İnsanlara hürriyət, millətlərə istiqlal!

Texas ştatı Ağ Evə tabe olmaqdan imtina edir -ABŞ-da nə baş verir VİDEO

1434 28.01.2024 19:24 Dünya A A

ABŞ-ın Texas ştatının səlahiyyətliləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hələ 2023-cü ildə Meksika ilə sərhədə tikanlı məftillərdən hasar çəkiblər.

Musavat.com Amerika mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası hasarın götürülməsi üçün Ali Məhkəməyə müraciət edib.

Məlumata görə, məhkəmə hasarın götürülməsi barədə qərar verib. Lakin ştat hakimiyyəti məhkəmənin və Ağ Evin qərarına qəti şəkildə etiraz edir.

Qeyd edək ki, bundan əvvəl Texas ştatının hakimiyyət orqanları Meksika ilə sərhədi bağlayıb. Bu, Milli Qvardiya ilə federal hakimiyyət orqanları arasında toqquşmaya səbəb olub. Belə ki, birincilər yerli əhalinin əziyyət çəkdiyi miqrant axınını dayandırmaq istəyir, ikincilər isə qanuna tabe olmağı tələb edirlər.

Texas qubernatoru Qreq Ebbot isə tikanlı məftillərin quraşdırılmasına səbəb kimi miqrantların “işğalını” və özünümüdafiə tədbirlərini göstərib. Onun sözlərinə görə, Texas öz siyasətini həyata keçirəcək, çünki ölkə hakimiyyəti sərhəd mühafizəsinin öhdəsindən gələ bilmir.

Artıq ştatda sərhədi qanunsuz keçməkdə şübhəli bilinən şəxslərin həbs edilməsinə, mühakimə olunmasına, habelə məhkəmə qərarı ilə ölkədən deportasiya edilməsinə icazə verən qanun var.

Vaşinqton isə Texas hökumətinin hərəkətlərini konstitusiyaya zidd adlandırır.

"CBS News"un verdiyi məlumata görə, vəziyyət yanvarın əvvəlində ştat rəsmilərinin ABŞ federal Sərhəd Patrul agentlərinə sərhədyanı Eagle Pass şəhərində patrul etməsini qəfil qadağan etdikdən sonra gərginləşib. Belə ki, üç həftədir federal hökumət və Texas rəsmiləri Eagle Passdaki Şelbi Parkı üzərində mübahisə edir.

Şelbi Parkda Texas mühafizəçiləri qeyri-qanuni yollarla ABŞ-a daxil olmağa çalışan miqrantların qarşısını almaq üçün maneələr qurub və onlara Rio Qrande çayı üzərindən Meksikaya qayıtmağı əmr ediblər. Texasın İctimai Təhlükəsizlik Departamenti də bu yaxınlarda parka girən bəzi miqrantları həbs etməyə başlayıb və onları sərhədi pozmaqda ittiham edib.

Məlumata görə, demokratlar Baydendən Texas Milli Qvardiyasını öz nəzarəti altına almağa və sərhəddən uzaqlaşdırmağa tələb edirlər. Digər tərəfdən, artıq 25 Respublikaçı ştat Texası açıq şəkildə dəstəkləyib. Cənubi Dakota qubernatoru Kristi Noem Texasa məftillər verməyə hazır olduğunu açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR