İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə 5-6 aya NATO-dan çıxacaq iddiası - kim kimə daha çox lazımdır?

949 28.01.2023 09:15 Siyasət A A

Türkiyədəki Vətən Partiyasının sədr müavini Etem Sancak ölkənin NATO-dan çıxmasını “zərurət” adlandırıb və hətta Türkiyənin yaxın 5-6 ay ərzində blokdan çıxacağını ehtimal edib. “Hadisələr bizi bu addımları atmağa məcbur edir. NATO öz təxribatları ilə bizi bu hərəkətləri etməyə məcbur edir... Türkiyə 5-6 aya NATO-dan çıxacaq”, - deyə “Aydınlık” qəzeti Sancakdan sitat gətirib.

Siyasətçi alyansın Türkiyənin Yaxın Şərqdə münaqişələrə cəlb etməyə çalışıldığını qeyd edib və İsveçdə Quranın yandırılması ilə antitürk aksiyasını xatırladıb. “NATO-dan çıxmaq təcili və məcburi hala gəldi” - deyib. O, həmçinin son vaxtlar Türkiyə əhalisinin Rusiyaya və Rusiya lideri Vladimir Putinə rəğbət bəsləməyə başladığını diqqətə çatdırıb. Yeri gəlmişkən, az öncə qardaş ölkədə keçirilən rəy sorğuları əhalinin mütləq əksəriyyətinin (92%) ABŞ-a rəğbət bəsləmədiyini, yarıdan çoxunun isə Rusiyanı (64%) dost ölkə saydığını üzə çıxarmışdı.

Yada salaq ki, Ankaranın tələbi ilə bugünlərdə Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı danışıqlar qeyri-müəyyən müddətə təxirə salınıb.

Bəs Türkiyə həqiqətənmi 5-6 aydan sonra NATO ilə üzülüşə bilər? 14 may seçkilərinin nəticələri bu xüsusda nə dərəcədə həlledici ola bilər? Kim kimə daha çox lazımdır - Türkiyə NATO-ya, yoxsa...

Əlavə edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Con Bolton az öncə məqaləsində bildirib ki, əgər Ərdoğan seçkilərdən qalib ayrılsa, Türkiyə NATO-dan çıxarılmalıdır.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Türkiyənin NATO-nu tərk etməsinin ciddi təhlükələrə yol aça biləcəyindən danışdı: “Şimali Atlantika Alyansı 4 aprel 1949-cu ildə Vaşinqtonda, 12 ölkənin - Böyük Britaniya, ABŞ, Fransa, Belçika, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç və Portuqaliyanın iştirakı ilə yaradılıb. NATO-nun cənub cinahını gücləndirmək məqsədilə 1952-ci il fevralın 18-də, Vaşinqton müqaviləsinin imzalanmasından üç il sonra Yunanıstan və Türkiyə də alyansa üzv qəbul edilib. Əslində Türkiyə və Yunanıstanın NATO-ya üzvlüyə qəbul edilməsinin bir ciddi səbəbi də həmin dövrdə Avropada və dünyanın başqa yerlərində kommunist ekspansiyası qorxusunun mövcud olması idi.

Bu həmin dövr idi ki, Sovetlər İttifaqının dəstəyi ilə Şimali Koreya Cənubi Koreyaya hücum etmişdi və belə bir dönəmdə Cənub-Şərqi Avropanın təhlükəsizliyini təmin etmək strateji əhəmiyyət kəsb edirdi. NATO-ya üzvlük təkcə vətəndaş müharibəsindən çıxmış Yunanıstanda kommunist təsirinin cilovlanmasına imkan vermədi, o həm də Türkiyəni Sovetlər İttifaqının strateji dəniz zolaqlarına çıxışla bağlı təzyiqlərindən azad etdi. Türkiyənin Koreya müharibəsində iştirakı da onun alyansa üzv qəbul edilməsi üçün səbəblərdən biri idi.

Bəs son dövrdə NATO ilə Türkiyə arasında nə baş verir? Türkiyə yerləşdiyi regionda NATO-nun aparıcı güc dövləti olan ABŞ-ın bir çox addımlarını dəstəkləmir və bu da Alyansla Türkiyə arasında qarşıdurma yaradır. Son illər bu qarşıdurma daha ciddi bir xarakter alıb. Türkiyənin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe, onun Rusiyaya qarşı Qərbin sanksiya kampaniyasına qoşulmaması, vəziyyəti bir qədər də gərginləşdirir. Artıq Türkiyənin Alyansdan çıxarılmasına dair Qərb rəsmlərinin çağırışları eşidilməkdədir. Türkiyənin özündə də bu çağırışlar getdikcə daha geniş hal almaqdadır.

Nə baş verir? Alyansın sıralarını tərk etmək üçün Türkiyənin yetərincə əsasları olsa da, onun bu təşkilatı indi tərk etməsi çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Çünki alyans həmin bu bölgədə Türkiyəni əvəz edə biləcək “yeni güc” axtarışına çıxacaq və onu mütləq “tapacaq”. Seçiləcək ölkənin ordusunun NATO standartları səviyyəsinə qalxması üçün lazım gələrsə, Qərb yüz milyardlarla dollar vəsait xərcləyəcək".

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov: “Türkiyə bu seçimə gedərsə...”

F.Yusifov qardaş ölkənin yolunun NATO olduğunu düşünür: “Türkiyənin NATO-dan ayrılıb batmaqda olan Rusiya ilə bir araya gəlməsi isə ona yaxşı heç nə vəd edə bilməz. Əvvəla, unudulmamalıdır ki, Türkiyə-Rusiya dostluğu tarix boyu mümkün olmayıb. Buna səbəb isə Rusiyanın heç kimlə dostluq etmək qabiliyyətində bir ölkə ola bilməməsidir. Rusiya-Türkiyə müharibələri 351 illik (1568-1918) bir dövrü əhatə edir. Bu dövrdə Rusiya ilə Türkiyə 69 il müharibə şəraitində olub. Orta hesabla cəmi 25 il bir rus-türk müharibəsini digərindən ayırıb. İki dövlətin strateji əməkdaşlığına baxmayaraq elə indinin özündə də bölgədə onlar arasında müxtəlif maraqlar səbəbindən hərbi toqquşmalar baş verir. Bu şəraitdə Türkiyənin yeganə real yolu Qərbdən, NATO-dan keçir. Onun Avropa İttifaqına üzv qəbul edilməməsinin səbəbləri isə tamamilə başqadır”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Türkiyəni NATO üçün əvəzsiz ölkə sayır: “Türkiyə Qərbin hazırda bir nömrəli düşməni olan Rusiyaya qarşı çəkindirici, Qərbin əzəli "şər" elan etdiyi İrana qarşı sipər olması, Qərbin enerji resursları ilə təminatında “mərkəzi koridor” funksiyası daşıması, xüsusilə Mərkəzi Asiya və türk dövlətləri ilə gələcəkdə artan enerji əməkdaşlığında müstəsna əhəmiyyət kəsb edən rolu səbəbilə NATO üçün əvəzsiz bir ölkədir. NATO bunu dərk edir. Lakin Qərbin “ikili standart”larından Türkiyə də öz payına düşəni alır və odur ki, artıq Qərbin tələblərini yerinə yetirmədiyi üçün Atlantik İttifaqından çıxarılmaqla hədələnir. Türkiyə NATO-nun “ikili standart”larına Qərbin Kipr məsələsinə münasibəti ilə hələ 20-ci əsrin 60-cı illərində şahid olmuş, 1974-də Türkiyənin Kipr əməliyyatı zamanı Qərbin silah embarqosu ilə üzləşmiş, odur ki, SSRİ ilə normallaşma prosesinə start vermişdi. Eyni zamanda Ərdoğanın 2000-ci illərdən etibarən Türkiyə hakimiyyətinin başında olması Qərbin tələblərini birbaşa rədd edərək, Türkiyənin maraqlarını ilk plana yerləşdirməsi kollektiv Qərbi narahat edir. Burada 2003-cü ildə Türkiyənin NATO-nun İraq əməliyyatına sərt qarşı çıxması, ölkəsinin ərazisini hərbi əməliyyatlar üçün plasdarma çevirməyə izn verməməsi, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Qərbin kollektiv çağırışlarına baxmayaraq, Rusiya ilə iqtisadi əməkdaşlığa davam etməsi, 2014-cü ildə Rusiyanın Krımı ilhaqı səbəbilə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaması, 2015-ci ildə “Uçak krizi” səbəbilə Rusiya ilə kəsilən münasibətlərini 2016-cı ildə hakimiyyətə qarşı çevriliş cəhdindən sonra bərpa edən Türkiyənin Rusiyadan "S-400"lər almaq haqda qərarı göstərilə bilər. O vaxt Türkiyə müvafiq olaraq ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini satın almaq istəmiş, Qərb isə buna qarşı çıxdığı üçün Türkiyə Rusiya alternativinə üz tutmuşdu. Lakin bundan sonra Türkiyəyə qarşı sanksiyalar (CAATSA) tətbiq olunmağa başladı.

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

Şəhla Cəlilzadə: “Qardaş ölkə üzərində Şərq-Qərb davası gedir”

Türkiyənin Rusiya ilə artan strateji əməkdaşlığı Qərbdə narahatlıq doğurmaqda və zaman-zaman Türkiyənin NATO-dan çıxarılması gündəmə gəlməkdədir. Bu ilk deyil. Hətta Ərdoğan da zamanında (2012-də) NATO-dan çıxıb Şanxay İqtisadi Təşkilatına qoşulacağı ilə Qərbə Şərq alternativini göstərirdi (hazırda Türkiyə ŞİT-də, sadəcə, “dialoq ortağı” statusuna malikdir). Bu açıqlamanı hətta o vaxt Qazaxıstan prezidenti olan Nazarbayev də dəstəkləmişdi. Ərdoğanın ən son Özbəkistan səfəri zamanı da eyni fikirləri səsləndirməsi Qərbin narahatlığını və həyəcanını daha da artırmışdı".

Ekspert olduqca vacib bir nüansa da toxundu: “Hazırda Türkiyə üzərində Şərq-Qərb davası gedir. Böyük ehtimalla, bu mübarizənin nəticəsi 14 may 2023-cü il tarixli seçkilərdə məlum olacaq. Əgər Ərdoğana alternativ blok qalib gəlsə, ehtimal ki, Qərb yönümündə Türkiyənin ciddi siyasət dəyişikliyi yaşana bilər. Bu, Qərbdə arzuolunan ssenaridir. ABŞ və NATO qətiyyən Türkiyənin itirilməsindən yana olmayıb, Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması ilə bölgədə mövqelərini bərpa etməyin tərəfdarıdır. Bununla Türkiyə yenidən ABŞ-ın "kukla dövləti" statusuna sahiblənə bilər. Hətta Almaniya belə bu statusdan qaça bilmədi, uzun müddət qarşı çıxsa da, ABŞ-ın sərt tələbləri qarşısında öz tanklarını Ukraynaya göndərəcəyini açıqlamalı oldu".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR