İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran özünü “dəli” yerinə qoyur - terrorçu niyə ruhi xəstəxanaya yerləşdirildi...

778 03.02.2023 08:25 Gündəm A A

Politoloq Allahverdi Bağırovla Şirin Mirzəyevi İran kəşfiyyatının aradan götürdüyünü açıqladı

Yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun “qənaətinə görə”, Yasin Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.  Həmçinin məlum olub ki, Azərbaycan Respublikasının səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.

Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir. Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi. Aydındır ki, İran dünyada  ciddi reaksiyaya səbəb olan bu terror hadisəsini ört-basdır etmək üçün indi də “dəli” təqlidi edir.

Cümşüd Nuriyev: “Üçüncü Dünya Müharibəsi qaçılmazdır” - MÜSAHİBƏ | KONKRET

Cümşüd Nuriyev 

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, İran dövlət kimi fəaliyyətini dayandırıb, artıq yeriyən konstitusiyaya çevrilib: “İranın ali dini lideri həm Qurandan, həm Allahdan, həm də şəriətdən danışır. Öz molla təfəkkürü ilə məsələləri həll etməyə çalışır. Bu məsələlər bir araya sığan deyil. Tehranda Azərbaycan səfirliyinə qarşı dövlət səviyyəsində terror olub. Terrordan dərhal sonra İran rəsmi səviyyədə elan etdi ki, bu, məişət zəminində baş verən hadisədir. Heç bir araşdırma aparmadan belə bir fikir söyləmək İran hakimiyyətinin mövqeyini ortaya qoydu. Terrorun baş verdiyi günə də xüsusi diqqət etmək lazımdır. 27 yanvar Xolokost günü idi. Terrorun bu günə təsadüf etməsi əvvəldən hesablanmışdı. Azərbaycanın İsraillə yaxşı münasibətlərinə vurğu edirlər. Bundan başqa, 27 yanvar erməni terror təşkilatı "Asala"nın türk diplomatlarına qarşı terror törətdiyi tarixdir. Nəhayət, Tehrandakı səfirliyimizə qarşı terror törətməyə göndərilən şəxsin adının Yasin olması da təsadüfi deyil. Yasin surəsi Quranın ürəyidir. Onun türk olması da təsadüfi deyil. Xanımı da elan etdi ki, bu pisniyyət “Hüseyniyyə” təşkilatının üzvüdür. Adam birmənalı şəkildə SEPAH tərəfindən hazırlanan terrorçudur. Tehrandakı səfirliyimizin önündə dayanan İran polisinın hərəkətləri də xüsusi vurğulanmalıdır. Bütün dünyada belədir ki, səfirliklər önündə xüsusi hazırlanmış polis postu olur. Belə postlara həddən artıq etibarlı, hazırlıqlı kadrları təyin edirlər. Amma biz Tehrandakı sədirliyimizə basqın zamanı nə gördük? Terrorçu maşınla gəlib Azərbaycan səfirliyinin maşınına çırpılır. Postdakı polis sanki yuxudadır, reaksiya verməyə can çəkir, ləng reaksiya verir. Terrorçu maşından düşüb əlisilahlı səfirlik binasına qaçanda polislə salamlaşır. Bütün bunlar göstərir ki, bu, əvvəlcədən planlaşdırılan terror hadisəsidir. Bu gün Yasin Hüseynzadəni dəlixanaya salmaqla İran molla rejimi onu hər kəsdən gizlətməyə çalışır. Yalanları da bir-birini təkzib edir. Hamı bilir ki, İranda ən bahalı silah “Kalaşnikov”dur. Bir tərəfdən Yasin Hüseynzadənin acından öldüyünü, ailəsini saxlaya bilmədiyini deyirlər, bir tərəfdən də onun “Kalaşnikov”u haradan aldığını gizlətməyə çalışırlar. Bu silah İranda 1000 dollaradır. Acından  ölən Yasin Hüseynzadə 1000 dolları haradan alıb? Niyə aparıb ailəsinə xərcləmək əvəzinə gedib silah alıb? Bu adam peşəkarlar tərəfindən terror törətmək üçün hazırlanan biridir. Görünür, çox qısa müddətdə hazırlayıblar deyə verdikləri tapşırığı tam icra edə bilmədi. Əlbəttə ki, Azərbaycan səfirliyinin mühafizə xidməti əməkdaşının qorxmazlığı, əlindəki silahla sağa-sola güllə səpələyən birinin üstünə əliyalın hücum edib onu tərk-silah etməsi xüsusi qəhrəmanlıqdır. Bunu İran mollaları hesablamamışdılar. İndi də Yasin Hüseynzadəni dəlixanaya salıb bir müddət gizlətmək, sonra isə öldürmək istəyirlər. Yazacaqlar ki, ürək tutmasından öldü və ya özünü asdı. Yəni bu adamın ölümü labüddür. Çünki gec-tez ifşa olunacaqlarını bilirlər".

Politoloq deyir ki, vaxtilə kənd təsərrüfatı nazirinin müavini, Gömrük Komitəsi sədrinin müavini olaraq İranda uzunmüddətli ezamiyyətdə olub. O zaman öz xahişi ilə polis təşkilatı "Bəsic"in bazasına aparılıb: “Həmin bazanı görən hər kəs bilir ki, orada peşəkar terrorçular hazırlayırlar. Birinci  Qarabağ müharibəsi dövründə də İran hərbi yardım adı ilə belə peşəkar terrorçuları Azərbaycana yollayırdı. Həmin terrorçular da hərbi yardım adı ilə faktiki olaraq bizim döyüşən hərbi birləşmələrimizin vuran əllərinə qarşı badalaq atırdılar”.

Politoloq Birinci Qarabağ müharibəsi dönəmində Azərbaycana göndərilən iranlı hərbi təlimçilərin ermənilərə işləməsi haqda sensasion fikirlər səsləndirib: “Bu gün mətbuatda Azərbaycan təhlükəsizlik orqanında işləmiş Siyavuş Heydərovun müsahibəsini oxudum. Siyavuş  Heydərov açıqlayıb ki, İranın Azərbaycana hərbi yardım adı ilə göndərdiyi təlimçilər ordumuz, yüksəkliklərimiz haqda məlumatlar toplayıb və düşmənə ötürüblər. Bunun üçün Bakıda gizli ev tutub orada quraşdırdıqları radiostansiya vasitəsi ilə məlumatları İrana, oradan da Ermənistana ötürüblər. İranlı təlimçilərin olduğu yüksəkliklər bir neçə gündən sonra düşmən tərəfindən vurulurdu. Bunu bizim xüsusi xidmət orqanları müəyyən edib və İran yalvarıb ki, məsələnin üstü açılmasın. Siyavuş Heydərovun sözlərini təsdiqləyirəm və bir faktı da ilk dəfə olaraq açıqlayıram. O zaman biz müəyyənləşdirmişdik ki, Allahverdi Bağırovun olduğu maşının 1992-ci il iyunun 12-də Naxçıvanikdən geri qayıdarkən minaya salınması, 6 gün sonra, 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı  Şirin Mirzəyevin də minaya salınaraq partladılması İrandan gələn təlimçilərin diversiya əməliyyatı olub. O komandirlər ki, ermənilərə qarşı peşəkarcasına, uğurla əməliyyatlar gerçəkləşdirirdi, onları İrandan gələn təlimçilər minaya salmaqla aradan götürürdü. Ümumiyyətlə, Azərbaycanda törədilən terror olaylarının böyük əksəriyyətinin arxasında İran kəşfiyyatı dayanır. Bunu tam məsuliyyətlə deyirəm”.

Politoloq bildirib ki, Birinci Qarabağ müharibəsinin qızğın günlərində döyüşlərin getdiyi Füzuli rayonunun ərazisində İran kəşfiyyatına işləyən dəstə tutulub: “Həmin dəstə üzvləri İran tərəfinə Azərbaycan Ordusu əsgərlərinin milli geyimini satmışdı. Sual olunur ki, İran tərəfi həmin geyimləri nə edəcəkdi? Həmin geyimləri erməni tərəfinə ötürüb bizə qarşı təxribat-diversiya fəaliyyətində istifadə edəcəkdilər. O zaman Gömrük Komitəsində sədr müavini idim, bizə bu məsələni açıb-ağartmağa qoymadılar. O zaman İranın "5-ci kolon"u buna imkan vermədi. Biz də o zaman təcrübəsizlikdən bunlara inanırdıq. Sonralar bildik ki, İranın Azərbaycana yolladığı təlimçilər faktiki olaraq bizə qarşı işləyiblər. İran bu gün də həmin siyasəti davam etdirir. İranın Azərbaycana qarşı terrorunu iki ölkə müdafiə etdi - Hindistan və Suriya. Bugünkü Ermənistanda yaşayan qaraçı kökənlilərin hamısı Hindistandan gəlib. Suriya da dünyada terror hazırlayan dövlətlər sırasında ön cərgədədir. Asala, PKK, PJK, PYD terrorçuları Suriyadakı bazalarda yetişdirilir. İranın Bəsic, Hizbullah, Əl-Qüdsü təşkilatlarının da təlim yerləri Suriyadadır. İstisna etmirəm ki, Yasin Hüseynzadəni də oradakı təlim düşərgələrində hazırlayıblar. Bu gün Azərbaycan tərəfi Yasin Hüseynzadənin barəsində başladığı cinayət işi üzrə İnterpola müraciət etməlidir. İran tərəfi əlbəttə ki, onu bizə verməyəcək. Amma bu şəxsin tutularaq Azərbaycan məhkəməsi önünə çıxarılması üçün addımlar atılmalıdır. İranın onu dəli adı ilə gizlətməsi bizi hüquqi addımlar atmaqdan çəkindirməməlidir. Yasin Hüseynzadə harada olmasından asılı olmayaraq ələ keçirilməli və səfirliyimizə qarşı terrorun düzənlənməsinin detalları xırdalıqlarına qədər üzə çıxarılmalıdır. Bu, sıradan bir hadisə deyil və İrana “dəlilik kağızı” ilə terror cinayətini ört-basdır etməyə imkan vermək olmaz".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR