İnsanlara hürriyət, millətlərə istiqlal!

Suslovun rədd etdiyi, Brejnevin icazə verdiyi İrəvan tədbiri – Zarobyan Kreml məmurlarını necə aldadıb?  

2799 18.09.2023 13:10 Yazarlar A A

 

Ermənistanın birinci katibləri arasında Yakov Zarobyan Moskvada, Mərkəzi Komitədə daha çox “görünüb”. Hətta bununla bağlı Kreml məmurlarının arasında bir atmaca da dolaşıb: “Zarobyan Ermənistanın Kommunist Partiyasının inzibati binasını Kremlə köçürmək istəyir...”

Ən adi məsələləri bəhanəyə çevirib, Mərkəzi Komitəyə üz tutan Zarobyanın Kremlə təşrif buyurması heç də xidməti məsələlərlə bağlı olmayıb. Birinci katibin ittifaq rəhbərləri ilə görüşmək cəhdinin arxasında tamam başqa məqsədlər dayanıb...

Qeyd edək ki, 1908-ci ildə Batumda anadan olan Zarobyan dörd illik təhsildən sonra  çəkməçi yanında köməkçi işləyib. Ailəsi Rostova köçəndə Zarobyan burada da çəkmə sexində fəaliyyətini davam etdirib və eyni zamanda axşam məktəbində orta təhsil alıb.

1925-ci ildə Zarobyan Xarkova köçüb, elə həmin il komsomol sıralarına daxil olub, Xarkov Elektrotexnika İnstitutunda ali təhsil alıb. Siyasi karyerasına da  bu şəhərdən başlayıb.

1949-cu ilə qədər Xarkov və Omskda komsomol və partiya orqanlarında yüksək vəzifələrdə çalışan Zarobyan həmin il Ermənistana qayıdıb. Onun Ermənistandakı siyasi fəaliyyəti sürətlə vəzifə pillələrini qalxması ilə müşayiət olunub və 1960-cı ilin dekabrın 28-də Zarobyan Ermənistanın birinci katibi vəzifəsinə irəli çəkilib.

Erməni tarixçiləri Yakov Zarobyanın Ermənistanda rəhbər olduğu beş illik fəaliyyətini yüksək qiymətləndiriblər. Təbii ki, bu da təsadüfi deyil. Məhz bu illər ərzində Zarobyannın “milli təəssübkeşliyi” erməniləri qane edib.

Maraqlıdır, ermənilər “milli təəssübkeşlik” deyəndə nəyi nəzərdə tutublar?

Adətən SSRİ dövründə müttəfiq respublikaların birinci katibləri Moskvaya Kremlin çağırışı ilə gediblər. Bununla yanaşı birinci katiblər müzakirəsi vacib və zəruri sayılan məsələləri ittifaq rəhbərləri ilə həll etmək üçün Kremlə səfərlə bağlı özləri müraciət ediblər. 

Təkcə 1964-cü ildə Yakov Zarobyan 6 dəfə öz təşəbbüsü ilə SSRİ rəhbərləri ilə görüşmək üçün Moskvaya müraciət edib. Bu görüşlərdə Zarobyanın məqsədi 1965-ci ildə İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə icazə almaq məqsədi daşıyıb.

Zarobyanın ilk görüşü Mərkəzi Komitənin katibi Mixail Suslovla olub. Suslov Zarobyanı dinlədikdən sonra bu cür tədbirlərin keçirilməsini kommunist rejiminə zidd olduğunu söyləyib və ümumiyyətlə bu məsələ ilə bağlı müraciətlərin dayandırılmasını tövsiyə edib.

Ermənistanın birinci katibi rədd cavabı almasına baxmayaraq növbəti dəfə SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonun qapısını döyüb. 

Qromıko bu məsələyə Suslovdan fərqli olaraq “yumşaq” yanaşıb. Amma Zarobyanın qarşısında şərt qoyub: “Bu məsələni ilk növbədə Baş katiblə razılaşdırmaq lazımdır. İkinci məsələ isə ondan ibarətdir ki, əgər belə tədbirlər keçirilərsə, Türkiyəyə qarşı heç bir torpaq iddiası ilə bağlı  fikirlər səsləndirilməməlidir. Bu iki dövlət arasında münasibətlərin korlanmasına səbəb ola bilər...” 

1964-cü ildə Xruşovun devrilməsindən sonra Brejnev hakimiyyətə gələndə Zarobyan “erməni soyqırımı” ilə bağlı baş katiblə müzakirə aparmağa da nail olub. Brejnev erməni katibin təklifini ciddi qəbul etməyib və əlini yelləyərək ona mənasız işlərlə məşğul olmamağı məsləhət görüb.

Yersiz iddiasından əl çəkməyən Zarobyan nəhayət, məsələni başqa bir istiqamətdə həll etmək üçün böyük ustalıqla Kremli aldatmağı bacarıb. Belə ki, o, Birinci Dünya müharibəsində itkin düşən və həlak olan ermənilərin xatirəsinə İrəvanda abidə kompleksinin tikintisinə icazə üçün Brejnevə Ermənistan ziyalıları adından müraciət təqdim edib. Müraciət Kremldə müzakirə olunub və ona müsbət cavab verilib.

Zarobyan sonralar bu abidə haqqında fikirlərini belə bölüşüb: 

“Biz bu abidənin adını Birinci Dünya müharibəsində itkin düşən və həlak olan ermənilərin xatirəsinə ucaldılmış abidə kompleksi qoyduq. Amma abidənin əsl adını zaman verəcək: “soyqırımı qurbanları” abidəsi...”

Və həqiqətən də sonralar abidə kompleksi məhz belə adlandırılıb.

Kremlin qadağalarına baxmayaraq 1965-ci il aprelin 24-də İrəvanın mərkəzində qondarma “soyqırımı” ilə bağlı mitinq keçirilib. Tədbir axşam saatlarında teatr binasında davam etdirilib. Tədbirdə azğınlaşmış ermənilərlə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. 100 nəfərə yaxın şəxs həbs olunub. Hadisə ilə bağlı Kremlə məruzə edilib. Siyasi Büro Zarobyanı “yerində olmayan” birinci katib kimi töhmətləndirib. 

Təbii ki, bu hadisədən sonra Zarobyan uzun müddət kürsüsündə qala bilməzdi.

5 fevral 1966-cı ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbədənkənar plenumu keçirilib. 17 dəqiqə davam edən plenumda Mərkəzi Komitənin katibi İvan Kopitonov Zarobyanın idarəetmədə səriştəsizliyini əsas gətirərək birinci katib vəzifəsindən azad olduğunu bəyan edib. Məsələyə Siyasi Büroda son həftələrini keçirən Anastas Mikoyan müdaxilə etməyə cəhd göstərib. Amma bu cəhdlər də nəticəsiz qalıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR