İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı ola biləcəkmi - təhlil

1412 13.10.2022 09:20 İqtisadiyyat A A

İlham Şaban: “Cənub Qaz Dəhlizinin genişləndirilmiş ixrac potensialını təmin edəcək qaz Azərbaycanda var”

Rusiyadan qaz nəqlinin minimum səviyyəyə düşməsinə rəğmən Avropa qaz anbarlarını doldurmağa davam edir. "Gas Infrastructure Europe"nin məlumatına əsasən, oktyabrın 11-də Avropanın qaz anbarları 91,5 faiz dolu olub.

Bu isə hətta Rusiyadan nəql tamam dayansa belə, Avropanın qışı rahat keçirməsi üçün kifayət edir. Hazırda Avropa 2023-2024-cü il qış mövsümünə tədarükləri təmin etmək üzərində işləyir. Anbarlara vurulan qaz çox bahalı qazdır. Avropanın gələn mövsümdə də belə bahalı qaz almaq imkanları dumanlı görünür. Buna görə də bütün mümkün mənbələrdən qaz alışı həcmini artırmağa çalışırlar. Rusiyanın timsalında bir mənbədən asılılığın yaratdığı böyük fəsadları öz üzərlərində hiss edən avropalılar artıq heç bir mənbədən asılı olmamaq qərarına gəliblər. Hətta ən yaxın müttəfiqi olan ABŞ-dan belə asılı olmamaq üçün Avropa İttifaqı digər mənbələrdən idxal imkanlarını genişləndirməyə çalışır.

Avropa İttifaqının enerji üzrə komissarı Kadri Simsonun verdiyi məlumata əsasən, gələn həftə Avropa Komissiyası yüksək enerji qiymətləri ilə mübarizə üçün yeni tədbirlər təklif edəcək. O bildirib ki, Avropa Komissiyası bu məsələ ilə bağlı 4 istiqamətdə işləyir: “İşimizin 4 istiqaməti var: tələbin azaldılmasının stimullaşdırılması, üzv dövlətlər arasında həmrəyliyin təmin edilməsi, qaz qiymətlərinə müdaxilə və qazın birgə alışının asanlaşdırılması”.

Aİ komissarı deyib ki, bu addımlar enerji qiymətlərini məhdudlaşdıracaq və tədarükün təhlükəsizliyini təmin edəcək.

“Biz hərtərəfli konsensusa əsaslanaraq birlikdə hərəkət etməliyik”.

Avropa Komissiyası həmçinin üzv ölkələri birgə qaz alışlarını həyata keçirəcək regional platformada iştirak etmək üçün şirkət müəyyənləşdirməyə çağırıb. "Financial Times"ın yazdığına görə, hələ yazdan yaradılan platforma işlək vəziyyətə gəlməyib: Avropa İttifaqının cəmi 5 ölkəsi təmsilçi şirkəti müəyyənləşdirib. Avropa Komissiyası üzv dövlətlərin enerji şirkətlərini qaz alışlarının bir qismini platforma üzərindən reallaşmasına məcbur edəcək qanunverici bazanın yaradılmasına razılıq vermələrini istəyir. Komissiyada hesab edirlər ki, alışlarda vahid mövqenin olması qazın daha sərfəli şərtlərlə alınmasına gətirib çıxarar. Lakin qəzetin yazdığına görə, Avtopanın bir sıra iri şirkətləri platformanın fəaliyyətinə ürəkdən yanaşmırlar. Onlar hesab edirlər ki, bir alıcının olması xərcləri azaltmayacaq, çünki qazın qiyməti beynəlxalq bazarlarda müəyyənləşir.

Avropanın qaz alışını artırmağa çalışdığı mənbələrdən biri də Azərbaycandır. Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində bildirdiyinə görə, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur: “Bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox dolğun bir sənəddir. Buna əsaslanaraq, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq”.

Qaz ixracının artırılması üçün bütün potensial olduğunu deyən dövlət başçısı vurğulayıb: “Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə iki gün əvvəlki açıqlamasında bildirib ki, Türkiyə Azərbaycanla birgə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün TANAP qaz kəmərinin gücünün artması ilə bağlı işlərə başlayıb: “Biz energetika sahəsində mühüm addımlar atırıq. Hazırlıq işləri apararaq qaz anbarlarımızı 100 faiz doldurmuşuq. Azərbaycanla birgə TANAP kəmərinin gücününü 32 milyard kubmetrə çatdırılması üçün işlərə başlamışıq. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçündür”.

TAP konsorsiumunun idarəedici direktoru Luka Şippatinin verdiyi məlumata görə, TAP-ın buraxılış gücünün genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq. Onun sözlərinə görə, TAP artıq İtaliyanı yeni mənbədən qazla qidalandırır və ölkənin tələbatını 14 faiz təmin edir. Ötən illə müqayisədə bu il TAP ilə İtaliyaya qazın nəqli 60 faiz artıb: “Biz Cənub Qaz Dəhlizinin istehsalçıları və operatorları ilə birlikdə Avropa və İtaliyaya əlavə qaz həcmləri təklif etmək üçün gücün 20 mlrd. kubmetrə qədər genişləndirilməsi planına sadiqik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşüb

Konsorsium rəhbəri qeyd edib ki, TAP-ın buraxılış gücünün genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq. Bütün bunlar yeni borular çəkmədən və İtaliya ərazisində yeni işlərə ehtiyac olmadan, Yunanıstan və Albaniyada yalnız yeni kompressorların quraşdırılması vasitəsi ilə mümkün olacaq.

Maraqlıdır ki, Rusiya Türkiyənin Avropanın enerji təchizatında rolunun artmasını təşviq etmək niyyətindədir. “Rusiya enerji həftəsi”ndə çıxış edən prezident Vladimir Putin bildirib ki, Rusiya Avropa üçün Türkiyədə böyük qaz qovşağı yarada bilər. O qeyd edib ki, Rusiya Türkiyədə ən böyük qaz qovşağı yaradaraq “Şimal axını” ilə itirilmiş qaz tranzitini Qara dəniz regionuna daşıya bilər.

Rusiya qazını Türkiyəyə iki kəmər daşıyır: “Mavi axın” və “Türk axını”. “Türk axını” ilə nəql olunan qazın bir hissəsi Avropanın cənubuna çatdırılır. Məsələn, Macarıstan qaz ehtiyacının 60 faizini bu kəmərlə nəql olunan qaz hesabına təmin edir.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, TANAP və TAP-ın genişləndirilməsi məsələsi hələ bu kəmərlər planlaşdırılarkən - 2013-cü ildə nəzərə alınıb: “Səsləndirilən bəyanatlar bu fazanın başlanması üçün siyasi dəstək aktlarıdır. Cənub Qaz Dəhlizi layihəsi başladılarkən məlum oldu ki, Azərbaycanın "Şahdəniz"dən kənarda da Avropaya ixrac etmək üçün qaz potensialı var. Bu, 2011-ci ildə kəşf edilən və ölkənin ikinci böyük qaz yatağı olan “Abşeron”dur. 2012-ci ildə yatağın operatoru Fransanın “Total” şirkəti apardığı kəşfiyyat-qazma işlərinin yekunu olaraq elan etdi ki, yatağın 350 milyard kubmetr qaz ehtiyatı var. Yəni bu, təsdiq edilmiş ehtiyatdır. Yəni Cənub Qaz Dəhlizinin genişləndirilmiş ixrac potensialını təmin edəcək qaz Azərbaycanda var".

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

 İlham Şaban

Ekspertin fikrincə, TANAP və TAP-ın genişləndirilməsi prosesinə ən yaxşı halda 2023-cü ilin əvvəlində başlamaq olar: “Ona qədər keçiləcək hüquqi prosedurlar var. Gələn ilin əvvəlində səhmdarlar genişlənmə barədə yekun qərar verəcəklər, ondan sonra səhmdarlar maliyyəşəməyə dair qərar qəbul etməlidilər. Burada həm səhmdar şirkətlər, həm də kənar mənbələr iştirak edə bilər, çünki genişlənmə bütün dəhliz infrastrukturunda həyata keçirilməlidir. Maliyyələşmə qərarı alındıqdan sonra tender elan olunacaq və onun nəticələrinə uyğun olaraq maliyyə qurumları ilə səhmdarlar arasında yekun saziş, həmçinin iş qrafiki imzalanacaq. Bundan sonra isə Avropaya çatdırılacaq əlavə 10 milyard kubmetr qazı almaq istəyən şirkətlərlə alqı-satqı müqavilələri imzalanacaq. Yalnız bu mərhələdən sonra genişlənmə üçün fiziki işlərə başlanacaq. Bu, haradasa 2024-cü ilə təsadüf edəcək. Tikinti müddətinə gəlincə, iş həcmi böyükdür: bir neçə nəhəng kompressor stansiyaları tikilməlidir. Qeyd edim ki, Cənub Qaz Dəhlizi tikilərkən 1 kompressor stansiyası təxminən 500 milyon dollara başa gəlmişdi. İndi qiymətlər o dövrdəkindən xeyli yüksəkdir. Bundan əlavə, zəruri qurğuları quraşdıracaq şirkətlərin sifarişləri var, onların başa çatmasını gözləmək lazım gələcək. Ötən ildən etibarən belə qurğulara tələbat kəskin artıb. Hesab edirəm ki, genişləndirmə prosesi 5 il müddətində tam yekunlaşa bilər”.

Onu da bildirək ki, Azərbaycanın ikinci böyük qaz yatağı olan “Abşeron”da hasilatın başlanması prosesində ləngimə müşahidə olunur. Yatağın işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir. Yataq 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yatağın mərhələli şəkildə işlənməsi nəzərdə tutulur. Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Layihə çərçivəsində hasilatın pik həddi ildə 5 milyard kubmetrə qədər təşkil edə bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda həmçinin gündəlik 10 min barelə yaxın kondensat hasil olunacaq.

“Abşeron”dan ilk qazın əldə olunması üçün bir neçə dəfə tarixlər müəyyənləşdirilib. Sonuncu dəfə ötən ilin oktyabrında 2022-ci ilin yayında hasilatın başlanacağı elan olunsa da, hələlik bu, baş verməyib. Lakin Avropada qazla bağlı yaranmış vəziyyət yataqda hasilatın ən pis halda CDQ-nin genişləndirilməsi başa çatanadək başlanmasına imkan verəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR