İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkanlı nənələrin “vəkili” barəsindəki bəraət hökmü qüvvədə saxlanıldı

1008 06.04.2023 14:23 Son xəbər A A

Bakı Apelyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə Türkan qəsəbə sakini, Natiq Məhəmmədsoyun bəraət hökmündə dövlət ittihamçısının verdiyi protestə baxılıb. Hakim İbrahim İbrahimli 3 uşaq atası olan Natiq Məhəmmədsoyun barəsindəki Xəzər Rayon Məhkəməsinin çıxardığı bəraət hökmünü qüvvədə saxlayıb.

Natiq Məhəmmədsoyun vəkili Cavad Cavadlı “Yeni Müsavat”a deyib ki, Natiq Məhəmmədsoyun işi üzrə Xəzər Raon Məhkəməsində 1 ildən artıq məhkəmə istintaqı aparılıb. İttiham tam şəkildə araşdırılandan sonra Natiq Məhəmmədsoyun günahsız olması qənaətinə gəlib: “Məhkəmənin 1 ildən artıq davam etməsinin obyektiv səbəbləri var idi. O zaman hakim Hüseyn Hüseynli 1 il ərzində çox diqqətlə, səbrlə məhkəməyə təqdim etdiyimiz hər bir detalı araşdırdı. Natiq Məhəmmədsoyun saxlanılması ilə bağlı ittihamları darmadağın edən bir çox qaranlıq məqamlar vardı. Həmin məqamlarla bağlı araşdırma aparmışdıq, videomateriallar əldə etmişdik. Həmin videolar və digər dəlil-sübutlar da təsdiq edirdi ki, Natiq Məhəmmədsoy ittihamda göstərilən vaxtda tamamilə başqa bir yerdə olub. Vəsatətlər verib “Təhlükəsiz Şəhər” kameralarından çıxarışların götürülməsi, anten məlumatlarının alınması, ekspertiza təyin olunması, əlavə şahidlərin dindirilməsini xahiş etmişdik. O zaman hakim Hüseyn Hüseynli obyektiv və qərəzsiz mövqe sərgilədi, günahsız bir Azərbaycan vətəndaşının, 3 övlad atasının barəsində ədalətli hökm çıxardı. Apelyasiya instansiyasında hakim İbrahim İbrahimli də ədalətli və obyektiv qərar verməklə ittiham üzrə günahsız Azərbaycan vətəndaşının qanunsuz həbsinə yol vermədi. Azərbyacan məhkəmələrində belə ədalətli və obyektiv hökmlərin, qərarların verilməsi bütövlükdə Azərbaycan məhkəmə-hüquq sistemi üçün olduqca vacib və önəmlidir”.

Vəkil qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsində daha bir üzrə bəraət hökmü qüvvədə saxlanılıb: “Bir Azərbaycan vətəndaşını barəsində oxşar iş aparılmışdı və Nərimanov rayon Məhkəməsinə göndərilmişdi. Nərimanov məhkəməsi araşdırmalardan sonra ittihamın əsassız olması qənətinə gələrək vətəndaş barəsində bəraət hökmü çıxarmışdı. Dövlət ittihamçısı isə həmin hökmdən protest vermişdi. İşə Bakı Apelyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baxıldı. İlkin instansiyada çıxarılan hökmün ədalətli olmasına dair qərar verildi. Hakimlərin cinayət işləri üzrə ədalətli mövqe sərgiləmələri müsbət tendensiyadır. Ümid edirik ki, ittiham tərəfi bəraət hökmlərindən apelyasiya protesti vermə praktikasından imtina edəcək”.

Qeyd edək ki, 55 yaşlı Natiq Məhəmmədsoy 2020-ci il martın 5-də saxlanıb, Xəzər rayon Polis İdarəsində barəsində cinayət işi başlanıb. Ona qarşı CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov onun barəsində həbs qərarı seçilməsi üçün məhkəməyə təqdimat verib. Bir gün sonra Xəzər rayon Məhkəməsinin hakimi Zaur Tağıyev təqdimata baxaraq təmin etməyib. Hakim Natiq Məmmədsoyun istintaq dövründə ev dustaqlığında olmasına qərar verib. Həmin gün Natiq Məmmədsoy məhkəmə zalından azad edilib. Baş Prokurorluq bu qərarın ləğvi üçün apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi protesti təmin etmişdi. Natiq Məhəmmədsoy torpaqları zəbt olunan Türkan qəsəbə sakinləri Əzizəxanım Atayeva və Xumar Şabanovaya vəkil tapmaqda, pozulmuş hüquqlarının bərpası üçün kömək etmişdi. Həbsindən əvvəl Natiq Məhəmmədsoy Baş Prokurorluğa gedərək bildirmişdi ki, 2 ahıl yaşda olan qadına köməklik etdiyinə görə ondan qisas alırlar. Natiq Məhəmmədsoy məhkəməsində də dəfələrlə bildirib ki, təqsirsizdir, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahın ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilərək, mülkiyyətlərindəki torpaq sahələri zəbt olunmuş 81yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın pozulmuş hüquqlarının bərpasında onlara yardım etdiyinə görə cəzalandırılıb. Natiq Məhəmmədsoy Türkan sakinlərinə vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə onlara yardım etmişdi.

E.Məmmədəliyev,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR