İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmayan diplom problemi

3002 01.09.2022 09:20 Təhsil A A

İddialara görə, hazırda dövlət vəzifələri tutan tanınmayan diplomlu məmurlar da var

Xaricdə təhsilə maraq xüsusən son illərdə artmaqdadır. Lakin tələbə və valideynlərin bu marağı bəzən xoş olmayan “sürpriz”lərlə qarşılaşır. Onlar xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması prosedurası isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Əvvəllər diplomun təsdiqi üçün aylarla vaxt gedirdi. İndi müraciət edəndə qısa müddət sonra sorğu cavablandırılır.

Avqust ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. TKTA-dan  verilən məlumata görə, həmin müddətdə 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 27, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi 10, stomatologiya üzrə 10 nəfər müraciət qeydə alınıb.

Qeyd edək ki, diplomların tanınması ilə bağlı Təhsil Nazirliyi və Nazirlər Kabinetinin ölkələrarası müqaviləsi mövcuddur və bu saziş diplomların ölkədə tanınmasını əhatə edir.

Ekspertlərə görə, problemin kökündə diplomlular bəzi hallarda təhsil aldığı ölkənin dilini belə bilməməsi üzə çıxır. Məsələn, Rusiyada, Gürcüstanda və  Ukraynada oxuyub qayıdanların “dil” məsələsi yoxlanılır. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması ucbatından müəyyən narazılıqlar ortaya çıxır.

Öz ölkəsində akkreditasiyası olmayan universitetlərin də diplomları tanınmır. Ölkəsində tanınmayan diplomu isə təbii ki, heç bir ölkə qəbul etmir. Akkreditasiyası olmayan universitetlərin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında mövcuddur.

Narazılıqlardan biri də odur ki, nazirlik məzunları fərdi qaydada imtahan edir və bəzən eyni universitetin diplomu bir şəxs üçün tanınır, digəri üçün yox. Həmçinin tanınmayan diplomlarla hazırda dövlət vəzifələri tutan məmurlar var ki, bu da insanlarda “ikili standart” barədə fikir formalaşdırır.

Maraqlıdır ki, diplom problemi təkcə xaricdə təhsil alanlarla bağlı deyil. Məlumdur ki, Bakı İslam Universitetinin (BİU) 3550 nəfər tələbəsi də eyni problemlə üzləşib.

Sosial şəbəkələr narkotik kimidir, asılılıq yaradır” - MÜSAHİBƏ

 Sahib Altay 

Sosioloq Sahib Altay “Yeni Müsavat”a açıqlamasında Bakı İslam Universitetinin məzunu olduğunu və diplomunun  tanınmadığını bildirdi: “Bu diplomlar Elm və Təhsil Nazirliyinin nəzdində olub, müharibədən sonra sistemdən çıxarıblar, indi də deyirlər ki, tanımırıq.  Mən dəfələrlə nazir Emin Əmrullayevə müraciət etdim, o mənə dedi ki, sizin məsələ həll olunacaq. Sonra həll yolu kimi bizə məhkəməni məsləhət bildilər. Hazırda işimiz Ali Məhkəmədədir. Məhkəmədən də bir şey gözləmirik. Çünki məhkəmələr hamısı oyundur, tələdir. Heç olmasa məhkəməyə müraciət edənlərin məsələsini həll edərdilər. Mənim aldığım məlumata görə, 7-8 nəfərin diplomunu tanıyıblar. Onlardan biri məhkəmə qərarı əsasında diplom verilən şəxsdir. Belə çıxır ki, Azərbaycan qanunvericiliyi qarşısında hər kəs bərabər deyil. Bu günə kimi Elm və Təhsil Nazirliyi bununla bağlı debata gəlməyib.  Mən o zaman TQDK-nın (DİM) keçirdiyi qəbul imtahanında iştirak etmiş, 300-dən yuxarı bal toplamışam. Necə olur ki, 3-cü qrupda 100 bal toplayan tələbəni tələbə olaraq qəbul edir, onun diplomunu tanıyırlar, amma 300 bal göstəricisi olan tələbənin diplomunu tanımırlar. Bu nə ayrı-seçkilikdir?!”

Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı -  09.10.2017, Sputnik Azərbaycan

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə açıqladı: “Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya  fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideynin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər.

Bəli, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmin şirkətlər valideynə və abituriyentə Təhsil Nazirliyi tərəfindən həmin universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil.

Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində olmalıdırlar.

Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur.

Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirən Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilməyib. Yəni tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil. Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq..."

K.Əsədov BİU-nun lisenziyası ilə bağlı məsələyə də münasibət bildirdi: “1989-cu ildən bu günə kimi fəaliyyət göstərən universitetin hazırda 3500-dən artıq məzunu öz diplomlarını Təhsil Nazirliyində təsdiqlədə bilmir. Təhsil Nazirliyində 2015-ci ilə kimi BİU-nun diplomlarının tanımasında problem olmayıb, ancaq həmin ildən başlayaraq məzunların diplomlarını tanıtması mümkünsüz bir işə çevrilib. Belə ki, 2009-cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verməsinə baxmayaraq, bu gün dövlət sənədinə məhəl qoyan yoxdur.

Sonra 1991-ci ildə bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılıb. 1994-cü il tarixli qərara əsasən, Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılıb. Yenidən 1997-ci il tarixli qərarla Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçib. 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən, universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılıb. Bakı İslam Universitetində iki fakültə - İslamşünaslıq və Şəriət fakültələri mövcud olub. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunub. Təhsil əyani və qiyabi şöbələrdə aparılıb. Universitetdə Şəriət və “Quran” elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərib. Bütün bunlar onu göstərir ki, Bakı İslam Universitetinin bütün fəaliyyəti rəsmi qaydada, dövlət qeydiyyatı vasitəsilə olub.

2009-cu ilə kimi “Dini etiqad azadlığı haqqında” Qanunun maddələri arasında orta və yaxud ali dini ixtisas məktəblərinin lisenziyalaşdırılması haqqında bənd olmayıb. Universitet də ”Dini etiqad azadlığı haqqında" Qanunun 10-cu maddəsinə əsasən fəaliyyət göstərib, yəni müstəqil fəaliyyət prinsipinə əsasən. 2009-cu ildə Prezidentin qanunvericilikdə etdiyi dəyişikliyə əsasən, ali və orta dini ixtisas məktəbləri lisenziyalaşdırılıb. İlk mərhələdə lisenziya alan ali məktəblərdən biri də İslam Universiteti olub. Yaranan problem budur ki, Bakı İslam Universitetinə 2009-cu ildən əvvəl, yəni hələ universitetə qəbulun daxili imtahan yolu ilə aparıldığı dövrlərdə qəbul olmuş məzunların diplomları bu gün heç bir dövlət orqanı tərəfindən tanınmır. Bu təhsil ocağına əvvəlki illərdə tələbələr daxili imtahanlar vasitəsilə, daha sonra TQDK tərəfindən keçirilən imtahanlar vasitəsilə qəbul olunub. 5 və 4 il tam olaraq ali təhsil alıblar. Dövlət imtahanları keçirilib və diplom müdafiəsi qanunamüvafiq formada həyata keçirilib. Hətta universitetin oğlan məzunları 1 il müddətində hərbi xidmətlərini də keçiblər. Təhsil Nazirliyi yanlış olaraq deyir ki, Bakı İslam Universiteti 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib, tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb və məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib. Qeyd etdiyim kimi, 2009-cu ilə qədər Bakı İslam Universitetinin bu qeyd olunanlara ehtiyacı yox idi. Təhsil Nazirliyi bildirir ki, Bakı İslam Universitetinə qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir. Amma bu, ciddi şəkildə səhvdir. Problemin həlli yoluna qaldıqda, burada bir həll yolu var - 2009-cu ilə qədər bitirmiş məzunlara məxsus diplom blanklarının yeni dövlət nümunəli təhsil sənədi ilə əvəz edilməsi və yeni diplomların tələbə-məzun sisteminə daxil edilməsi. Təhsil Nazirliyi diplom sifariş verir və məzunlar əvvəlki diplomlarını təqdim edib yeni dövlət nümunəli diplomlarını alırlar və məsələ həll olunur. Bu qədər sadə! Bu problemi həll etmək üçün maksimum 3 gün vaxt lazımdır. 1 gün diplomları çap etməyə, 1 gün məzunlara məlumat verməyə, 1 gün də diplomları verib onları tələbə-məzun sisteminə daxil etməyə.

Məsələnin digər tərəfi, Bakı İslam Universitetinin Bakı korpusunun binası birbaşa İlham Əliyevin təklifi, təşəbbüsü və sərəncamı ilə tikilib. Bu binanın açılışı da Prezident tərəfindən edilib. Prezidentin sərəncamı ilə tikilən, açılışı Prezident tərəfindən olan bir binadan məzun olan şəxslərin diplomu dövlət nümunəli hesab olunmur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR