İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycanın ortaq hədəfi – Əliyev və Ərdoğan prioritetləri elan etdilər

2015 30.05.2022 17:22 Gündəm A A

Bakıda 26-29 may tarixlərində möhtəşəm “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı baş tutdu.
Bu festival təkcə şahinlərin Bakı səmasında Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən avia-şousu, texnoloji kəşflərin, yeniliklərin sərgisi deyildi. Bu həm də Azərbaycan və Türkiyənin dünyaya Bakıdan birgə verdikləri siyasi-hərbi mesaj idi...

Mayın 28-də - Müstəqillik Günündə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın festivalda çıxış edərək, olduqca mühüm açıqlamalar verməsi, birgə hədəfləri, prioritetləri elan etmələri törənin ən mühüm hissəsi oldu desək, daha doğru sayılar.

Azərbaycan Prezidenti xatırladıb ki, 104 il öncə müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurub: “Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır”.

Ilham-liyev-v-R-c-b-Tayyib-rdogan-Bakida-keciril-n-TEKNOFEST-Az-rbaycan.jpg (72 KB)
Ardınca Cənab İlham Əliyev Türkiyə və Azərbaycanın qardaşlığının əzəli və əbədi olmasına diqqət çəkib. O deyib ki, 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub: “Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir... Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”...
Prezident bəyan edib ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir: “Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”...

Bu olduqca mühüm mesaj və hər bir vətəndaş üçün yaddaşdır.
Azərbaycan xalqı Türkiyəyə öz yurdu, qardaş evi kimi baxır. Bundan sonra bu qardaşlıq daha da yaxınlaşmalı və bütün addımlar birgə atılmalıdır.
Prezident İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin qardaş dəstəyinə bir daha diqqət çəkib. Sitat: “Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”...
Azırbaycan Prezidentinin çıxışının xüsusi diqqət yetirməli olduğumuz hissəsi isə bütün dünyaya verilən açıq, aydın mesajlardır.

Sitat: “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində... Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”...

Dövlət rəhbəri bir məqama xüsusi toxunub və bu da yaddaşlarda hakim olmalıdır. O baxımdan ki, bəzi kosmopolit şərhçilər Türkiyə ilə xüsusi yaxınlaşmanı Azərbaycanın müstəqil siyasət aparmasına təsir kimi təqdim etməyə çalışırlar. Prezident İlham Əliyev bu bu cür fikirlərləri tamamilə darmadağın edib.
Prezident dövlət siyasətinin mütləq prioritetlərinə diqqət çəkərək bildirb ki, Azərbaycan xalqının və dövlətinin milli maraqları müdafiə olunmalı və Azərbaycan müstəqil siyasət aparmalıdır.
Təbii, Türkiyə ilə qardaşlıqdan danışırıqsa, birgə siyasət şübhəsiz ki, hər iki xalqın milli və dövlət maraqlarına uyğun həyata keçirləcək. Eyni zamanda dövlət başçısı bir daha bəyan etmiş oldu ki, atəlan bütün addımlar Azrbaycanın milli maraqları çərçivəsində olub və bundan sonra da belə olacaq...

Festivalda Prezident xüsusi ilə gənclərə səslənərək Türk dünyasının böyük oğullarından nümunə götürməyə da çağırış edib: “Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.
Bəli, müasir gənclər həyat və fəaliyyətlərinə, türk dünyasına münasibətdə məhz bu cür şəxslərdən də örnək götürməlidirlər. Axı biz bu şəxslərin timsalında qazanılan uğurları görmüşük...

Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında da təbii ki, önəmli mesajlar və çağırışlar kifayət qədərdir. O, 2022-ci ilin iki qardaş ölkə üçün önəmli olmasını vurğulayıb. Xatırladıb ki, cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyik yubileyidir. Şübhəsiz, buna yönəlik tədbirlər də davam edəcək.

e9521067-9da4-3d2f-b52c-68997a8b995f-850.jpg (110 KB)

Cənab Ərdoğan da Türkiyə-Azərbaycan qardaşlığının təkcə bu gün deyil, tarixin ən çətin mərhələlərində öz gücünü göstərdiyinə nəzərləri cəlb edib: “1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”.
Ən vacibi odur ki, bu qardaşlıq hansısa maraqlara söykənmir, səmimidir. Bunu Ərdoğan belə ifadə edib: “Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq”...

Ərdoğan qeyd edib ki, Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı: “Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı... Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq... Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik...

Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir”...

Türkiyə Prezidenti Şuşa Bəyannaməsinin əhəmiyyətini bir daha bəyan edərək nəzərə çatdırıb ki, bu sənəd həm də müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub...
Bu o deməkdir ki, qarşıda hərbi sənayedə Azərbaycan Türkiyə ilə birlikdə dünyaya səs salan ixtira və ya istehsala imza ata bilər və şübhəsiz ki, bunun şahidi olacağıq...
Ən əsas mesaj isə Türkiyə və Azərbaycanın bundan sonra yalnız çətin anlarda, savaşlarda deyil, daim, adi həyat rejimində də birgə addımlayacağına dairdir.
Ərdoğan bu yöndə “Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir” – deyə bəyan edib.
Yəni bədxahlarımız, bölgədə hansısa nüfuz savaşı açmaq istəyən, Azərbaycanın yaratdığı reallıqlara təsir göstərmək istəyənlər eşistsinlər ki, iki qardaş müharibədən sonra da birgədir və hansısa xam xəyallara düşməsinlər...
Bütün bunların yekunu olaraq səslənən fikir, verilən duyuru hər kəs üçün nəticə çıxarmağa yetərlidir.
Ərdoğandan sitat: “Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir”.

442332518-0-0-3165-2048-600x0-80-0-1-730481538b5727bdf3e69725bec0f5b6.jpg (35 KB)
Bu yeni səhifə çox şanlı olacaq. Bu o deməkdir ki, bölgədə birmənalı söz və nüfuz sahibi Türkiyə və Azərbaycan (qardaşlığı) olacaq. Məqsəd isə yalnız və yalnız nümunəvi, sabit, sürətli nkişaf edən bir bölgə yaratmaqdır. Bu reallığı isə dəyişmək istəyənlər olacaqsa, uduzan da onlar olacaq...
Proses başlayıb və dayanan deyil. Bir növ təbii axardır və alternativ də yoxdur.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR