İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə siyasətində “9 ballıq zəlzələ”: Ərdoğanı yıxmaq üçün birləşdilər...

2817 08.03.2023 08:25 Siyasət A A

Siyasi müxalifət və PKK-ya bağlı separatçı qüvvələr niyə Kılıçdaroğlunu dəstəklədilər-Bakıdan və qardaş ölkədən reaksiyalar

Türkiyənin siyasi səhnəsində ard-arda baş verən “9 ballıq zəlzələ” 6 fevralda baş verən dəhşətli zəlzələni gündəmdən sıxışdırmaqdadır.  Hazırda Türkiyənin xəbər məkanında əsas mövzu 14 maya təyin olunan prezident və parlament seçkiləridir. Müxalif düşərgədə İYİ Parti rəhbəri Meral Akşenerin yaratdığı bölünmə qısa zaman kəsiyində bitdi. Düz 72 saata hansısa qüvvələr Meral xanımı qalxdığı və devirdiyi masaya geri döndərdi. Görünən budur ki, hazırkı prezident Ərdoğana qarşı daxili güclər bir araya toplanıb və bu koalisiyada separatçı və terrorçu PKK təşkilatının siyasi qanadı olan HDP də yer alıb. Bəzi iddialara görə, bu  qədər fərqli ideologiyaları təmsil edən daxili güclərin bir araya gətirilməsi ancaq ABŞ mərkəzli xarici güclərin sayəsində baş tuta bilərdi.

Bu iddialara görə, Ərdoğanı seçki yolu ilə devirmək üçün daxili və xarici güclər gizli koalisiya yaradıblar. 2013 və 2016-cı illərdə ABŞ dəstəkli FETÖ təşkilatının uğursuz çevriliş təşəbbüslərindən sonra bu, Ərdoğanı iqtidardan salmağa yönələn üçüncü cəhddir. Etiraf etməliyik ki, Türkiyədə yaşanan təbii fəlakətdən sonra AKP-nin   xalq arasında reytinqi ciddi şəkildə aşağı düşüb. Belə bir vəziyyət nə qədər güclü lider olsa da, Ərdoğanın qarşıdakı seçkilərdə şansını xeyli azaldır. Digər tərədən, sosial-demokrat təmayüllü solçu Kılıçdaroğlu Ərdoğana bərabər siyasi lider sayılmır. Onu daxildən və xaricdən nə qədər böyük koalisiyalar dəstəkləsə də, milliyyətçi və dini görüşləri daşıyan türk xalqı bir kosmopolit, milli-dini dəyərlərdən uzaq Kamal Kılıçdaroğlunu prezident seçməyə bilər.

Biz azərbaycanlıların əsas marağı və sualı Türkiyə prezidentliyinə iddia edən şəxslərin Azərbaycana və bizim haqq davamıza münasibətidir. Ərdoğanı bilirik - bu lider Azərbaycan üçün dünyanı qarşısına alacaq, onun uğrunda hər cür fədakarlığa hazır olduğunu sübut edib. Bəs Kılıçdaroğlu? Onun Azərbaycan məsələsinə və Ermənistanla bağlı problemlərə baxışı necədir? Kılıçdaroğlu Türkiyə prezidenti seçilərsə, iki qardaş dövlətin münasibətləri soyuyarmı?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı

AG Partiya başqanı Tural Abbaslı hesab edir ki, Ərdoğanın Azərbaycana, Qarabağa verdiyi əhəmiyyət, ümumiyyətlə, son illər dövlətimizin taleyində rolu göz önündədir, amma Kılıçdaroğlunun müxalifət təmsilçisi kimi Qarabağ məsələsinə xüsusi yanaşması görünmədi: “CHP-nin Azərbaycan, Qarabağla bağlı siyasətinin uğurlu olacağına inanmıram. Onlar kosmopolit dəyərləri müdafiə edən, İslami, irqi dəyərləri o qədər də öndə görməyən partiyadır. Kılıçdaroğlunun  "Can, Azərbaycan" deyəcəyinə inanmıram. Ərdoğan isə deyib. Türkiyə və Azərbaycan arasında ən gərgin dövr Ali Babacanın  Türkiyənin xarici işlər naziri olduğu dövr idi.  Azərbaycanın xarici işlər nazirinin müavini, Mahmud Məmməd-Quliyev ona Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı fikir bildirməyini istədikdə Babacan diplomatımızı yanından tərbiyəsizcəsinə kənarlaşdırmışdı. Babacan yenə də “Altılı masa”dadır. O, iki həftə öncə zəlzələ nəticələrinin aradan qaldırılması üçün yardım edən ölkələrə simvolik təşəkkür edərkən Azərbaycanın adını çəkmədi, bayrağımız da yox idi. Sizcə, Kılıçdaroğlunun təyin edəcəyi müdafiə naziri “hər vəchlə Azərbaycanın yanındayıq” deyəcəkmi? O ki qaldı türk dünyasının taleyinə, Türkiyə türk-İslam dünyasının aparıcı dövlətidir. Bu baxımdan, təkcə Azərbaycan üçün narahatlıq keçirmirəm".

T.Abbaslının fikrincə, Kılıcdaroğlu hakimiyyətə gələrsə, Türkiyə qapalı dövlət olacaq. Partiya sədri qeyd etdi ki, Türkiyədə Kılıçdaroğlu prezident seçilərsə, Azərbaycana diqqət azalacaq: “Kılıçdaroğlunun köməkçilərindən biri Meral Akşener "Altılıq masa" ya qumar masası, maraqlar naminə toplanmış masa dedi. Bir sözlə, onların özlərinə etibar yoxdur. Təsəvvür edin ki, son bir ildə bir namizəd təyin etməkdə çətinlik çəkdilər. Türkiyə üçün taleyüklü qərarlar verilməlidir. Ölkənin 1/8-i dağılıb, yenidənqurma həyata keçirilməlidir. Beynəlxalq əlaqələri davam etdirmək lazımdır. Ərdoğan dövründə Türkiyə qlobal siyasi oyunçuya çevrilib. Bəzən çox qısa zaman kəsiyində mühüm qərarlar qəbul edilməlidir. Kollektiv idarəçiliklə buna nail olmaq çətindir. Dünyanın hər yerində prezident bir nəfərdir. Ümid edirəm ki, AKP birinci turdan uğurla keçəcək".

Kılıçdaroğlu hakimiyyətə gələrsə... - MÜSAHİBƏ

Ardan Zəntürk 

Türkiyəli jurnalist Ardan Zəntürk “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyənin milli siyasəti iqtidara görə dəyişmir. Yazar qeyd etdi ki, türk milləti xarici siyasət və təhlükəsizliklə bağlı 4 əsas məsələdə yüksək həssaslığa malikdir: “Bu həssaslıq siyasi üstünlüklərdən daha önəmlidir. Bu 4 məsələ ilə bağlı yanlış siyasət həyata keçirən hakimiyyət əvvəlcə daxili sabitliyin pozulmasına, sonra isə ömrünün qısalmasına səbəb olur. CHP-nin indiyə qədər Türkiyənin xarici siyasəti ilə bağlı verdiyi açıqlamalar da dəyişikliklə bağlı narahatlıq doğurur. Məsələn, Türkiyənin əsas təhlükəsizlik problemlərindən biri olan Suriyadakı qeyri-sabitlik qarşısında ana müxalifət lideri Kamal Kılıçdaroğlunun mövqeyi geniş müzakirələrə səbəb olub. Xüsusən də Türkiyə Silahlı Qüvvələri Afrində yerləşən və sərhəd şəhərlərimizi raket hücumları ilə hədələyən PKK ünsürlərinə qarşı əməliyyata başlayanda "Türk ordusunun Suriyada nə işi var?" ifadəsi unudulmur. Eynilə, Türkiyənin Suriyanın Qamışlı bölgəsində PKK ünsürlərinə qarşı əməliyyat planlaşdırarkən “YPG Türkiyəyə nə edə bilər?” sualını verməsi də diqqət çəkib. Türkiyənin milli siyasətləri baxımından həssas olanlar Kılıçdaroğlunun mümkün prezidentliyi dövründə Türkiyə üçün vacib sayılan məsələlərdə zəifliyin olacağını düşünür. Kılıçdaroğlunun ən yaxın həmkarlarından olan keçmiş səfir Ünal Çeviköz, türk millətinin ən həssas məsələlərindən biri olan Mavi Vətən anlayışı haqqında, “Bu 200 millik ərazini öz suverenliyiniz kimi görürsünüzsə, aqressiv və ekspansionist bir anlayışdır” cümləsi keçərlidir.

Xüsusilə Yunanıstanın Adalar dənizi (Egey) və Şərqi Aralıq dənizindəki təcavüzkar və getdikcə qəsbkar siyasətinə qarşı belə bir yanaşmaya necə müqavimət göstəriləcəyi açıq sual kimi qalır. Xalqın bir hissəsi Ünal Çeviköz kimi ABŞ-ın mənafeyini müdafiə edən personajlara görə xarici siyasətdə böyük güzəştlər edilə biləcəyi  barədə narahatdır. Bugünkü prezident Baydenin seçki kampaniyası zamanı “New York Times” qəzetinin redaktorları ilə görüşündə “Türkiyədə müxalifətə dəstək verməliyik” deməsi böyük müzakirələrə səbəb olub. Kılıçdaroğlunun 15 iyul 2016-cı il çevriliş cəhdini, açıq ABŞ/NATO hücumunu elə ilk gündən “ssenari” kimi səciyyələndirməsi, lakin son vaxtlar “bəli, çevriliş idi” deməsi bütün bu narahatlıqları gündəmə gətirir".

A.Zəntürkün sözlərinə görə, Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyə-Azərbaycan münasibətlərinə ciddi mənfi təsir olmayacaq: “Kamal Kılıçdaroğlu 2-ci Qarabağ müharibəsi zamanı verdiyi açıqlamalarla açıq-aşkar və birmənalı olaraq Azərbaycanın tərəfində olub. O, Azərbaycanın qələbəsini bayram edən və buna sevindiyini bildirən liderdir. Kılıçdaroğlunun Ankara-Bakı münasibətlərində hər hansı dəyişiklik edəcəyini düşünmürəm. Ancaq Türkiyə üçün son dərəcə strateji əhəmiyyət kəsb edən Liviyada hərbçilərin xidmətinin uzadılması ilə bağlı müzakirədə CHP-nin əleyhinə səs verməsi, eyni zamanda Ünal Çeviközün "Təəssüf ki, Azərbaycana kömək etdik"  deməsi sual yaradır. Daha sonra Türkiyənin gündəminə gətirilən iddiaların erməni mənşəli olması da diqqət çəkir. Kılıçdaroğlu hakimiyyətə gələrsə, Azərbaycan və Ermənistan məsələlərinə bugünkündən çox fərqli yanaşma nümayiş etdirəcəyini düşünmürəm, çünki Türkiyə ənənələri olan, institutlaşmış dövlətdir. Xalq bəzi məsələlərə çox həssas yanaşır. Bu vəziyyət hakimiyyət dəyişikliyi ilə xarici siyasətdə köklü dəyişikliklərə imkan vermir. Məsələn, bu gün Kılıçdaroğlu Putin-Ərdoğan dostluğu olduğu üçün sabah ani bir qərarla Rusiya ilə tam düşmənçilik siyasəti apara bilməz. Belə bir qərarı dayandırmaq üçün dövlət mexanizmləri və hətta ictimai həssaslıqlar var. Türk xalqı üçün dörd əsas həssas nöqtə var: 1. Kipr məsələsi. Heç bir hökumət Şimali Kipr Türk Cümhuriyyətini təhlükə altına ala biləcək siyasi dəyişiklik etməyə cürət etməz; 2. Qafqaz məsələsi. Bu sahədə heç bir iqtidar “bir millət, iki dövlət” zəminində yaranmış Ankara-Bakı qardaşlığını şübhə altına alacaq addım ata bilməz; 3. Balkan yarımadasında türk və müsəlman irsi. Bu baxımdan heç bir hökumət, xüsusilə Sarayevoda, Monteneqro və Serbiyanın Sancak bölgələrində və ümumiyyətlə, “fatehin oğlu” adlandırılan Qərbi Trakyada türk varlığını təhlükə altına ala biləcək siyasətə al atmaz. 4. Arxasında ABŞ və Qərb dövlətlərinin olduğu sübuta yetirilən PKK terror təşkilatına qarşı mübarizədə zəiflik göstərmək olmaz.

Bu dörd nöqtədə edilə biləcək səhvlər Türkiyənin daxili siyasətində dərin qeyri-sabitlik və müvafiq hökumətin ömrünün əhəmiyyətli dərəcədə qısalması deməkdir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR