İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran-Bakı münasibətləri: kim güzəştə getdi, kim geri çəkildi...

1735 11.10.2023 13:02 Gündəm A A

Rəsmi Tehran Ermənistandan ötürülən yanlış məlumatlar əsasında Azərbaycana qarşı qeyri-adekvat və yanlış mövqe tutmuşdu

Oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşının Azərbaycana vacib səfəri baş tutdu.

Səfər çərçivəsində Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Tədbirdə baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev iştirak edib.

Beləliklə, İran Azərbaycanla bağlı səhv mövqedə olduğunu anladı və mövqeyini dəyişdi. Rəsmi Tehran Ermənistandan ötürülən yanlış məlumatlar əsasında Azərbaycanın güc yolu ilə Zəngəzur dəhlizi açacağı barədə özündə əminlik formalaşdırmışdı və Azərbaycana qarşı qeyri- adekvat və yanlış mövqe tutmuşdu.

İndi İran başa düşdü ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edir, heç kimin torpağında gözü yoxdur və regional kommunikasiya məsələlərini əməkdaşlıq şəraitində həll etmək yoluna üstünlük verir.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Hüquqşünas alim, Milli Məclisin üzvü Bəhruz Məhərrəmov cənub qonşumuzun reallığın fərqində olduğunu qeyd etdi: “İran-Azərbaycan münasibətlərinin son dövrlərdə müşahidə olunan ritorikası əslində praqmatik təfəkkürün proqnozlaşdıra biləcəyi gedişat idi. Çünki Azərbaycanın İranla münasibətlərinin gərginləşməsinə əsas verə biləcəyi nə bir səbəb, nə də cənub qonşusunun maraqlarına zidd addımı olmayıb. Əksinə, Bakı bir çox hallarda təmkinli davranaraq münasibətlərin zədələnməməsinə israrla səy göstərib.

Münasibətlərin növbəti mərhələləri, xüsusən Vətən müharibəsindən sonrakı proseslər isə aydındır və Bakı hətta sonrakı dövrlərdə də konkret şərtlər daxilində Tehranla körpüləri istənilən an bərpa etməyə hazır olub. Görünən odur ki, Tehran da reallığın fərqindədir və nüfuz və çəkisi hər ötən gün artan Bakı ilə bloklanmış münasibətlərin onu məhrum etdiyi dividentlərin fərqinə varmaqdadır. Bu mənada, 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu vəziyyətdən faydalı çıxış yolu kimi bir daha aktuallıq qazandı. Bildiyiniz kimi, Azərbaycan tərəfinin çağırışları və cəhdlərinə baxmayaraq, İrəvan heç bir real əsas olmadan Zəngəzur dəhlizi layihəsini ləngitməkdə idi. Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh prosesində maraqlı olmayan bir sıra Qərb dairələrinin təhriki ilə Ermənistanın prosesi yubatmaqda israrı isə vəziyyətə yeni baxış tələb edirdi. Beləliklə, İranla yenidən aktivləşdirilən alternativ kommunikasiya xətti və oktyabrın 6-da atılan təməllərlə həm Ermənistana əvəzolunmaz olmadığı mesajı verildi, həm də ortaq layihə Azərbaycan və İran arasında münasibətlərdəki gərginliyi azaltmaq üçün yaxşı imkana çevrildi.

Bildiyiniz kimi, Zəngəzur dəhlizi son 30 ildə Ermənistanın cəlb ediləcəyi ilk regional layihə idi və Tehran prosesə cəlb olunmaqla əslində tərəfdaşı İrəvanı prosesdən kənarlaşdırmış oldu. Beləliklə də bu günə qədər Fransanın təhriki ilə regional layihələrdən kənar qalan Ermənistan bu dəfə də növbəti tərəfdaşının birbaşa iştirakı ilə proseslərin əsas uduzan subyekti oldu".

Azər Badamov: Azərbaycan nümunəvi ölkələr sırasına daxil olub - "İki sahil"

Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan qonşu ölkələrin ərazilərində gözü olmadığını dəfələrlə bəyan edib: “Ölkəmizin əsas məqsədi suveren ərazilərinin bütövlüyünü təmin etmək və dövlətin suveren hüquqlarını bütün ərazilərdə bərpa etmək olub. Artıq bu proses başa çatmış və ölkəmiz  regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini bəyan edir. Zəngəzur dəhlizinin açılması isə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tərkib hissəsidir və ona görə də bu dəhlizin açılmasını vacib hesab edirik. Amma güc yolu ilə Ermənistanın ərazisinə daxil olmaq və Zəngəzur dəhlizi açmaq məqsədimiz olmayıb. Təəssüf ki, İran dövləti Azərbaycanın suveren hüquqlarının bərpası ilə bağlı məqsədlərini yanlış başa düşüb Azərbaycana qarşı öz hiddətini nümayiş etdirirdi. Amma son vaxtlarda baş verən hadisələrin mənzərəsi İranı Azərbaycanın başqa dövlətin ərazilərində gözü olmadığına inanmasına zəmin yaratdığını hesab edirəm. Artıq İranla Azərbaycan arasında münasibətlərin yenidən müsbətə doğru inkişaf dövrü başlayır. Azərbaycanla İran arasında imzalanmış razılığa əsasən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran ərazisindən tikintisinə başlayıb. Hətta hər iki tərəfin rəsmilərinin iştirakı ilə müəyyən kommunikasiyaların təməlqoyma mərasimi də keçirildi. Həm də Araz çayının su və enerji resurslarının birgə idarə olunması ilə bağlı razılaşmaların icrasına yeni impuls verildi. Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi Xələf Xələfovun Tehrana səfəri çərçivəsində İran prezidenti ilə bir sıra məsələlərin müzakirə edilməsi, o cümlədən səfirliyimizə hücum edənə məhkəmə qərarı ilə ölüm hökmünün kəsilməsi və İran prezidentinin Tehranda Azərbaycanın səfirliyinin fəaliyyətinin bərpasının lazım olduğunu bildirməsi İranın öz siyasətində yanlışlığa yol verdiyini anladığının göstəricisidir. Həm də İrana səfər edən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə İran prezidentinin "3+3" formatını yenidən gündəmə gətirməsi regionda sülhün yaranmasına töhfə verəcək. İran bir daha əmin oldu ki, regiona gərginlik gətirən tərəf ancaq Ermənistandır. Belə ki, ABŞ və Fransa hərbiçilərinin Ermənistana təlimlərə gəlməsi heç də İranın maraqlarına uyğun gəlmir. İran artıq Ermənistanla münasibətlərinə yenidən baxmaq ərəfəsindədir. Çünki “İranın siyasətində onun düşmənləri ilə dost olan da onun düşmənidir” siyasəti həmişə aktual olub. Azərbaycan-İran münasibətlərinin inkişafı ölkələrimizə qarşılıqlı fayda gətirməklə bütün regiona sabitlik gətirəcək".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR