İnsanlara hürriyət, millətlərə istiqlal!

"TikTok"un Azərbaycan seqmentində qadın alveri iddiası

1149 30.08.2023 12:10 Siyasət A A

Ekspertlər bu sosial şəbəkənin bağlanmasını deyil, yeni qanunun qəbulunu təklif edir

Sosial şəbəkələrin insan həyatına, cəmiyyətin psixologiyasına təsirləri zaman keçdikcə özünü daha qabarıq şəkildə göstərməkdədir.

Bəzən qəbul edilməyən, hətta ictimai ittiham obyekti olan müəyyən hərəkətlər, davranışlar belə müxtəlif platformalarda gün ərzində dəfələrlə insanın qarşısına çıxaraq şüuraltına təsirsiz ötüşmür. Bunun nəticəsində mənəvi təhdidə çevrilən video və paylaşımların sürətlə yayılan, təkrarlanmış müxtəlif variantlarının şahidi oluruq. Bakı-xeber.com yazır ki, 2016-cı ildən sosial mediaya daxil olan, qısa müddətdə istifadəçilərinin sayı sürətlə artan platformalardan biri də “Tik-Tok”dur.

Bu illər ərzində “Tik-Tok” artıq dövlətimiz üçün ciddi təhlükə mənbələrindən birinə çevrilib. Bununla yanaşı, “Tik-Tok” müəyyən pis vərdişlərə təhrik, insan alverini əlçatan edən, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışların virtual məkanı olub. Bəli, bu platformada qadın alveri açıq formada həyata keçirilir. Belə ki, yüngül həyat tərzi yaşayan xanımlar bu platforma da öz hesabları vasitəsilə hansı qiymətə görüşəcəklərini elan edirlər. Qeyd edək ki,  “Tik-Tok”da bu kimi paylaşımlar yetərincədir.

Yeri gəlmişkən, “Tik-Tok” platformasını yaradan Çinlə yanaşı ABŞ və bəzi Avropa ölkələri , Türkiyə həmin şəbəkədən istifadə üçün müəyyən qadağalar tətbiq edib. Pekində orta yaşlılar gecə 22:00-dan səhər saatlarına qədər “Tik-Tok”dan istifadə edə bilməzlər. Çünki Çin öz yaratdığı sosial şəbəkənin psixologiyaya və əmək fəaliyyətinə necə təsir etdiyindən xəbərdardır. Türkiyədə isə 12 yaşa qədər uşaqların bu sosial şəbəkəyə girişi qadağandır. 12-15 yaş arası uşaqların gün ərzində 30-40 dəqiqə istifadə etmək hüquqları var. Bir çox müsəlman ölkələri isə bu platformaya girişi qadağan edib.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, “Tik-Tok” uşaqlar üçün təhlükəlidir: “Bir müddət əvvəl "Tik-Tok" rəsmiləri ilə görüşmüşdüm. Onlar özlərindəki statistikaya əsasən, Azərbaycanda 3 milyon “Tik-Tok” istifadəçisi olduğunu bildirmişdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Düşünürəm ki, “Tik-Tok”la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdır. Uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir. Baxmayaraq ki, “Tik-Tok”  rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir. Yenə də o fikirdəyik ki, uşaqlar və yeniyetmələr üçün “Tik-Tok” məhdudlaşdırılmalıdır. Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir. Amma ciddi hüquqi əsaslar olmadan bu platformaya qarşı bloklanma doğru olmazdı. Digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə  bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı".

Peşə təhsilinin inkişafı üçün edə biləcəklərimiz - hər şey dövlətdən  asılıdır?

BDU-nun Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki,  “Tik-Tok” sosial şəbəkəsi Çində yaransa da, bu ölkədə çoxdan qadağalar var: “Çində digər sosial şəbəkə vahidləri ilə bağlı həm uşaqlar, həm də böyüklər üçün vaxt məhdudiyyətləri, limitlər var. Çünki  "Tik-Tok" sosial şəbəkəsi çox güclü təsirə malik olan, nəzarət mexanizmi çətin olan bir sosial şəbəkə vahididir. Ona görə də Çində uşaqlarda müxtəlif xəstəliklər yarandığı aşkara çıxıb. Bununla bağlı psixoloqların müəyyən etdiyi bir xəstəlik də var. Buna bəzən klip düşüncəsi də deyilir. Belə olduqda bu insanlar ancaq fraqmental düşünə bilirlər və sağ beyin yarımkürəsi zədələnir. Onlarda artıq riyazi-məntiqi düşüncə zəifləyir. Hətta bəzi ölkələrdə sosial şəbəkələrdən asılılıqla bağlı müalicəvi xəstəxanalar var. Burada söhbət yalnız “Tik-Tok” sosial şəbəkəsindən də getmir. Bütün sosial şəbəkələrdən gedir. Hətta böyüklərə də mənfi təsir göstərdiyinə görə bəzi ölkələrdə vaxt məhdudiyyəti tətbiq edilir. Bəzi Avropa ölkələrində də dövlət qulluqçularının sosial şəbəkələrdən istifadə etməsi yasaqlanıb. Bu həm onların iş keyfiyyətinə, həm də davranış pozuntularına səbəb yaratdığı üçün yasaqlanıb".

Sosioloq əlavə edib ki, “Tik-Tok”da əxlaqa, hüquqa zidd paylaşımların olması qlobal səviyyədə narazılığa səbəb oldu: “Türkiyədə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb və qüvvəyə minib. Çox yaxşı olardı ki, sosial şəbəkə vahidlərinə nəzarət mexanizmini tənzimləyən qanunvericilik Azərbaycanda da öz həllini tapsın. Necə ki, qardaş Türkiyədə, Asiya, Avropa ölkələrində öz həllini tapıb. Sosial şəbəkə vahidləri ilə bağlı yeni qanun qüvvəyə minməlidir. Hədsiz dərəcədə əxlaqa zidd davranışlar sərgilənir, paylaşımlar edilir. Hətta cinayət əməlləri təşviq olunur. Qanunsuz malların satışı ilə bağlı orada paylaşımlara rast gələ bilərsiniz. Çox təəssüf ki, Azərbaycan qadınına yaraşmayan hərəkətlərə yol verilir, nalayiq, vulqar ifadələr, jarqonlar, söyüşlər işlədirlər. Eləcə də həddi-buluğa çatmayan uşaqların əxlaqa zidd paylaşımları var ki, bu qəbuledilməzdir. Burada ailələr tərəfindən nəzarət mexanizmi gücləndirilməlidir. Ümumiyyətlə, nə qədər ki qanun qəbul edilməyib, heç olmasa valideynlər özü sosial şəbəkə vahidlərinə diqqət etməlidirlər. Amma fikrimcə, burada daha sərt tədbirlərə ehtiyac var. Qanunvericilik bazası formalaşdıqdan sonra adekvat tədbirlər görülə bilər. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun qəbul ediləcək. Çünki bu sosial şəbəkələrdə kifayət qədər kütlə formalaşıb. Artıq onlar ictimai rəyə təsir gücünə malikdirlər. Biz bunun vaxtında qarşısını almasaq, bunun psixoloji fəsadları daha böyük ola bilər”.


54233326-ce90-4d04-a7ea-efec7dbbb728.jpg (39 KB)

Ülviyyə Murtuzova 

Psixoloq Ülviyyə Murtuzova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, böyük ordu cahil, əxlaqsız düşüncənin ardınca getdikcə çevrə böyüyür və böyük şəbəkə adını alır: “Əslində "Tik-Tok" dediyimiz şəbəkəyə pozğunluq yuvasıdır demək də düzgün deyil. Bura böyük, mötəbər insanların da səhifələrinin olduğu bir platformadır. Bunu çirkləndirən, əxlaqsızlığa sürükləyən, özlərini apara bilməyən insanların məskəninə çevrilməsinə təkan verən də bizlərik. O insanlara diqqət yetirdikdə qrammatik psixi dəyişikliklərin, aqressiyanın, stresli vəziyyətlərin, hətta konflikt dolu münasibətlərin ortaya çıxdığını görürük. Bu insanlar təcrid olunmuş, zamanla heç bir formada özlərini idarə etməkdə bacarığı olmayanlar, tərk edildiklərini düşündükdə şiddətlə reaksiya verənlər, bunlar özünə zərər verən və başqasının zərər verməsində maraqlı olan insan kütləsinin yaratdığı bir münasibətdir. Təbii ki, bunun üçün dur demək lazımdır. Bunun üçün axın qarşısında mütləq sərhədlər olmalıdır. Onların başqa insanların ictimai publik statusuna ləkə salmalarına imkan verilməməli, dar düşüncəli, psixoloji və psixi pozuntuya sahib olan insanlara şərait yaradılmasına imkan verilməməlidir. O, gələcəkdə çox ciddi problem yaradacaq. Çünki burada psixi dəyişikliklər var, qorxuducu, bezdirici hallar var. Burada ən yaxşı üsul insanların belə adamları boykot etməsidir. Platformanı bir neçə şəxsə görə bağlamaq doğru deyil. Əslində buna qarşı sivil formada mübarizə aparmaq lazımdır".

Son dövrlər “Tik-Tok”la bağlı yaranan bütün bu narazılıqlarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə də müraciət etdik. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə cavab olacaq. Cavab olduğu zaman dərc edəcəyik .

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR