İnsanlara hürriyət, millətlərə istiqlal!

Təzə pirimiz mübarəkdir

2016 11.03.2023 09:41 Yazarlar A A

Din xadimi, tanınmış molla rəhmətə getmişdir, camaat da onun qəbrini pirə, ocağa, ziyarətgaha çevirmək istəyir, başa düşmürəm burda nə pis hərəkət vardır. Ölkəmizin çox yerlərində, o cümlədən xaricdə azərbaycanlılar yaşayan ərazilərdə belə müqəddəs ocaqlar çoxdur.

Məsələn, xalqımızın inancına görə, Bakıdakı Bibiheybət məscidi ərazisində 7-ci imam Kazımın bacısı Həkimə xanım dəfn edilmişdir. Goranboyun Səfikürd kəndində ağac piri var. Beyləqanda Cərcis peyğəmbərin qəbri məşhur ziyarətgahdır. Orda tavandan bir zəncir asılıb. Arvad xeylaqları yaylığı açıb zəncirə tullayırlar, əgər zəncir yaylığı tutub saxlasa niyyət yerinə yetir. Uşağı olmayan övlada çatır, fiziki qüsurlu şəxslər yeriyir, korlar görür, baxtı bağlananlar ərə gedir, yazı yaza bilməyən jurnalistlər “Qızıl qələm” mükafatı alır və sairə.

Qaxın İlisu kəndində “Qoz piri” var, ora da adından göründüyü kimi, övlad üzünə həsrət qalanlar üçün ən uyğun, məsləhətli obyektdir. Bundan başqa, Qusarda yağışı dayandıran Piral pirini, Laçında gec yeriyən körpələrin ayağını açan Yeridaş pirini, Şahbuzdakı Süddünənə (doğrusu bunun əsas istifadə istiqamətini dəqiq bilmirəm, yalnız ehtimallarım var, ümid edirəm alimlərimiz şərh yazar), Füzulidəki İbeyi-İrbaham, Novxanıdakı Ağdağ, Borçalıdakı Dağdağan pirlərini də saya bilərik. Maşallah, pirlərimiz çoxdur. Hamısını saymıram, çünki sübut olunmuş inanca görə, pirlərin hamısını sayan adamın əli quruyur.

Sadəcə, bu pirlərin bəziləri insan qəbirləri üzərində tikilibdir və biz o adamların çoxunu heç şəxsən tanımırıq, yalnız ehtimallara söykənirik. İndi əgər bir nəfər nağd şəkildə tanıdığımız, üstəlik müsbət imicli şəxsiyyətin məzarı pirə çevrilirsə, niyə buna ağız büzürlər? Əksinə, müsbət yanaşmalıyıq. Pirin düzəldilməsi işlərinə dövlət orqanları da qarışsa, lazımi işçilərlə, yol və avadanlıqla təmin etsələr lap yaxşı olardı. Tarix göstərdi ki, pir və ziyarətgahlar olmadan biz yaşaya bilmərik. Pirlər haqda qanun qəbul olunmağı da yaxşı olardı.

Baxın, mən baxanı deyiləm, ancaq danışırlar ki, hazırda televizorda veriliş gedir, nənə-babaları evləndirməyə çalışırlar. Həqiqətən, çox ayıb işdir. Nənə niyə evlənir? Zəhmət çəksin nəvələrə baxsın. Nağıl danışsın. Baba isə dominodan-zaddan oynasın, arada Türkiyədəki seçkiləri müzakirə etmək şərtiylə. Halbuki qabaqlar efirdə pirlər, ocaqlar haqda yaxşı, maraqlı verilişlər gedərdi. Mən birinə baxmışdım, müxbir pirə girəndə göydən yaşıl işıq düşürdü. Yeri gəlmişkən, çox adamın xəbəri yoxdur, Azərbaycan Əqrəb bürcünün altında yerləşir.

Bəzi xalqa zidd lotular deyir ki, guya pir, ziyarətgah xalqa ziyandır, cahillik, nadanlıq yayır, elmi əsası yoxdur və sairə. O zaman mən soruşuram: əgər cinlər yerin altında şıllaq atmasa, zəlzələ necə olar? Fay xətti, maqma, nə bilim, çat belə getdi... Özünüz heç olmasa öz yalanlarınıza inanırsınız?

İranda bir şamla hamamı yüz ildir nə cür qızdırırlar? Bakı yaxşı yerdisə, dağdağan burda niyə bitmir? Yer kürə şəklindədirsə, niyə biz bunun qırağına çıxanda yıxılmırıq?

Elmlə dini qarşı-qarşıya qoymaq səhvdir, çünki biz son illər elmin aciz qalmasını dəfələrlə müşahidə etmişik, təkcə koronanı yada salıb susuram. Din isə heç vaxt aciz qalmır. Dindar alimdən fərqli olaraq hər şeyi dəqiq bilir, əmindir, rahatdır. İçində lənətə gəlmiş şübhə toxumu yoxdur. Xəstəxanaya gedirik, guya oxumuş tipin biri bizi şikəst eləyir, anamızı ağladır, üstəlik cibimizə girir, dərimizə saman təpir, ancaq pirə gedirsən, yüngülvari nəzirini verirsən, vəssalam.

Allah hamının nəzirlərini qəbul eləsin, inşallah. Amin. Yazını yazdı Zamin.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR