İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ordusunda möhtəşəm yenilik - ilk hərbi PUA gəmisi

1014 11.04.2023 13:37 Gündəm A A

Polkovnik: “Bu, son deyil, 2025-ci ildə Türkiyənin özünün qırıcı və bombardmançı təyyarələri istehsal ediləcək”

Dünyanın ilk silahlı pilotsuz uçuş aparatları gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilir. Məlumata görə, çoxməqsədli amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb. 2019-cu ilin may ayında suya buraxılan gəminin 2022-ci ilin iyununda qəbul sınaqları keçirilib. Bildirilir ki, artıq “TCG Anadolu” orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

“TCG Anadolu” Türkiyə donanmasının gücünü və çəkindiriciliyini artıracaq? Hansı üstünlüklər, imkanlar qazandıracaq? 1 nömrəli strateji müttəfiqimizin artan hərbi gücü həm də Azərbaycanın artan gücü deməkdirmi?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, dünyanın ilk silahlı pilotsuz uçuş aparatları gəmisinin Azərbaycanın qardaşı, müttəfiqi Türkiyə ordusunun xidmətinə verilməsi böyük hadisədir. Bu gəminin yüksək texniki imkanlara malik olması şübhəsizdir. Üç il müddətinə bu gəmi inşa olunub. Çox böyük bir gəminin belə qısa müddətdə ən yüksək səviyyədə istifadəyə verilməsi də Türkiyənin gücündən, imkanlarından xəbər verir: ""TCG Anadolu" hərbi gəmisi təkcə PUA-larla yox, eyni zamanda hava hücumundan müdafiə sistemləri ilə təchiz olunacaq, eləcə də digər müasir ağır silahlar təmin ediləcək. Yəni bu PUA-ları daşıyan gəminin həm mühafizəsi, həm də digər texniki imkanları o qədər güclü olmalıdır ki, bu gəmiyə kənardan hər hansı hücumlar olduğu halda hücumları asanlıqla dəf edə bilsin. Gəmi TB-3 PUA-ları ilə təchiz olunacaq. Həmin Aparatların uçuş qaydaları iki il müddətinə sınaqdan keçirilib. Yəni bu aparatların TB-2-dən fərqi ondadır ki, onun yük daşıma qabiliyyəti güclüdür. Türkiyə hərbi donanması onsuz da dünyanın ən güclü donanmalarından biri idi. “TCG Anadolu” PUA daşıyan gəmisi Türkiyə donanmasının gücünü daha da artıracaq. “TCG Anadolu” Türkiyə donanmasının gücünü və çəkindiriciliyini artıracaq. Türkiyəni istəməyən, onu düşmən görən, onu sarsıtmağa çalışan dövlətlər, güclər var. Bu gəminin Türkiyə donanmasının istifadəsinə verilməsi düşmənlərə daha bir mesaj olacaq ki, Türkiyənin gücü ilə hesablaşmaqdan başqa yolunuz yoxdur. Bu gəminin istehsalı və istifadəyə buraxılması Türkiyə müdafiə sənayesi üçün həm də bir testdir. Hesab edirəm ki, gələcəkdə daha böyük gəmilər inşa ediləcək".

R.Məhərrəmov qeyd etdi ki, ümumiyyətlə, Türkiyə son illərdə müdafiə sənayesini çox inkişaf etdirib: “Türkiyə çox güclü hava hücumundan müdafiə sistemləri istehsal edir, PUA istehsalında çox böyük yeniliklərə imza atılır. Bu gün Türkiyə müdafiə sənayesi dünyanın qabaqcıl müdafiə sənayeləri sırasında yer alır. Dünyanın çox ölkələri Türkiyə müdafiə sənayesinin məhsullarını əldə etməyə çalışırlar. Proqnoza görə, 2025-ci ildə Türkiyənin özünün qırıcı və bombardmançı təyyarələri istehsal ediləcək. Artıq bunun üzərində işlər gedir”.

Hərbi ekspert vurğuladı ki, qardaş ölkənin hərbi gücünün artması Azərbaycanın da gücünün artması deməkdir, lakin biz özümüzün də donanmasının inkişafı istiqamətində addımlar atmalıyıq: “Sözsüz ki, 1 nömrəli strateji müttəfiqimizin artan hərbi gücü həm də Azərbaycanın artan gücü deməkdir. Eyni zamanda bizim Xəzər donanmasının güclənməsi vacibdir. Ona görə ki, bizim dəniz istiqamətindən bəzi qonşularımızın güclü donanması var və onlar heç də bizə dost deyillər. Azərbaycanın Türkiyə təcrübəsindən, dəstəyindən istifadə edib donanmasını gücləndirməsi vacibdir. Türkiyədə istehsal edilən "TCG Anadolu" PUA daşıyan gəmisinin analoqunu Azərbaycanda inşa etmək olar. Bir neçə il öncə Azərbaycan öz donanmasını gücləndirmək məqsədilə danışıqlar aparmışdı. Bir neçə variant var idi. Lakin məsələ sona çatdırılmamış qaldı. İndi Türkiyənin donanmasının, müdafiə sənayesinin belə uğurlarının olması bizə imkanlar yaradır ki, qardaş ölkənin imkanlarından istifadə edək və müasir gəmilər əldə edək. Gələcəkdə Azərbaycanın hərbi dəniz qüvvələrinin güclənməsində Türkiyə müdafiə sənayesinin rolu ola bilər. Belə də olmalıdır. Müasir gəmilərin Azərbaycanın donanmasında olması istiqamətində müsbət istiqamətdə işlər aparılır. Bu vacib bir məsələdir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR