İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə dar günə ərzaq ehtiyatı toplayır, bəs Azərbaycan...

740 25.06.2024 10:47 İqtisadiyyat A A

Bu il Azərbaycana buğda idxalında ciddi azalma diqqəti cəlb edir

Türkiyə qlobal istiləşmə və Ukrayna münaqişəsi ilə əlaqədar ərzaq ehtiyatlarını artırmaq qərarına gəlib. Bununla əlaqədar olaraq, yerli istehsalçıları ucuzlaşmadan qorumaq üçün müddətin uzadılması mümkünlüyü ilə iyunun 21-dən oktyabrın 15-dək buğda idxalı dayandırılıb.

“Yeni Müsavat” qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Taxıl Şurası (TMO) ildə ən azı 1,5 milyon ton buğda, 250 min ton arpa, 150 min ton qarğıdalı və 50 min ton düyü ehtiyatı saxlamağı planlaşdırır. Qurum bu tədbirlər üçün beş milyard lirə (təxminən 154 min dollar) xərcləyəcək.

Qeyd edək ki, bu ilin birinci rübündə Türkiyə 530 milyon dollar dəyərində 2,1 milyon ton buğda idxal edib ki, bunun da 69 faizi Rusiya məhsuludur. Türkiyə həmçinin Ukrayna (27 faiz), Moldova (1,6 faiz), Bolqarıstan, Rumıniya və Suriyadan (hər biri 1 faiz) buğda idxal edib.

Azərbaycan da əsas ərzaq məhsulları, xüsusilə də buğda ilə özünü idxal hesabına təmin edir. 2022-ci ildə pandemiyanın ticarət zəncirində yaratdığı fasilələr, Ukraynada başlayan müharibə səbəbindən dünyada ərzaq qiymətlərinin kəskin artması fonunda bütün dövlətlər əsas ərzaq məhsullarının ehtiyatlarını yaratmaq üçün addımlar atmağa başladılar. Bu istiqamətdə həddən artıq canfəşanlıq edən Çinin dünya buğda ehtiyatlarının yarıdan çoxunu öz anbarlarına yığması qlobal səviyyədə müzakirələrə səbəb oldu. Çinin bu addımı 2023-cü ildə dünya bazarında buğda qiymətlərinin kəskin ucuzlaşmasına zəmin yaratdı: ölkə vaxtı keçməsin deyə depoladığı buğdanın əsas hissəsini daxili bazara çıxardı, nəticədə, Rusiya kimi iri təchizatçıda bol məhsul fonunda dünya bazarlında buğdaya tələbat və ona uyğun olaraq qiymətlər sürətlə düşdü. Buğdanın 1 tonunun qiyməti 450-460 dollardan 220 dollara qədər ucuzlaşdı. 

Bu mövsümdə Rusiyada hava şərtləri üzündən buğda istehsalının keçən mövsümlə müqayisədə 4-5 milyon ton aşağı olacağı gözlənilir. Lakin satılmayan ehtiyatların çox olması (14 milyon tondan yuxarı), həmçinin Türkiyənin alışları dayandırması qlobal buğda bazarında qiymətlərin bir qədər də ucuzlaşmasına səbəb olub.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının buğda istehsalına dair proqnozları nikbindir. 

Bütün bunlara rəğmən, hər bir ölkə fövqəladə hallarda vətəndaşlarını müəyyən müddətdə əsas ərzaq məhsulları, xüsusilə də buğda ilə təmin etmək üçün strateji ehtiyatlar formalaşdırır. İnkişaf etmiş ölkələrdə belə ehtiyatlar özəl şirkətlər tərəfindən yaradılır. Dövlət müəyyən həcmdə ehtiyatların saxlanması üçün özəl şirkətlərdə sifarişlər yerləşdirir. Azərbaycan və digər postsovet ölkələrində ərzaq ehtiyatlarının yaradılması üçün dövlət-özəl tərəfdaşlığından istifadə olunur. Belə ki, əsas məhsul olan buğdanın ehtiyatını dövlət formalaşdırır, digər məhsullar dövlətin dəstəyi ilə özəl şirkətlər tərəfindən təmin edilir.

Azərbaycan rəsmilərinin verdiyi açıqlamalardan aydın olur ki, ölkədə bir qayda olaraq 3 aylıq ərzaq ehtiyatlarının saxlanması təmin olunur. 2021-2022-ci illərdə dünyada müşahidə olunan ərzaq böhranı zamanı Azərbaycan hökuməti buğdadan kənarda əsas ərzaq məhsullarının 3 aylıq ehtiyatını formalaşdıran şirkətlərə dövlət büdcəsindən dəstək verirdi. 3 aylıq müddətin 1 ayında ərzaqların saxlanması, onların alınıb gətirilməsi xərcləri dövlət tərəfindən qarşılanırdı.

Azərbaycanda buğda ehtiyatını Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Taxıl Fondu formalaşdırır. Əvvəl fondda 500 min ton, daha sonra isə 750 min ton buğda ehtiyatının yaradılmasına qərar verilib. 2021-ci ildə Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi yaradılıb, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Taxıl Fondu onun balansına verilib. 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir. 

Afentlik formalaşdırılan zaman strateji ehtiyatların yaradılması mexanizmini əks etdirən qanunverici baza da yaradılıb. Həmin bazaya əsasən dövlət ehtiyatları üç istiqamətdə - səfərbərlik, strateji və fövqəladə istiqamətlərdə tədarük edilməlidir. Strateji istiqamətin özü də üç hissədən ibarətdir: ərzaq ehtiyatı, tibbi dərman vasitələri ehtiyatı və enerji ehtiyatları.

2023-cü ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə strateji malların siyahısı təsdiqlənib.  “Ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların Siyahısı”nın təsdiq edilməsi haqqında qərarın əhatə etdiyi məhsulların siyahısı məxfi hesab olunur və ictimaiyyətə açıqlanmır. 

Dövlət Ehtiyatları Agentliyinin fəaliyyət istiqaməti olaraq təchizatın dayanıqlığının təmin edilməsi, kəskin qiymət dəyişikliyinin qarşısının alınması və fövqəladə hallarda iqtisadiyyatın fasiləsiz fəaliyyəti üçün zəruri malların təminatı qeyd edilir. Lakin agentliyin xüsusilə kəskin qiymət dəyişikliyinin qarşısının alınması istiqamətində təsirli fəaliyyətini müşahidə etmək hələ ki mümkün olmayıb.

Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı fərmanla ölkədə ən mühüm ərzaq məhsulu olan ərzaqlıq buğdanın istehsalının stimullaşdırılması üçün bir sıra addımlar atılır. Fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib. 

Bu il iyunun 5-də Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib.

Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir.

2023-cü ildə Dövlət Taxıl Fonduna təhvil verilən yerli buğdanın həcmi 40 min tona yaxın olub. 2022-ci ildə yerli ərzaqlıq buğdanın 1 tonunun tədarük qiyməti 580 manat, 2023-cü ildə iyunda 450 manat müəyyən olunub. Dövlət Ehtiyatları Agentliyinin qərarı ilə 1 avqust tarixindən etibarən tədarük edilən ərzaqlıq buğdanın qiyməti orta idxal statistik dəyərinə əsaslanaraq 400 (dörd yüz) manat müəyyən edilib.

Yerli istehsalçılardan fonda təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılır. 

Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti Azərbaycana son ay ərzində idxal edilən buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyən edilir və bu qiymət növbəti ay müəyyən ediləcək orta idxal statistik göstəricisinə uyğun olaraq dəyişə bilər. Ərzaqlıq buğdanın təhvil yerinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına uyğun olaraq pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi təhvil verilmə dövründə dövlət tədarük qiymətindən  aşağı olduğu hallarda, aradakı fərqin istehsalçıya kompensasiya edilməsi məqsədilə məhsul subsidiyasının əmsalı Aqrar Subsidiya Şurası tərəfindən yenilənir.

Azərbaycan hökumətinin məlumatına əsasən, 2023-cü ildə ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 478 milyon manat büdcə vəsaiti xərclənib.

2024-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1109,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 502,9 milyon manatı ərzaq təhlükəsizliyi tədbirləri üçün sərf olunacaq. Qeyd edək ki, ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, Azərbaycan Respublikasında istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanların alınması üçün kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, bu il Azərbaycana buğda idxalında ciddi azalma diqqəti cəlb edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk dörd ayında ölkəyə xaricdən əsasən Rusiyadan olmaqla 450.152 min ton (135 milyon dollarlıq ) buğda idxal edilibsə, cari ildə bu rəqəm 328 min 542 tona (72.676 milyon dollar) düşüb. Buğdanın bir tonu 2023-cü ilin beş ayında Azərbaycana 299 dollara başa gəldiyi halda, cari ilin eyni dövründə bu rəqəm 221 dollara qədər azalıb...

Dünya SAKİT,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR