İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil Qarabağdakı erməni əsilli vətəndaşların  reinteqrasiyasına hazırlıq üçün çağırış etdi  

2053 30.08.2023 15:41 Siyasət A A

 

Azərbaycan ərazi bütövlüyünü təmin etdikcə illərlə Qarabağda qanunsuz yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyasının necə olacağı daha qabarıq şəkildə diqqət mərkəzinə gəlir. Erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası zamanı məhkəmələr və digər hüquq mühafizə orqanlarının fəaliyyəti də maraq doğurur. İndidən bəllidir ki, Xankəndi və digər müvəqqəti olaraq Rusiya sülhməramlıların nəzarətində olan ərazilərimizdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları olan ermənilərin reintenqrasiyadan başqa yolları yoxdur. Bu zaman onlar Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına əməl etməlidirlər. Bəs bu zaman məhkəmə, digər hüquq mühafizə, ümumiyyətlə dövlət orqanları ilə münasibətlər necə tənzimlənəcək?

Musavat.com əməkdaşı bununla bağlı vəkil Cavad Cavadovun fikirlərini öyrənib.

Tanınmış vəkil deyib ki, Azərbaycan dövləti bununla bağlı indidən qanunvericilik bazasına əsaslanan yol xəritəsi hazırlasa yaxşı olar: “Bu, ölkə başçısının təsdiq etdiyi dövlət proqramı formasında da ola bilər. Burada ilk növbədə həmin ərazidə yaşayan erməni əsilli şəxslərin Azərbaycan Respublikasına münasibətdə vətəndaşlıqları tanınmalıdır. Onların çoxunun ya Ermənistan, yaxud Rusiya pasportları var.  Artıq seçim etmək zamanı gəlib və Qarabağda, əzəli Azərbaycan torpağında yaşayan ermənilər bununla bağlı seçim etməlidir”.

Tanınmış vəkil deyib ki, bu baxımdan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi zərurəti ortadadır: “Bunun mexanizmləri indidən hazırlanmalıdır. Qarabağda yaşayan ermənilərin vətəndaşlığı tanınandan sonra onların pensiya və digər təminatları da həll edilməlidir. Qaldı ki, məhkəmə və digər hüquq mühafizə orqanlarının fəaliyyətinə, bu da Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun tənzimlənəcək. Keçid dövrü üçün müəyyən istisnalar mümkün ola bilər”.

Tanınmış vəkil deyib ki, məsələn, erməni əsilli Azərbaycan Respublikasının vətəndaşı hakim işləyə bilməsi üçün “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq prosesdur qaydalarından keçməlidir: “Bu iddiada olanlar Azərbaycan Respublikasının dövlət dilini bilməlidirlər. Bu, onları ana dilində danışmaq imkanından qətiyyət məhrum etmir, çünki Konstitusiyamızın 45-ci maddəsi tək onlara deyil, ölkəmizdə yaşayan digər millətlərə də ana dillərindən istifadə hüququnu birmənalı olaraq tanıyır. Lakin dövlət qulluğunda işləmələri üçün dövlət dilinin bilmələri zəruri şərtdir. Əsas Qanunun 127-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.  Həmin ərazidə yaşamış və vaxtı ilə qovulmuş digər Azərbaycan Respublikasının vətəndaşları qaytarıldıqdan sonra və müvafiq siyahıya alınma prosesindən sonra  məhkəmə icraatının dili məsələsi də Konstitusiyaya uyğun həll oluna bilər. Çünki həmin ərazilərdə nə qədər şəxsin yaşaması barədə  bu gün dolğun məlumat yoxdur. Dövlət qurumlarına digər  təyinatlar ümumi qaydada həyata keçiriləcəkdir. Məsələn Daxili İşlər Nazirliyi yerli polis bölmələrinə təyinatlar həyata keçiriləcəkdir. Yerli məsələlərin həll edilməsi istiqamətində həmin ərazilərdə qanunvericilik səviyyəsində bələdiyyələr təşkil edilməlidir və erməni əsilli vətəndaşlarımız bələdiyyə seçkilərində iştirak edib onlar vasitəsi  ilə yerli məsələləri həll edə biləcəklər. Burada yeganə şərt dövlət qulluğunda işləmələri üçün dövlət dilini bilmələridir”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR