İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-ABŞ münasibətləri korlanır: Ağ Ev Ankaranı Kremllə savaşa çəkməyə çalışır

3176 18.03.2022 18:42 Analitika A A

Ağ Ev rəsmi Ankaraya Türkiyənin “S-400”-ləri Ukraynaya verib, əvəzində ABŞ-dan “F-35A” döyüş təyyarələri satın almasına nail olmaq məqsədilə təzyiq göstərməyə çalışır; Rusiyadan alınmış starteji silahın məhz Ukraynaya ötürülməsi Türkiyənin gələcəkdə Kremllə hərbi münaqişəyə çevrilə biləcək düşmənçiliyə sürüklənməsi anlamı daşıyır...

ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasında yeni istiqamətlər ortaya çıxmağa başlayıb. Belə ki, hazırda Ağ Ev Çinin mövqeyini nəzarət altına almağa çalışır. Rəsmi Pekinin müqavimətinə baxmayaraq, ABŞ müxtəlif təzyiq vasutələri ilə Çini Rusiyaya qarşı sanksiyaları dəstəkləmək məcburiyyətində buraxmaq niyyətindədir. Bu, mümkün olmazsa, hətta Ağ Ev üçün Çinin tam neytrallığına nail olunması da qənaətbəxş nəticə sayıla bilər.

Ancaq ABŞ və Qərbin Rusiya ilə qarşıdurmada problemləri yalnız Çinin mövqeyi ilə məhdudlaşmır. Ukrayna savaşına münasibətdə ABŞ və Qərb Türkiyə ilə də ciddi ziddiyyətlər içərisindədir. Rəsmi Ankara Ağ Evin maraqlarından çıxış etmək niyyətində olmadığını qətiyyən gizlətmir. Türkiyənin tamamilə fərqli maraqları var və onlardan imtina etmək niyyətindən çox uzaqdır.

Məsələ ondadır ki, rəsmi Ankara Rusiyanın Ukraynaya qarşı işğalçılığını sərt şəkildə qınayır, bunu qəbuledilməz hesab edir. Türkiyə Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığında israrlı mövqe tutur. Kremldən Krım yarımdasaının və Donbasın Ukraynaya qaytarılmasını tələb edir.

Bununla belə, rəsmi Ankara ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalarını da dəstəkləmir. Yəni, hələlik Türkiyə həmin sanksiyalara qoşulmaq niyyətində deyil. Çünki həmin sanksiyalar Türkiyənin geopolitik və geoiqtisadi maraqlarını da ciddi şəkildə təhdid edir. Və bu baxımdan, rəsmi Ankara Kreml ilə münasibətlərini korlamaq istəmir.

275251724_2258455404302412_742774738442343190_n.jpg (42 KB)

Digər tərəfdən, rəsmi Ankara məhz Türkiyənin də milli maraqlarını nəzərə alaraq, Rusiya və Ukrayna arasında beynəlxalq barışdırıcı xəttin əsas təmsilçisi rolunda çıxış edir. Türkiyə hazırda savaşın iştirakçıları arasında sülh danışıqlarına nail olmaq istiqamətində vasitəçilik missiyasını yerinə yetirən yeganə dünya dövlətidir.

Son məlumatlara görə, rəsmi Ankara Ukrayna prezidenti Volodimir Zelenski və Kreml sahibi Vladimir Putin arasında görüşün keçirilməsinə nail olmağa çox yaxındır. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan hər iki savaşan ölkənin dövlət başçılarını Ankaraya dəvət edib. Prezident V.Putinin hətta Ukrayna lideri ilə görüşmək üçün öz şərtlərini də Türkiyənin dövlət başçısına çatdırıb.

Maraqlıdır ki, Türkiyə prezidentinin müşaviri İbrahim Kalın R.T.Ərdoğanın V.Putin ilə telefon danışığının bəzi məqamlarını artıq açıqlayıb. Onun dediyinə görə, prezident V.Putinin sülh anlaşması və V.Zelenski ilə görüş üçün şərtləri əsasən iki kateqoriyaya bölünə bilər. İ.Kalının fikrincə, ilk dörd tələbin yerinə yetirilməsi Ukrayna tərəfi üçün o qədər də çətin olmayacaq. Çünki Ukrayna neytral dövlət olmaq və NATO-ya üzvlüklə bağlı müraciət etməmək kimi bəzi tələbləri artıq qəbul etməyə meyilli görünür.

Ancaq Kremlin tələbləri sırasında Ukraynanın tərksilah olunması, rus dilinin qorunması və bəzi siyasi-ideoloji dəyişikliklərin edilməsi də yer alır. Bu tələblər rəsmi Kiyev tərəfindən Ukraynanın təhqir olunması kimi də qəbul oluna bilər. Çünki suveren dövlətin üzərinə belə öhdəliklərin qoyulması həmin ölkənin daxili işlərinə qarışmaq və müstəqilliyinin məhdudlaşdırılması anlamı da daşıyır. Və bu baxımdan, Kreml sahibi V.Putinlə təkbətək görüşüb, bütün məsələləri müzakirə etməyə hazır olduğunu artıq bəyan etmiş prezident V.Zelenskinin bu istəklərə verəcəyi reaksiya da maraq doğurur.

Halbuki, Kreml sahibinin tələbləri sırasında Ukrayna üçün qəbuledilməz sayıla bilən istəklər də var. Belə ki, Rusiya rəsmi Kiyevdən Ukraynanın Donbas bölgəsindən və Krım yarımadasından imtina etməsini də istəyir. Hətta Kreml Krım yarımadasının Rusiya ərazisi kimi rəsmən tanınmasını da israrla tələb edir. Bütün bunlar kifayət qədər mübahisəli situasiya yaratdığından Rusiya və Ukrayna prezidentlərinin görüş ehtimalı da bir qədər şübhə doğurur.

putin1646377325.jpg (86 KB)

Məsələ ondadır ki, keçmiş SSRİ-nin dağılmasından sonra Rusiya Krım yarımadasının Ukraynaya məxsus olduğunu təsdiqləyən beynəlxalq müqaviləyə imza atıb. İndi beynəlxalq hüquqa görə, Rusiyanın həmin əraziyə iddialarının qanuna zidd olduğu inkaredilməz reallıqdır. Belə bir situasiyada Kreml sahibinin beynəlxalq hüququn arxasından dolanmaq cəhdləri vəziyyəti daha da qəlizləşdirir. Və belə anlaşılır ki, Türkiyənin bütün israrlı cəhdlərinə baxmayaraq, Rusiya-Ukrayna sülh sazişinin imzalanmasına nail olmaq olduqca çox vaxt apara bilər.

Təbii ki, belə ziddiyyətli, həm də qəliz situasiyanın mövcudluğu hər kəsdən daha çox ABŞ və Qərbin maraqlarına tamamilə cavab verir. Çünki, anlaşma imkanları nə qədər çox olarsa, ABŞ və Qərb Rusiyanı daha uzun müddət Ukrayna savaşının içərisində tutmaq şansı qazanmış olur. Belə olduğu təqdirdəsə, Rusiyanın həm savaş meydanında, həm də maliyyə-iqtisadi məkanda zəiflədilməsinə yönəlik addımların atılması üçün əlavə səbəblər yarana bilər.

Maraqlıdır ki, son vaxtlar ABŞ və Qərbin Türkiyəyə yönəlik təzyiqləri işə salmağa cəhd göstərdiyi də diqqətdən yayınmır. Əsas hədəf rəsmi Ankaranı Rusiya və Ukrayna arasında vasitəçilik missiyasından uzaqlaşdırmaqdan ibarətdir. İndi ABŞ-ın Rusiya ilə bağlı planları qarşısında əsas problem kimi məhz Türkiyənin vasitəçilik missiyasının dayandığı qətiyyən şübhə doğurmur.

Ona görə də, ABŞ və Qərb rəsmi Ankaranı Türkiyənin vasitəçilik missiyasını tamamilə bloklaya biləcək addımların atılmasına sövq etməyə çalışır. Bəzi məlumatlara görə, Ağ Ev rəsmi Ankaraya Türkiyənin arsenalında olan “S-400” zenit-raket kamplekslərini məhz Ukraynaya verməyi təklif edir. ABŞ hesab edir ki, Türkiyə bu addımı atarsa, Ukraynanın hava hücumundan müdafiə imkanları güclənə bilər.

s400_7QSxRDq.jpg (84 KB)

ABŞ bunun əvəzində rəsmi Ankaraya “F-35A” döyüş təyyarələrinin satışını təklif edir. Yəni, Ağ Ev özünün Türkiyəyə qarşı yaratdığı problemi məhz rəsmi Ankaranın maraqlarına sarsıdıcı zərbələr vura biləcək yolla həll etməyə ümid bəsləyir. Belə ki, Türkiyə “S-400”-ləri Ukraynaya verərəsə, bu silaha ödənmiş paralar havaya uçmuş olacaq. Çünki Ağ Ev onların dəyərini Türkiyəyə ödəmək niyyətində deyil.

Digər tərəfdən, rəsmi Ankara belə addım atarsa, bu, Rusiya-Türkiyə hərbi münaqişəsinə yol aça bilər. Çünki bu halda, rəsmi Ankara açıq şəkildə Ukraynaya hərbi dəstək vermiş dövlətlərin sırasına keçmiş olacaq. Üstəlik, Rusiyadan alınmış starteji silahın məhz bu ölkəylə müharibə vəziyyətində olan Ukraynaya ötürülməsi Kremlin Türkiyə ilə düşmənçiliyinə, hətta iki dövlət arasında hərbi münaqişəyə belə, yol aça bilər. Yəni, Ağ Ev rəsmi Ankaranı həm vasitəçilik missiyasından məhrum etməyə, həm də Rusiya ilə nə vaxtsa savaşa çevrilə biləcək düşmənçiliyə sürükləmək istəyir.

Ancaq Türkiyə rəsmi dairələrinin belə hiyləgər oyunlara imkan verəcəyi də qətiyyən inandırıcı deyil. Böyük ehtimalla rəsmi Ankara Ukrayna savaşına və Rusiyaya qarşı sanksiyalara münasibətdə hazırda izlədiyi siyasi xəttə sona qədər sadiq qalmağa çalışacaq. Bu baxımdan, yaxın gələcəkdə Türkiyənin ABŞ və Qərblə qarşılıqlı münasibətlərində müəyyən problemlərin yarana biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR