İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandakı səfirliyimizə hücumdan bir ay ötdü - terror dövlətinin terrorçu ilə dostluğu davam edir

341 28.02.2023 11:42 Siyasət A A

Xəyal Bəşirov: “İran da Ermənistanın yürütdüyü siyasəti davam etdirir”

Fevralın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumundan 1 ay keçdi. Həmin hücum nəticəsində səfirliyimizin 1 əməkdaşı öldürülüb, iki nəfər yaralanıb, diplomatik nümayəndəliyimizin fəaliyyəti isə tam dayandırılıb.

Əfsus ki, İran bu müddət ərzində terror aktının araşdırılması ilə bağlı ciddi addımlar atmayıb. Halbuki bir aylıq müddət ilkin istintaqın yekunlaşması və terror aktına hüquqi qiymət verilməsi üçün kifayət edən zamandır. İran tərəfi isə terrorçunu dəlixanaya salmaqla işini bitmiş hesab edib, özünü elə aparır ki, sanki heç belə qanlı hadisə olmayıb. Üstəlik, Tehran rəsmiləri utanmazcasına Bakını olayı siyasiləşdirməkdə ittiham edirlər. “Oğru elə bağırdı ki...” məsəli.

Yada salaq ki, fevralın 18-də Azərbaycan dövləti ən yüksək səviyyədə - Prezident İlham Əliyevin dilindən bəyan edib ki, terror hücumu obyektiv araşdırılmayınca, terrorçu layiqli cəzasını almayınca, ikitərəfli əlaqələr bərpa edilməyəcək. Biz isə terrorçu ilə İranın əlbir olduğunu görürük. “Su axar, çuxurunu tapar” məsəli.

Əlavə edək ki, dünyanın gözü qarşısında törədilən bu vəhşi əmələ görə İran rəhbərliyi başda Əli Xameneyi olmaqla, Azərbaycandan bu günədək üzr istəməyib.

Türkiyə-İsrail yaxınlaşması: “Heç bir qüvvə mane ola bilməyəcək” - Busaat.az

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a şərhində bildirdi ki, terror aktından sonra Azərbaycan sərt addımlar atdı. O qeyd etdi ki, səfirlik əməkdaşlarının dərhal təxliyə edilməsi, səfirliyin fəaliyyətinin  dayandırılması kifayət qədər ciddi tədbirlərdir: “Azərbaycanın müstəqilliyi dövründə Azərbaycan və İran arasında münasibətlər heç zaman belə kritik olmayıb. Vəziyyətin bu həddə çatmasının əsas səbəbkarı İran tərəfidir. Cənub qonşumuz 30 ilə yaxın müddət ərzində, Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə üzdə bizə dost kimi görünsə də, sonradan bəlli oldu ki, erməniyönlü siyasət yürüdüb. Bu illər ərzində İran bir dəfə də olsun Ermənistanın təcavüzkar və işğalçı siyasəti, addımları ilə bağlı rəsmi bəyanat, yaxud fikir səsləndirməyib, əksinə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı şablon ifadələrdən istifadə edib. Bu məsələləri təhlil edərkən yenə də gözümüzün önündə Azərbaycana düşmən siyasət yürüdən İranın Azərbaycana düşmən münasibət göstərən Ermənistana münasibətdə siyasətini görürük. Terror aktının istintaqı üçün bir ay tam kifayət etməsə də, müəyyən istintaq hərəkətlərinin keçirilməsi, bir sıra ciddi addımların atılması baxımından yetərli zamandır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, terroru törədən, onun arxasında duran, terror aktının hazırlanmasında və törədilməsində  iştirak edən hər kəsə münasibətdə İran tərəfindən ədalətli araşdırma aparılmayacaqsa, mətbuat, ictimaiyyət, o cümlədən Azərbaycan dövləti və cəmiyyətinə açıqlanmayacaqsa, diplomatik münasibətlər bərpa olunmayacaq. Bu, bizim təbii haqqımızdır. Nəinki vətəndaşımıza, ümumiyyətlə, Azərbaycan dövlətinin diplomatik korpusuna qarşı cinayət törədilirsə, bu cinayətin törədilməməsi üçün,  diplomatik korpusun təhlükəsizliyinin təminatı ilə bağlı İran dövlətinin heç bir addım atmamasının şahidi oluruqsa, təbii ki, biz həmin dövlətlə diplomatik münasibətlərimizi bərpa etməməkdə haqlıyıq. Hesab edirəm ki, bu günə qədər bir sıra addımlar atıla bilərdi. İstintaq hərəkətləri çərçivəsində həmin şəxsin dindirilməsi, səfirliyimizin özündə fəaliyyət göstərən, həmin cinayətin törədilməsi zamanı heç bir addım atmayan polis əməkdaşının dindirilməsi, eyni zamanda İran polisinin Azərbaycan səfirliyinin mühafizəsi ilə bağlı öhdəlik daşıyan qurumların əməkdaşlarının dindirilməsi, habelə silahın Yasin Hüseynzadəyə verilməsi, silahdan istifadə üçün imkanın yaradılması ilə bağlı şəxslərin dindirilməsi istiqamətində istintaq hərəkətləri keçirilə bilərdi. Bu proses zamanı Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkar nümayəndələrinin iştirakının təmin edilməsi də ədalətli olardı. İran tərəfi isə terror aktını şəxsi məişət zəminində baş vermiş cinayət adlandırdı, buna görə təəssüfləndiyini bildirdi. Bu formada təəssüfləndiyini istənilən dövlət bildirə bilər. Terror aktı törədilən ölkənin rəhbərliyi tərəfindən təəssüf ifadələrinin dilə gətirilməsi bir daha Azərbaycana qarşı qeyri-səmimi olmasından, əslində elə bu yolla da cinayətin arxasında durmasından xəbər verir. Cinayəti törədən şəxsin televiziya kanallarına müsahibə verməsi, şizofreniyadan əziyyət çəkdiyinin bildirilməsi yanlış addımlar idi. Bu rəyin qısa zamanda açıqlanması hüquq elminə, tibbi-ekspertizaya görə mümkün deyil”.

X.Bəşirov qeyd etdi ki, İranın hazırkı rejimini araşdıran ekspertlərin rəyinə görə, birbaşa ölkə rəhbərliyinin nəzarəti olmadan heç bir səfirlikdə cinayət törədilmir: “Bu hadisədən sonra nəinki münasibətlərin normallaşması istiqamətində müsbət dəyişiklik yaranıb, əksinə, bizdə İrana qarşı fərqli mövqe formalaşır. Münasibətlərin bərpa olunmayacağı istiqamətində əminlik formalaşmağa başlayıb. Bu gün bütün dünya ilə düşmənçilik siyasəti yürüdən İran üçün Azərbaycanla münasibətlərin pozulması ciddi itki sayıla bilər. Azərbaycan üçünsə qonşuları ilə normal münasibətləri qorumaq hər zaman prioritet olub. Azərbaycan rəsmilərinin qeyd etdiyi kimi, bizim bir düşmənimiz olub - Ermənistan. Bu da Ermənistanın düşmənçilik siyasəti ilə bağlıdır. Bu gün İran da Ermənistanın yürütdüyü siyasəti davam etdirir. İran bu addımı ilə bir tarixi fakta imza atdı. Ermənistan ötən əsrin əvvəllərindən başlayaraq 44 günlük Vətən müharibəsinə qədər Azərbaycana qarşı bütün növ soyqırımı, terror cinayətləri törədib: ekoloji, mədəni, siyasi və s. Təkcə diplomatik cinayət törətməmişdi. Bunun da səbəbi diplomatik münasibətlərinin olmaması idi. Ayrı-ayrı ölkələrdə yerləşən səfirliklərimizə, diplomatik korpuslarımıza qarşı cəhdlər edilmişdi, lakin bilavasitə addım atılmamışdı. İran da qardaşlıq və bacılıq sədaqəti nümayiş etdirərək diplomatik terror cinayəti törətdi.  Bu da təsadüfi deyil”.   

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR