İnsanlara hürriyət, millətlərə istiqlal!

Tədricən azalan neft-qaz gəlirlərinin yerini necə dolduracağıq - təhlil

1752 23.09.2023 09:25 İqtisadiyyat A A

Vüqar Bayramov: “Büdcə daxilolmalarında fərqli sektorların payının artmasını müşahidə edirik”

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 16 227,6 mln. manat təşkil edəcək, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 8,5% azalma deməkdir.

Proqnoza görə, 2024-cü ildə dövlət büdcəsinin neft-qaz gəlirləri 16 756 mln. manat səviyyəsində olacaq ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 5,54% azdır.

Məlumata görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 17 739,7 mln. manat həcmində proqnozlaşdırılıb, bu da illik müqayisədə (2022-ci il - 15 329,6 mln. manat) 15,7% çoxdur.

Proqnoza əsasən, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 701,3 mln. manat, 2026-cı ildə isə 16 839,3 mln. manat səviyyəsində olacaq.

Proqnozlardan görünür ki, qarşıdakı bir neçə il ərzində büdcəmizin əsas gəlir mənbəyi olan neft-qaz sahəsindən gəlirlər azalacaq və azalacağı proqnozlaşdırılan rəqəm elə də kiçik sayılmaz.

Bəs bu boşluğu hansı mənbələr hesabına doldura bilərik? Buna hazırlıqlar başlayıbmı?

Mövzu ilə bağlı millət vəkili,  iqtisadçı alim Vüqar Bayramov “Yeni Müsavat”a danışıb:

“Növbəti illərin dövlət büdcəsində ən vacib məqamlardan biri məhz qeyri-neft sektorunun büdcə gəlirlərində payının artmasıdır. Nəzərə alsaq ki, qeyri-neft sektorunun payı neft sektoru ilə müqayisədə artır və növbəti illər bu özünü daha çox göstərəcək. Bu əslində müsbət məqamdır, çünki məqsəd də ondan ibarət idi ki, qeyri-neft, yəni, enerjidən kənar sektorlardan daha çox vəsaitin cəlb edilməsinə nail olmaq mümkün olsun. Bu baxımdan büdcənin gəlirləri hissəsində struktur olaraq dəyişikliyin olması artıq neft sektorunun deyil, məhz enerjidən kənar sektorların önə çıxmasına imkan yaradır.

Vüqar Bayramov: Azərbaycanın uğurları Qafqazda yeni reallıqlar  formalaşdırdı - AZƏRTAC

Vüqar Bayramov 

Qeyri-neft sektorunda daxilolmalara baxsaq, burada  fərqli istiqamətlərdən, biznesdən, real sektordan daxilolmalar var və bu özünü əlavə dəyər vergisi və mənfəət vergisində göstərir. Eyni zamanda digər daxilolmalar məhz əlavə dəyər vergisi kimi dolayı vergilər  üzrədir.

Amma sektorlar üzrə baxanda biz büdcə daxilolmalarında fərqli sektorların payının artmasını  müşahidə edirik. Bu özünü xüsusən sənaye və xidmətlər sektorunda  göstərir. Çünki aqrar sektorda vergi güzəştləri var, sənaye və xidmətlər sektorundan büdcə daxilolmaların artması müşahidə olunur ki, bu da praktik olaraq real sektorun büdcə gəlirlərində payının çox olmasına imkan yaradır".

İqtisadçı Rəşad Həsənov isə qeyd edib:

“Ümumilikdə götürəndə proseslərin daha aydın təsviri üçün dövlət büdcəsinin gəlirlərini 3 kateqoriya üzrə qruplaşdırmaq daha faydalı olar. Birinci kateqoriya qeyri-neft sektorundan əldə olunan gəlirlərdir, hansı ki, bura Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, dövlət xidmətlərinin göstərilməsindən digər qurumların əldə etdiyi gəlirlər və sairə bu kimi mənbələrdən daxilolmalar aiddir.

İkincisi, neft sektoru üzrə birbaşa daxilolmalar kimi qiymətləndirilə bilər ki, bura neft  sektorundan daxil olan vergiləri aid etmək lazımdır.

Üçüncü, neft sektorundan dolayı gəlirlər - bunu da Neft Fondundan transferlər kimi qiymətləndirə bilərik. Gələcəkdə dövlət  büdcəsinə neft sektorundan gəlirlərin azalacağı barədə proqnozlar deyərkən, nisbətən daha ehtiyatlı ifadələrin seçilməsinə ehtiyac var. Bu sadəcə ilkin yanaşmadır, hökumət belə düşünür ki, gələcək illərdə qeyri-neft mənbələri hesabına dövlət büdcəsinə daxilolmaların artımına nail olacaqdır və bunun əvəzində isə Neft Fondundan daha az pul transfer edəcək. Neft Fondundan  transferlərinin xüsusiyyəti digər mənbələrdən olan gəlirlərlə müqayisədə onunla fərqlənir ki, burada toplanmış vəsait qalıqları vardır. Bu, dövlət büdcəsinin daha elastik xüsusiyyətlərə malik olan gəlir mənbəyi kimi xarakterizə olunmalıdır. Bununla da hökumət gələcəkdə qeyri-neft sektorundan gəlirlərin artması ehtimalı qarşısında neft sektorunun gəlirlərini az göstərir, çünki Neft Fondundan ayırmaları daha az göstərir.

Amma növbəti mərhələdə konduktor dəyişərsə, daha böyük xərcləmələr ehtiyacı, büdcə xərcləri, büdcə kəsirləri artarsa, bu zaman Neft Fondundan daha çox vəsait  transfer edəcək. Hansı ki, biz bunu 2015-ci il sonrası dövrdə müşahidə etdik. İlkin olaraq azalma yolu seçildi,  sonradan bu vəsaitlərin həcmi yenidən artırıldı.

Eyni zamanda  ölkədə 2020-ci ildə pandemiya səbəbindən büdcə qaydası tətbiqinin  təxirə salınması təcrübəsi var, hansı ki,  hökumət gələcəkdə risk yarananda yenidən bu yolu seçə, yəni büdcə qaydasını dayandıraraq, Neft Fondundan transferlərin həcmini daha da artıra bilər.

Amma burada əsas məsələ odur ki, Azərbaycanda ilk dəfə olaraq dövlət büdcəsinin gəlirlərində qeyri-neftin mənbələrinin həcmi 50 faizin üzərində oldu. Yəni bu, artıq müharibənin başa çatması istiqamətində yaranmış yeni şərtlər, şərait, konduktor gələcəkdə hərbi xərclərin daha məqbul səviyyədə saxlanılması imkanını yaratmaqla dövlət büdcəsinin gəlirləri və xərclərinin artım tempini tənzimləməyə, balanslaşdırmağa və dolayısı ilə Neft Fondundan transferlərin həcmini tənzimləməyə şərait yaradır.

Təbii ki, daha rasional iqtisadi siyasət həyata keçirməklə iqtisadiyyatın böyüməsində nəticələrin əldə edilməsi çox zəruridir. Bu istiqamətdə daha fundamental siyasətlərin hazırlanaraq  icra edilməsinə ehtiyac  var. Və bu siyasətlər mərhələli şəkildə gələcəkdə büdcənin digər mənbələrdən, yəni qeyri-neft mənbələrindən  daxilolmalarına da pozitiv təsir göstərə bilər".

Xalidə GƏRAY,
“Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR