İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yeni BÖHRAN başlayır - Zelenski istədiyini ala bilmədi, Putin isə...

2068 21.07.2023 11:36 Dünya A A

Kiyev Taxıl Sazişini birtərəfli qaydada davam etmək üçün yollar axtarır, Rusiya isə gəmiləri hədəf kimi qəbul edəcəklərini bəyan edib...

Rusiya taxıl dəhlizi sazişindən çıxdıqdan sonra ərzaq qiymətləri, xüsusən də buğda və qarğıdalının qiyməti yüksəlib. Avropa İttifaqının Ali Nümayəndəsi Josep Borrell taxıl dəhlizinin bağlanmasının "ərzaq böhranına səbəb olacağını" söyləyib. Borrell vurğulayıb ki, razılaşmadan çıxan Moskva təkcə taxıl daşınmasının həyata keçirildiyi Odessa limanını 3 gün dalbadal bombalamayıb. Məlumata görə, bu hücumlarda 60 min ton taxıl yandırılıb. BMT-nin baş katibi Antonio Quterreş isə deyib: “Bu hücumlar Ukraynadan çox-çox kənarda da təsirə malikdir. Artıq bunun qlobal buğda və qarğıdalı qiymətlərinə təsirini görürük”.

Musavat.com xəbər verir ki, “Rusiya terrorundan hamı təsirlənir” deyərək, daşımaları birtərəfli qaydada davam etdirmək niyyətini təkrarlayan Ukrayna lideri Volodimir Zelenskiyə BMT mənfi cavab verib.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib: “Daşımanın davam etdirilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülüb. Bu, müharibə zonasıdır. Heç kim BMT Baş Katibindən təhlükəsizlik zəmanəti tələb edə bilməz”. 

O, BMT-nin Rusiyasız davam etmək istəmədiyini bildirib.

Daha bir xəbərdarlıq Ağ Evdən gəlib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodge Rusiyanın Ukrayna limanlarının ətrafına əlavə minalar yerləşdirdiyi və Qara dənizdə mülki nəqliyyat gəmilərinə mümkün hücumlara hazırlaşdıqları barədə məlumat aldıqlarını bildirib. Qeyd edək ki, Rusiya ötən gün Ukrayna limanlarına yaxınlaşan yük gəmilərini “hərbi maşın” kimi görəcəyi və bu şəkildə cavab verəcəyi ilə hədələyib. Ukrayna Rusiyanın təhdidinə cavab olaraq Rusiya limanlarına yaxınlaşan gəmilərə də eyni rəftarın ediləcəyini və Kerç boğazında naviqasiyanı qadağan edəcəyini açıqlayıb.

Bunu da qeyd edək ki, Türkiyə Moskvanı razılaşmaya qayıtmağa razı salmaqda çətinlik çəkir. Türkiyə Silahlı Qüvvələrinin mənbələri Rusiya personalının taxıl dəhlizinin işləməsi üçün İstanbulda qurulan Birgə Koordinasiya Mərkəzindən ayrıldığını bildirib: “Biz razılaşmanın dördtərəfli şəkildə davam etdirilməsinin tərəfdarıyıq. Bununla bağlı təşəbbüslərimizi və səylərimizi davam etdiririk”.

Döyüş meydanında baş verən hadisələr taxılın qiymətini qaldırıb.

Çərşənbə günü Avropa birjalarında satılan buğdanın qiyməti əvvəlki günə nisbətən 8,2 faiz artaraq bir ton üçün 284 dollar olub. Qarğıdalı qiymətləri də bir gündə 5,4 faiz artıb. Beləliklə, taxılda 3 həftənin ən yüksək qiyməti müşahidə olunub. Artıma baxmayaraq, buğdanın qiyməti hələ də müharibənin ilk həftələrində bütün zamanların ən yüksək həddinə çatdığı 2022-ci ilin mart səviyyəsinin yarısındadır. Sülh dövründə qlobal tələbatın 10 faizini ödəyən Ukrayna dünyanın beşinci ən böyük buğda ixracatçısıdır.

Bundan başqa, Rusiya prezidenti Vladimir Putin avqustda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək BRİKS sammitində iştirak etməmək qərarına gəlib. Ev sahibi ölkənin prezidenti Siril Ramafosa deyib ki, Putin görüşə “qarşılıqlı razılaşmaya əsasən” gəlməyəcək, onu xarici işlər naziri Sergey Lavrovun təmsil edəcək. Beynəlxalq Ədalət Məhkəməsi ötən ilin martında Putinin həbsinə order verib. Məhkəmənin qərarlarına tərəf olan Cənubi Afrika Putin gələrsə, onu həbs etmək məcburiyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR