İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada Türkiyə konsulluğunun İrəvana və Moskvaya nə dəxli? - Ərdoğanın mesajının əks-sədası...

712 24.06.2023 17:54 Siyasət A A

Hətta Xankəndidə Türkiyə konsulluğu açılsa belə, Rusiya və Ermənistana aidiyyəti yoxdur; politoloq: “Moskva iki dövlət arasında olan məsələyə niyə müdaxilə etməlidir...”

“Şuşada Türkiyə konsulluğunun açılması Bakı ilə Ankara arasında ikitərəfli münasibətlərin mövzusudur”. “Yeni Müsavat” bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son brifinq zamanı deyib.

Onun sözlərinə görə, istənilən yerdə, o cümlədən Şuşada konsulluq idarələrinin açılması məsələsi Bakı ilə Ankara arasında ikitərəfli münasibətlərin mövzusu olaraq qalır. “Biz eyni zamanda İrəvan üçün məsələnin həssaslığını başa düşürük. Biz bir-birimizin maraqlarının nəzərə alınmasının zəruriliyini həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində vurğulayırıq”, - deyə Zaxarova ikibaşlı şəkildə bildirib.

Qəribədir, Pənahəli Xanın şəhərində - tarixi türk yurdunda Türkiyə konsulluğunun açılmasına qədim türk torpaqlarında təşəkkül tapmış bir qondarma dövlətin - Ermənistanın hansı həssaslığı ola bilər? İrəvanın Şuşa ilə bağlı hansı “maraqlarından” söhbət gedir ki, Türkiyə və Azərbaycan onu nəzərə almalıdır? Hətta sabah Xankəndidə Türkiyə konsulluğu açılsa belə, bunun nə İrəvana, nə də Moskvaya dəxli ola bilər! Məgər Azərbaycan Qərbi Zəngəzurda (Sünik - red.) Rusiyanın konsulluq açması haqda qərarına hansısa şəkildə narazılıq və ya həssasiyyət göstərdi? Xeyr. Çünki beynəlxalq hüquq var, BMT Nizamnaməsi var. Onları ya tanıyırsan, ya da tanımırsan!

Belə olan surətdə hələ də gözü Şuşada qalan Ermənistan, görəsən, Azərbaycanla sülh müqaviləsini necə təsəvvür edir? Əgər yenə “miatsum”sayağı təsəvvür edirsə, o zaman daha bir “Dəmir yumruğa” hazır olsun. İkinci yandan, hiss olunur ki, Rusiya da suyu bulandırmağa, tərəflər arasında nifaqı dərinləşdirməyə çalışır.

Bütün bunlar Şuşada Türkiyə konsulluğunu açmağı tezləşdirməyin nə qədər vacib olduğunu çılpaqlığı ilə ortaya qoyur. Ki, hərə öz yerini və həddini bilsin. Tezləşəcəkmi? Bu, daha çox Bakıdan, yoxsa Ankaradan asılıdır?

Yada salaq ki, Türkiyə lideri R.T. Ərdoğan Azərbaycana son səfəri zamanı (14-15 iyun) qardaş dövlətin Şuşada konsulluğu istənilən vaxt açmağa hazır olduğunu bildirmişdi. Onu da demişdi ki, bu, hamıya, o cümlədən Ermənistana mesaj olacaq. Bəs bu il konsulluq açılacaqmı?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli 

Professor Qabil Hüseynli qəzetimizə qeyd etdi ki, ümumiyyətlə, Rusiya iki dövlət arasında olan məsələyə niyə müdaxilə etməlidir. “Rusiya özü Gorusda konsulluq açmağı planlaşdırır. Ondan əvvəl İran yarımçıq binada konsulluq açdı. İndi Şuşada Türkiyə konsulluğu niyə Moskvanı və İrəvanı narahat etməlidir? Bu, bir millət, iki dövlətin münasibətlərinin yüksək səviyyəsinə dəlalət edir və bizim tam suveren hüquqlarımızdır”, - deyə Q.Hüseynli vurğuladı.

Onun sözlərinə görə, diplomatik korpusların yerləşdirilməsinə dair beynəlxalq konvensiya var və ona uyğun hərəkət etmişik, burada üçüncü dövlətin mənafeyinə xələl gətirəcək hal yoxdur: “Şuşa Azərbaycan ərazisidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Türkiyə ilə aramızda Şuşa Bəyannaməsi var. Bütün bunların Ermənistana və Rusiyaya heç bir əlaqəsi yoxdur. Moskva hansı həssaslığı nəzərdə tutur, aydınlıq gətirsin”. 

Arzuxan Əlizadə: Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə qəzetimizə söylədi ki, bu işin Rusiyaya dəxli yoxdur, Ermənistana isə heç aidiyyəti yoxdur: “Mariya Zaxarova səlahiyyətindən artıq açıqlamalar verir. Bu, bizim işlərimizə qarışmaqdır. Kiminlə diplomatik münasibətlər qurmaq Azərbaycanın daxili məsələsidir. Kreml İran Qafanda konsulluq açanda niyə etiraz etmədi? Ona görə rəsmi Bakı Rusiya Xarici İşlər Nazirliyinə etiraz bildirməlidir və həddi aşan bəyanatlara son qoyulmalıdır”.

Partiya sədri hesab edir ki, ümumiyyətlə, konsulluğun açılmasını sürətləndirmək lazımdır: “Ərdoğan Bakıda mesaj verdi, top indi Azərbaycan tərəfdədir və düşünürəm ki, konsulluğun açılması tezləşdirilməlidir. Buna görə hansısa üçüncü tərəf bizə mane ola bilməz”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR