İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tank 533 Albert Aqarunov” filmi təqdim olundu FOTO

781 08.05.2024 19:50 Ölkə A A

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı  Albert Aqarunova həsr olunmuş “Tank 533 Albert Aqarunov” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, filmdə Albert Aqarunovun həyat hekayəsindən, qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasından bəhs edilir.

DİDK-nın dəstəyi, Kanadada fəaliyyət göstərən “ELTV” Media Qrupu və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn filmin təqdimat mərasimində Milli Qəhrəmanın ailə üzvləri, ictimai-siyasi xadimlər, diaspor fəalları, yerli media nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra nümayiş olunan “Tank 533 Albert Aqarunov” filmi izləyicilərin marağına səbəb olub və yüksək dəyərləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Şuşa uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur, onun adını əbədiləşdirir, Albert Aqarunovun şərəfli ömür yolu hər bir gəncimiz üçün örnəkdir. Biz dünyanın müxtəlif yerlərində yaşayan gənclərimizə məsləhət görürük ki, Albert Aqarunovu və onun kimi qəhrəmanlarımızı unutmasınlar.

Albert Aqarunovun qardaşı Rant Aqarunov Albertin keçdiyi şərəfli döyüş yolundan, Şuşanın uğrunda göstərdiyi qəhrəmanlıqlardan danışıb,  “Tank 533 Albert Aqarunov” qısametrajlı filmində Milli Qəhrəmanın həyat yolunun dərindən işıqlandırıldığını qeyd edib. 

“Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev Albert Aqarunov kimi vətənpərvər oğullarımızla qürur duyduğunu söyləyib.

Tədbirdə digər  çıxış edənlər Albert Aqarunovun şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıb, film haqqında müsbət fikirlər səsləndiriblər.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində cəsur oğulların başladığı haqq işi tarixi ədalətin bərpası ilə nəticələnib, Aqarunovun 29 il əvvəl həlak olduğu Şuşa artıq düşməndən azad edilib, bütün şəhidlərimizin qisası alınıb. Bu, Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandanın və yenilməz Ordumuzun qələbəsidir.

Tədbir Milli Qəhrəmana həsr olunan “Vətən övladı Albert” musiqili videoçarxın nümayişi ilə başa çatıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR