İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyuq əti bahalaşacaq –EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI

889 22.02.2024 16:23 Gündəm A A

Son günlər toyuq ətinin qiymətində müəyyən dəyişiklik hiss olunur. Gündəlik tələbat məhsulları sırasına daxil olan toyuq ətinin qiyməti 1-2 manat artıb. Bu qiymət artımı əhalinin məhsula olan tələbatı, məhsulun az istehsal olunması, yaxud idxalın az, ixracın üstünlük təşkil etməsi ilə bağlıdır? Gündəlik və illik quş əti tələbatımız nə qədərdir? Hazırda Azərbaycanda toyuq əti istehsalı və idxal-ixracı hansı səviyyədədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, fabriklərdə quş ətinin qiymətində artım yoxdur.

 

Onun sözlərinə görə, marketlərdə toyuğun qiyməti bəzi kiçik sahibkarlar tərəfindən artırılır: “Keçən il təzə kəsilmiş toyuq əti 4 manat 70 qəpik olub. Bu rəqəm indi də dəyişməyib. Lakin, diri toyuqların qiymətində artım müşahidə edilir. Bəzən sahibkarın kəsim sexi olmadığından toyuğu diri olaraq satır və onun qiymətində 20-30 qəpik artım var. Bu isə toyuğun saxlanma şəraiti və təmin olunan istiliklə bağlıdır. Qış mövsümü olduğundan, onları saxlamaq kifayət qədər xərc tələb edir. Bununla belə, önümüzdəki yaxın zamanlarda toyuğun qiymətində artım müşahidə edilmir. Çünki, ölkədə kifayət qədər yem və cücə ehtiyatı var. Təsadüfi deyil ki, biz xaricə damazlıq yumurta da ixrac edirik. Hazırda ölkədə damazlıq yumurta çoxdur və tələbatımızı ödəyir. Artıq qalanı isə xaricə ixrac etməklə, əlavə gəlir əldə edirik”.

Ekspert M.Həsənli əlavə edib ki, yaxın zamanlarda baş verməsə də, gələcəkdə ət məhsullarında qiymət artımının olması istisna deyil: “Çünki, biz bir fabrikdən bioloji fasilə olmadan istifadə edirik. Yəni, bir mövsüm fabrikdə quş saxlanır və daha sonra kəsilir. Amma, bunun üçün 20-21 gün fasilə verilməlidir. Yumurtalıqda isə bu müddət 6 aydır ki, yenidən quş qoya bilsin. Bu fasiləni biz təmin edə bilmirik. Ona görə də, quşun xəstələnməməsi üçün vaksindən istifadə edirik. Keçən ilin avqust-sentyabr ayından aidiyyəti qurumlara ölkədə kənd təsərrüfatı üçün yararsız, quraq və yaşam üçün əlverişsiz yerlərdə fabrik tikilməsi ilə bağlı dəfələrlə müraciət etdik. Fabrik ərazilərinin artırılması və onların bərpası ilə bağlı icazə istədik. Lakin, bu səylərimiz nəticəsiz qaldı. Bunun gələcəkdə bizə problem yaratması dəqiqdir. Qiymət artımı o halda baş verməz ki, hökumət bizə yeni tikililərə icazə versin. Digər tərəfdən, keçən illə müqayisədə əhalinin toyuq ətinə tələbatı 20 min ton artıb. Gələcəkdə bu rəqəm indikinin iki misli olsa, qiymət artacaq. Bizim illik toyuq əti istehsalımız təqribən, 130 min, istehlakımız isə 170 min tondur. İdxalımız 30 min ton civarındadır. Biz bu idxalın olmaması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Onlar ət istehsalı üçün lazım olan avadanlıqların yenilənməsi üçün subsidiya ayırıblar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR