm verməmişik. İkincisi, indiki seçkilərin niyə görə bu qədər maraqlı olmasına gəldikdə isə, demək lazımdır ki, Azərbaycan-Ermənistan münaqişəsində həlledici dönüş həm də prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində mümkün oldu. Qeyd etmək lazımdır ki, problem başqa Türkiyə liderlərinin də diqqətində olub, amma demək olar ki, onu həll edənlərdən biri prezident Ərdoğan oldu...

O ki qaldı seçkilərə, indi bütün mərhələlər demək olar ki, arxada qalıb, söz artıq Türkiyə seçicisinindir. Adətən belə hesab edilir ki, demokratik ölkədə seçki yalnız seçicinin iradəsindən asılı olur. Ona başqa cür heç kim istiqamət verə bilməz. Amma bu dünyada nələr olmur?

ABŞ-da Donlad Tramp seçilənə qədər bizim heç ağlımıza gəlməzdi ki, ABŞ kimi dövlətdə seçkilərə kimsə müdaxilə edə bilər. Amma insanlar tamam ciddi şəkildə Rusiyanın müdaxiləsindən danışdılar - özü də bir seçki müddətində. Düzdür, bu iddialar sübut olunmadı, amma onlar tamam inkar da olunmadı. Elə bu səbəbdən də belə bir nəticəyə gəlirsən ki, dünyadakı seçkilərin nəticələrinə həm də müxtəlif geosiyasi maraqlar təsir edir...

Burada heç də lazım deyil ki, müxtəlif dövlətlər seçkilərə birbaşa müdaxilə etsinlər. Yox, onların dolayı təsirləri də ola bilir. İnsanların qərarlarının formalaşmasına geosiyasi amillər də təsir edə bilir. Ona görə də bu və ya digər ölkələr Türkiyədəki seçkilərə də təsir etməyə çalışır - ona görə ki, “real-politiks”də belə hesab edilir ki, hər şeyi “aktyor”lar yox, bacarıqlı “rejissor”lar həll edir.

Elə bu səbəbdən də bu seçkilər həm də Türkiyə-Azərbaycan münasibətləri üçün bir sınaq olacaq. Əlbəttə, münasibət, istək hamıda var, amma konkret iradə, özü də siyasi iradə başqa bir şeydir. Məsələ bundadır ki, Azərbaycan-Ermənistan münaqişəsi tamam bitməyib. İndi onun həlledici məqamlarının şahidiyik. Bu məqamlarda Türkiyənin Azərbaycanın yanında olması çox vacibdir. Düşünürük və ümid edirik ki, seçkinin nəticələrindən asılı olmayaraq elə belə də olacaqdır...

Regionda vəziyyət çox gərgindir. Və təkcə Rusiyanın və Qərbin təsirlərinə görə mürəkkəb deyil. Yox, burada qonşu İran və onun da təzyiqləri var. Maraqlıdır ki, hətta Qərbi və Rusiyanı bu münaqişədə birləşdirən məqamlar var: onların hər ikisi separatçı bölgənin erməniləri üçün müəyyən status tələb edirlər. Rusiya bunu geosiyasi maraqlarından edir - belə ki, status olmazsa, Rusiyaya da bu bölgədə qalmaq üçün əsas qalmayacaq və bəlkə də Moskva 2025-ci ildən də tez bu bölgəni tərk etməli olacaqdır. O ki qaldı Qərbə, onlar da çoxsaylı erməni diasporları qarşısında siyasi öhdəliklər götürüblər, ona görə də çalışırlar ki, onlar üçün daha çox güzəşt qoparsınlar...

Qərəz, belə bir çətin durum yaşayırıq. Bugünlərdə ABŞ Prezidenti Co Baydenin adından belə sözlər yayıldı ki, biz Ərdoğanla qurtarmalıyıq. Co Baydeni “başa düşmək” olar: prezident R.T.Ərdoğan son illərin ən müstəqil siyasət yürüdən siyasətçilərindən biridir. Ona görə də Bayden ona acıqlıdır. Amma bizə elə gəlir ki, Ankara heç bir halda “marionet” bir dövlət olmayacaq - hətta seçkilərdə tamam başqa adam qalib gəlsə belə! Ona görə ki, ABŞ kimi Türkiyənin də milli maraqları var və onlar heç də seçkilərin nəticələrindən asılı olmurlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR