İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkildən Kamil Zeynallı ilə bağlı SON DƏQİQƏ açıqlaması

2220 21.02.2024 12:55 Gündəm A A

Tanınmış fitnes məşqçisi Kamil Zeynallının dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılması gündəmin əsas mövzusudur. Zeynallı saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib.

Kamil Zeynallının Ermənistana təhvil verilməsi mümkün ola bilərmi?

ESAB.jpg (24 KB)

Tanınmış vəkil Əsabəli Mustafayev Musavat.com-a bildirib ki, əgər belə bir cinayət işi var idisə, Ermənistan ilk olaraq cinayət işinin başlanması, Kamil Zeynallıya ittiham elan olunması, onun axtarışa verilməsi, təhvil verilməsi barədə ilk olaraq Azərbaycana müraciət olunmalı idi:

“Azərbaycanla Ermənistan arasında qarşılıqlı hüquqi yardım haqda müqavilə yoxdur, amma Azərbaycan da, Ermənistan da MDB-nin üzvüdür, bu ittihamı gizli saxlayıb ancaq Rusiyaya sorğu vermək, bunun özü bir pozuntudur. Rusiyanın ittihamı Azərbaycandan gizli saxlaması, Azərbaycana münasibət bildirmək üçün təqdim etməməsi şübhəli məqamdır. Rusiyanın əl altından yürütdüyü çirkin oyunlarının təzahürüdür”.

Vəkil deyib ki, Kamil Zeynallı barədə qərarı Rusiya məhkəməsi verməlidir:

“Kamil Zeynallı məhkəməyə çıxarılmazdan əvvəl vəkilinin iştirakı ilə dindirilməlidir. Ona öz müdafiəsini təşkil etməyə imkan yaradılmalıdır. Azərbaycanının Rusiyadakı səfirliyi bu məsələni nəzarətdə saxlayıb onun yaxşı bir vəkillə təmin olunmasına səy göstərilməlidir. Kamil Zeynallının üzləşdiyi hal çox qorxulu bir haldır. Bu hal digər həmvətənlərimiz üçün çox təhlükəli bir presedent yaradır. Müharibədə iştirak etmiş hər bir qazimizi hansısa erməni əsgərinin öldürülməsində ittiham etməklə həbsini tələb edə bilərlər. Kamil Zeynallının Ermənistana təhvil verilməsinin qarşısı alınmalıdır. Buna cəhd göstərilməlidir”.

Əsabəli Mustafayev bildirib ki, Kamil Zeynallının həbsi hüquqi məsələdən daha çox siyasidir:

“Bu baxımdan məsələ daha çox siyasi müstəvidə həll oluna bilər. Rusiyanın hansı qərar verəcəyi bilinmir. Son zamanlar Rusiya çox ciddi surətdə oyunlar oynayır. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını pozmağa cəhd edən ölkələrdən biridir. Rusiya sülh müqaviləsinin bağlanmasının əleyhinədir. Kamil Zeynallının Ermənistana təhvil verilməsi sülh danışıqlarını çox ciddi çətinliyə sala bilər. Bunu Rusiya da başa düşür. Mümkündür ki, Rusiya bu məsələdən sui-istifadə etməklə Kamil Zeynallını Ermənistana təhvil verə bilər”.

Vəkil deyib ki, bu halda Azərbaycanla Ermənistan arasında çox ciddi qalmaqal yaranacaq:

“Erməninstan tərəfinin hansı sübutlara istinad etdikləri bilinmir. Kamil Zeynallı məşqçi olmaqla yanaşı, mətbuatda aktiv blogerlərdən biridir. Müharibə zamanı da o, orduya yardımlar təşkil edib. Mümkündür ki, ermənilər mətbuatdan onun fəaliyyəti ilə bağlı hansısa məlumatları götürüblər. Amma bu kifayət deyil. Ermənistan tərəfi sübutlar təqdim etməlidir. Təcili şəkildə Kamil Zeynallı yaxşı bir vəkillə təmin olunmalıdır. Dövlət hesabına vəkillə təmin edilsə, aydındır ki, həmin vəkil Rusiya dövlətinin maraqlarından çıxış edəcək və bu, Kamil üçün çox pis nəticələnə bilər”.

Əsabəli Mustafayev bildirib ki, Kamil Zeynallının həbsi sırf Azərbaycanın manafelərinə təsir göstərə bilər:

“Söhbət Kamil Zeynallıdan getmir. Vətən müharibəsində iştirak etmiş, o günlərdə orduya yardım etmiş şəxslərdən hər birini həbs edib böyük hay-küyə səbəb olacaq addımlar atıla bilər. Azərbaycan vətəndaşını dünya miqyasında zalım, başkəsən kimi göstərmək üçün fürsət bilirlər. Onsuz da belə bir təbliğat aparırlar. Kamil Zeynallının Ermənistana təhvil verilməsinin qarşısını almağa bütün səylərimizi yönəltməliyik”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR