İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayevin “Əmanət”i seçkidə xəyanət edibmi?

715 23.03.2023 13:38 Gündəm A A

Yeni parlamentdə  6 partiyanın təmsil olunacağına baxmayaraq, bir sıra ekspertlər konkret olaraq heç nəyin dəyişmədiyini düşünürlər

Qazaxıstanda seçkilərdə iştirak edən yeddi siyasi partiyadan altısı parlamentinin aşağı palatasında (Məclisdə) mandat qazana bilib.  Hakim “Əmanət” (“Amanat”,  keçmiş “Nur Otan”) partiyası inamlı qələbə qazanıb. Birmandatlı dairələrdə onun nümayəndələri, eləcə də hakimiyyətlə əlaqəli namizədlər qalib gəlib. Gözlənilir ki, “Əmanət” hazırkı baş nazir Əlixan Smailovun yenidən bu vəzifəyə təsdiq edilməsini təklif edəcəklər.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev son seçkiləri ölkənin “siyasi sisteminin yenilənməsinin layiqli sonluğu” adlandırıb. Prezidentin sözlərinə görə, aparılan islahatlar iqtisadi artıma və əhalinin gəlirlərinin artmasına yol açır. “İslahatlar davam edəcək. Biz hərtərəfli inkişaf etmiş və güclü dövlətə çevriləcəyik”, - deyə Tokayev bildirib.

kazakhstan_elections_090619_2.jpg (86 KB)

Seçkilərə yüksək qiymət verən prezident amma 12 milyon seçicidən yalnız 54 faizinin səs verdiyini yada salmayıb. Bölgələrdə fəallıq yüksək, böyük şəhərlərdə isə ənənəvi olaraq aşağı olub. Alma-Atada seçicilərin cəmi 25%-i səsverməyə gəlib.  

ATƏT missiyasının nümayəndələri seçkilərdə şəffaflığın olmadığını bildiriblər. “Bəzi siyasi qrupların hələ də siyasi partiya kimi seçkilərdə iştirakına icazə verilmir. Siyasi arenada rəqabət  yaranmasına baxmayaraq, müxtəlif inzibati maneələr bəzi namizədlərin təşviqat imkanlarına mənfi təsir göstərib”, - ATƏT-in Qısamüddətli Müşahidə Missiyasının rəhbəri İrene Çaralambides Astanada mətbuat konfransı zamanı bildirib. 

Parlamentin yeni çağırışında 3 partiya əvəzinə 5%-lik baryeri aşan 6 partiyanın təmsil olunacağına baxmayaraq, bir sıra ekspertlər konkret olaraq heç nəyin dəyişmədiyini düşünürlər. Qazaxıstanda əsas siyasi qüvvə yenə də 53,9% səs toplayan “Əmanət” partiyası olacaq. Onun siyasi rəqibi 8,41 faiz səslə “Ağ Yol” partiyası ola bilər. Müvafiq olaraq 10,9% və 8,59% səs toplayan “Ayıl” və “Respublikа”, çox güman ki, siyasi blok yaradacaqlar. Qalan partiyalar müəyyən edilmiş 5%-lik baryeri çətinliklə keçiblər. Beləliklə, parlamen əvvəllər olduğu kimi yenə prezidentin nəzarətində qalacaq.

129017063_gettyimages-1248298819 (1).jpg (23 KB)

Xəzər Strateji Tədqiqatlar İnstitutunun regional layihələr üzrə direktoru Yuri Solozobov “Nezavisimaya qazeta”ya bildirib ki,  Qazaxıstanda baş verən yanvar hadisələri göstərdi ki, “güc və xalqın birliyinə” sonsuz inanmaq olmaz. Ona görə də Tokayev və komandası bundan müvafiq nəticə çıxardı, Şərqi Avropanın vaxtilə sosialist ölkələrində tanınan xalq demokratiyası yolunu tutdu. Məsələn, Almaniya Demokratik Respublikasında təkcə parlamentə nəzarət edən partiya yox, həm də kiçik nümayəndəliyi olan bir sıra başqa partiyalar da var idi. Bu heç kimi narahat etmirdi. Əksinə, çevik şəkildə kursu dəyişməyə, yeni ideyalar irəli sürməyə imkan verirdi”, - deyə, politoloq qeyd edib. Solozobovun sözlərinə görə, bu, əlverişli modeldir.

Qazaxstanlı politoloq, Riskin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev isə hesab edir ki, “Əmanət” partiyasının qələbəsi ölkədə  heç nəyin dəyişmədiyinin təsdiqidir. “Parlamentdə köhnənin eynisidir,  dəyişən yalnız sifətlərdir” deyə,  o bildirib. 

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR