İnsanlara hürriyət, millətlərə istiqlal!

“Total”ı Xəzərdən qovmaq mümkün olmur - Milli Məclis vaxtilə niyə o sənədə səs verib?

5850 22.11.2022 19:42 Gündəm A A

 

SOCAR Fransa şirkətinin saziş üzrə fəaliyyət(sizliy)inə dair hesabat hazırlamalıdır

Azərbaycan Milli Məclisində Fransa Senatının ölkəmiz əleyhinə qətnaməyə etiraz olaraq qəbul olunan bəyanatda bir sıra məsələlərlə, o cümlədən iqtisadi məsələlərlə bağlı çağırışlar edilib. Bu sırada Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması da var. 

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, 90-cı illərin ortasından başlayaraq Azərbaycanın neft-qaz layihələrinə Fransanın “Total”, “Elf Atiken”, “GDF Suez” şirkətləri qoşulub. Onlar həm kəşfiyyat, həm də hasilat layihələrinin iştirakçıları olub: “Fransanın xidmət şirkətləri həmçinin Azərbaycanın neft-qaz sənayesindən yetərincə qazanc əldə ediblər. Sonradan Azərbaycanda lövbər salmış ən iri enerji şirkəti “Total” oldu. Hansı ki, 2016-cı ildə Bakıda özünün fəaliyyətə başlamasının 20 illiyini qeyd edirdi.Və bu yubiley münasibəti ilə də Azərbaycan Dövlət Neft Şirkəti ilə 21 noyabr 2016-cı il il tarixində “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalamışdı”.

İlham Şabanov necə İlham Şaban oldu...

Ekspert bildirir ki, 2016-cı ildən bu yana Fransanın saylı neft-qaz şirkətinin nümayəndələri Azərbaycan prezidenti tərəfindən 7 dəfə qəbul edilib: “Ona görə ki, “Şahdəniz”dən sonra Azərbaycanın ən böyük qaz yatağı olan “Abşeron” həm artan daxili tələbatın ödənilməsində, həm də xarici bazarlara Azərbaycanın çıxartmaq istədiyi əlavə qaz həcmlərinin əsasını təşkil edən resursdur.

“Abşeron” layihəsi üzrə Hasilatın Pay Bölgüsü sazişi  27 fevral 2009-cu ildə imzalanıb. 2011-ci ilin sentyabrın əvvəlində isə ilk kəşfiyyat quyusu ilə Xəzərin 500 metrdən çox dərinliyində yeni qaz-kondensat yatağının açılması baş verib. Yataq açılandan sonra aradan 11 ildən çox bir vaxt keçib və hələ də ilk qaz hasil edilməyib. Bilirsiniz niyə? Çünki Fransa şirkəti yataq açılandan sonra Azərbaycan tərəfi ilə layihənin necə işlənəcəyinə dair uzun-uzadı mübahisələrə baş vurub. Halbuki buna ehtiyac da yox idi, çünki SOCAR-ın gətirdiyi məntiqi dəlillər inandırıcı və kommersiya risklərinin minimuma endirilməsi baxımından tutarlı idi. “Total” isə qaz vurub qazan doldurmaq prinsipini göz altına almışdı. Mübahisə predmeti isə ondan ibarət idi ki, Fransa şirkəti “Abşeron” yatağının ilk mərhələsində çıxarılacaq qazın Azərbaycanın daxili bazarında nisbətən ucuz satılmasına heç meylli deyildi, onunku Avropa bazarına uyğun qiymətlər idi. 

Soruşa bilərsiniz ki, bəs necə oldu sonda kommersiya sazişini imzaladı? Siz tarixə fikir verin – düz 5 il bir layihənin şərtləri üzərində mübahisə edən şirkət 2016-da ona necə deyərlər, can-başla qolunu qoymaq qərarına gəlir. Niyəsi isə ondan qaynaqlanırdı ki, dünya bazarlarında həmin il neft 30 dollardan ucuz qiymətə ticarət edilməyə başladı və təbii ki, qaz qiymətləri də beynəlxalq bazarlarda kifayət qədər ucuzlaşdı. Vəziyyətin dumanlı olduğunu görən “Total” Azərbaycan tərəfinin təkliflərinə razılığını verdi. Bu təkliflər isə həqiqətən cəlbedici idi. Çünki çıxardığı qazı faktiki olaraq quyu ağzındaca SOCAR-a fiksasiya edilmiş qiymətə satacaq. Avropada istər qazın qiyməti hətta 10 dollara düşdüyü halda belə, o öz qazına “Abşeronun” ilkin mərhələsi üçün nəzərdə tutulan kapital qoyuluşunu çıxartmaq və müəyyən mənfəətə nail olmaq şərtlərinə əməl olunması ilə gəlir əldə edəcək. Yəni yatırımları tam sığortalanıb. İkinci bir tərəfdən, onun gəliri təkcə qazla məhdudlaşmır axı? Hasil ediləcək kondensat həcmləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə qlobal bazara çıxarılacaq və dünya qiymətləri ilə satılacaq. Təbii ki, bundan “Total” da mənfəətdə olacaq. Bu şirkət Bakı-Tiflis-Ceyhan boru kəmərinin 5 faiz səhmlərinə sahib kimi illik milyonlarla divident də əldə edir”. 

İ.Şabanın sözlərinə görə, ilk qazı “Şahdənizdən” 7 ilə çıxartmaq üçün BP şirkətinə hər şeyi sıfırdan yaratmaq lazım olmuşdu: “Amma “Total” üçün bunu reallaşdırmağa nə sahildə terminal tikmək gərək deyildi, nə mürəkkəb sualtı birləşmələr və həmçinin bahalı texnoloji platforma yaratmağa ehtiyac yox idi. Sadəcə, lazımi investisiya qoymaq və işləmək lazım idi. Çünki platformada hasil etdiyi qazı “Neft Daşları” yatağında SOCAR öz qaz nəql sisteminə qəbul edəcəkdi. İndi sual edirəm: Sizcə “Total”ın Azərbaycana olan münasibətini necə qiymətləndirmək olar”?

Bütün bunlara baxmayaraq, ekseprtə görə, hökumət qısa zamanda   “TotalEnergies” şirkətinin “Abşeron” qaz layihəsində iştirakına yenidən baxa bilməz: “Çünki “Abşeron” layihəsi üzrə 2009-cu ilin 27 fevral tarixində imzalanan müqavilənin tipi Hasilatın Pay Bölgüsü Sazişidir. Yəni bu tip müqavilələr icra olunmağa başlamazdan əvvəl Azərbaycan parlamentində təsdiq edilir və Prezident tərəfindən, həmçinin SOCAR-la layihə iştirakçıları arasında müqavilə sahəsinin təhvil-təslim aktı imzalandıqdan sonra hüquqi qüvvəyə minir”. 

Azərbaycan hökuməti ”Abşeron” layihəsinə müdaxilə edə bilərmi? İ.Şabanın fikrincə, hökumətin SOCAR-dan həmin layihənin icrası ilə bağlı müfəssəl hesabat tələb etmək hüququ var: “Sazişə əsasən dövlətin mənafeyini SOCAR müdafiə etməlidir. SOCAR-dan xarici tərəfdaşın dövlətin mənafelərinə uyğun fəaliyyət göstərib-göstərmədiyinə dair hesabat alına bilər. Bu hesabatın əsasında İqtisadiyyat Nazirliyinə göstəriş verilə bilər ki, ilk qazın çıxarılmasının bir neçə dəfə yubadılması (əvvəlcə ilk qazın çıxarılması 2019-cu ilin ilk rübünə hesablanmışdı, sonra 2021-ci ilə keçirildi, daha sonra 2021-ci ilin dekabrında Prezidentlə görüşdə Fransa şirkətinin vitse-prezidenti bunun bir ilə ərsəyə gələcəyini bəyan etdi, indi isə 2023-ə hədəflənib) və indiyə qədər çıxarılmaması səbəbindən Azərbaycana dəymiş ziyan hesablansın. Həmin qiymətləndirilmə əsasında hökumət “Abşeron” layihəsinin icrasına cavabdeh şirkətin cərimələnməsi haqda qərar çıxarda bilər. Ancaq bu da o demək deyil ki, belə bir qərar düşdüyümüz ziyanın ödənilməsində məhz Fransanın enerji nəhənginə yönələcək. Məsələ burasındadır ki, “Azəri-Çıraq-Günəşli”  və “Şahdəniz” layihələrinin idarəedilməsində olduğu kimi (operator - bp), burada da hər şeyə cavabdeh bir oyunçu deyil. İş burasındadır ki, “Abşeron” layihəsinin həyata keçirilməsini JOCAP (Joint Operating Company Absheron Petroleum) adlı əməliyyat şirkəti həyata keçirir və orada istər payçı qismində, istərsə də idarəçilikdə SOCAR və “TotalEnergies” şirkətləri bütün riskləri, səlahiyyətləri 50/50 faiz qismində bölüşürlər. Bu baxımdan elə düşünməyin ki, “Total”a təpinib onu motal kimi döyəcləsək, həm ürəyimiz soyuyacaq, həm də işlərimiz bundan sonra daha sürətlə irəliləyəcək və “Abşeron-2” layihəsindən də 2027-ci ildə ilk qazımızı çıxara biləcəyik. Təbii ki, hazırda hamını düşündürən bir sual var: bəs “Abşeron-1” layihəsindən qaz nə vaxt çıxarılacaq? Onun cavabını Fransa şirkəti açıqlamırsa, hökumət ictimailəşdirə bilər. Millət vəkilləri də o zaman 2009-da Milli Məclisdə təsdiqlədikləri və qanun şəklini almış, Fransa şirkəti tərəfindən indiyə qədər ictimaiyyət üçün açıqlanmayan müqaviləni (bp nəinki hasiıat müqavilələrini, hətta BTC ilə bağlı sənədləri də öz saytında ingilis və Azərbaycan dillərində yerləşdirib) bir vərəqləyib tanış olardılar ki, SOCAR-ın xarici tərəfdaş(lar)ı nəyi zamanında həyata keçirir, nələri isə vaxtında başa çatdıra bilmir”. 

Qeyd edək ki, “TotalEnergies” şirkətinin maliyyə göstəriciləri kifayət qədər yüksəkdir. 2021-ci ili şirkət 2007-ci ildən bəri ən yüksək xalis mənfəətlə - 16 milyard dollarla başa vurub. Şirkət 2022-ci ildə çalışdığı regionlarda 14-15 milyard dollar investisiya yatırımı planlaşdırıb. Bu ilin ikinci rübündə “Total”ın xalis mənfəəti ötən ilin eyni dövründəki 2,21 milyard dollara qarşı 5,69 milyard dollar təşkil edib. Ümumi dövriyyəsi isə keçən ilki 47,05 milyard dollara qarşı 74,77 milyard dollar olub. Halbuki hasilat həcmləri keçən ilkindən demək olar ki, fərqlənməyərək 2,74 milyon barel neft ekvivalenti təşkil edib. 

Sentyabr ayında “Total” Qətərdə nəhəng qaz yatağının işlənməsində iştirak üzrə müqavilə bağlayıb. Müqaviləyə əsasən Fransa şirkəti qaz hasilatına 1,5 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüb. İyun ayında isə Qətərdə ümumi dəyəri 29 milyard dollar olan başqa bir layihənin 6,25 faizinə sahiblənib. 

Bundan əlavə, “Total” İtaliyanın Eni şirkəti ilə birlikdə Türkiyənin maraqlarını nəzərə almadan Yunan Kipri ilə ada yaxınlığındakı ərazilərdə geoloji kəşfiyyat işləri həyata keçirir. Avqusta ayında şirkətlər 70 milyard kubmetr ehtiyatı olan qaz yatağı aşkarladıqlarını bəyan ediblər. 

Geniş maliyyə imkanlarına malik şirkətin Azərbaycandakı layhihəyə pul tapa bilməməsi qətiyyən real görünmür. Bu isə o deməkdir ki, Fransa şirkətinin “Abşeron”da hasilatı yubatması məqsədyönlü fəaliyyətdir. Fransa Senatında qəbul edilən qətnamədə Azərbaycandan neft-qaz alışına qadağa qoyulmasına çağırışın arxasından dövlətin ən böyük şirkətlərindən biri olan “Total”ın maraqları çıxarsa, təəccüblü olmayacaq. İndiki halda – Avropanın Rusiya neft-qazından imtina etdiyi bir zamanda bu çağırışın hər hansı nəticəsinin olacağı real deyil. Hətta Fransanın öz şirkətləri belə Azərbaycandan neft alışını davam etdirəcəklər.

Sadəcə, Fransa hakimiyyətində rıçaqları olan böyük şirkətlərin erməni kartından ölkəmizdə öz maraqlarını təmin etmək üçün təzyiq olaraq istifadə etdikləri şübhəsi getdikcə artır. Bu ilin aprelində 7 mindən yuxarı iri Fransa şirkətini birləşdirən Fransa Sahibkarlar Təşkilatı – “MEDEF International”ın direktoru Filip Qotyenin rəhbərlik etdiyi, müxtəlif sahələrdə fəaliyyət göstərən 15-dən çox fransız şirkətinin təmsil olunduğu nümayəndə heyəti Azərbaycana gəlmişdi. Bu isə o deməkdir ki, Fransa şirkətləri azad olunan ərazilərdə həyata keçiriləcək böyük tikinti-bərpa işlərində iştirak etməkdə maraqlıdılar. Görünür, Azərbaycan hökuməti Vətən Müharibəsində Fransa Prezidentinin tutduğu mövqeyi nəzərə alaraq, onların istəklərinə müsbət cavab verməyib...

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR