İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa niyə Krım deyil-Mustafa Cəmiloğluna bəzi xatırlatmalar...

2574 13.11.2022 13:43 Yazarlar A A

 

Mustafa Cəmiloğlu dünyadakı türk toplumunda tanınmış simalardandır, onunla illər öncə Bakıdakı tədbirlərin birində görüşdüyümü də xatırlayıram. Örnək olacaq çətin həyatı var. Məlum, 2014-cü ildən-Krımın ilhaqından sonra ikinci dəfə sürgün həyatı yaşayır. Qaçqınlığın elə sürgün qədər ağır olduğunu Mustafa bəy kimi Azərbaycanın 1 milyon əhalisi də öz taleyində yaşayıb...

Dəyərli Mustafa bəy əlbəttə ki, dərin siyasət adamı deyil. Musavat.com-a son müsahibəsindəki bəzi məqamlar da bu gerçəyi ortaya qoyur.

Məsələn, Mustafa bəy hesab edir ki, Qərbin ermənipərəst dövlətləri ona görə Ermənistanın yanındadır ki, Azərbaycan hakimiyyəti Rusiyaya qarşı deyil. “Biz qəti şəkildə rus diktatoruna qarşıyıq, Azərbaycan siyasəti isə ortada. Onun üçün Qərb ölkələri Azərbaycanı yüzdə-yüz dəstəkləmirlər. Amma Azərbaycan açıq-aşkar Rusiyaya qarşı olsa, dəstək daha çox olar...” deyir Mustafa bəy. O qədər absurd iddiadır ki... Qərb Azərbaycan həqiqətlərini deməsi üçün biz niyə mütləq kiməsə qarşı olmalı və ya kiminsə yanına sığınmalıyıq, bu nə siyasətdir, nə düşüncədir? Mustafa bəy Qərbin siyasətini az qala hər abzasda elə tərifləyir ki, sanki biz bu “marmeladın” içində nə mal olduğunu bilmirik, dünyadan təcrid yaşayırıq. Üstəlik, Mustafa bəy bilməmiş deyil ki, Qərbin yanında olan Kiyevin də 44 günlük müharibədə xüsusi dəstəyini görmədik, bəzi məqamlarda hətta erməniyə qahmar çıxmaq cəhdləri də vardı. 

Bəli, Azərbaycan bu müharibədə tərəf deyil, amma Ukraynın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Müharibədən bir neçə gün öncə dövlət başçısı səviyyəsində Kiyevə rəsim səfər edildi və mühüm sənədlər imzalandı. Azərbaycan humanitar sahədə Ukraynaya  daima dəstək verir. Mustafa bəy isə bunları nədənsə yada salmır, əvəzində isə deyir: “Təəssüf ki, Azərbaycan dövləti Rusiyanı, Putini aqressivləşdirməmək üçün Ukrayna ilə bağlı qərarlarda bitərəf qalır.” Yenə yanlış yanaşma, yenə yanlış təsbit...

Türkdilli dövlətlərin birlik axtarışlarına toxunan Krım tatarlarının liderinin dediklərinə diqqət edək: “Bu şəkildə ehtiyatlı davranası olsaq, bəlkə də böyük dəyişikliklər olmayacaq. Amma Ukrayna kimi davransalar, çoxdan Putin rejimi ortadan qaldırılardı. Təəssüf ki, belə davranışlar olmur.” Yəni hansı “Ukrayna nümunəsindən” söhbət gedir? Dağıdılmış, viran qalmış, ərazisi işğal altına düşmüş Ukrayna axı təkcə Rusiyanın “əli işi” deyil. Zelenski yəni Putinə münasibətdə Türkiyə liderindən ağıllımı oldu? İnkişafının ən yaxşı illərini yaşayan Tatarıstan nüminəsinin nəyi pisdir? Mustafa bəy unudur ki, Türk dünyasının birləşmə cəhdlərinin hədəfləri Putinin hakimiyyətdən getməsindən daha böyükdür! 

Biz Qərbin Ukraynanın başına hansı oyunlar gətirdiyini 2014-cü ildən bəri görürük, bu müharibədə onlar Rusiyadan heç də az suçlu deyirlər. Eləcə də Krımının işğalında.      

Rusiyanın 2014-cü ildə Krımı niyə ilhaq etdiyi hamının yadındadır, bunun ən böyük suçlusu həm də “NATO qoşunları bu gün-sabah Krımda olacaq” deyən Qərbin hərbi-siyasi gücləridir. Rusiyaya seçim imkanı qoymadılar, Moskva da ilhaqı saxta referendumla rəsmiləşdirdi. Mustafa bəy  hamıdan yaxşı bilir ki, Ukraynada hakimiyyətə gələnlər Krım tatarlarına güvənmədilər, yarımadada onların sayının artmasına guya “separatçılıq təhlükəsini önləmək” üçün maneə yaratdılar. Rusların sayı məhz Ukrayna hakimiyyətlərinin korazehinliyi sayəsində artdı və Krımın ilhaqı gerçəkləşdi.

Krım işğal olunanda yazmışdım ki, “hanı bu ölkənin topu-topxanası ki, bir güllə atmadan ərazilərini Rusiyaya “birləşməsinə” imkan verdilər”. Birinci Qarabağ müharibəsində isə Azərbaycan quş tüfəngi ilə öz torpaqlarını qorumaq üçün Rusiyanın silahlandırdığı erməniyə qarşı gücü yetənə qədər dirəşdi.

Ukrayna müstəqillikdən sonra da Rusiyanın az qala “arxa baxçası” idi- hakimiyyət, ordu, kəşfiyyat hamısı Moskvanın nəzarətində idi. O səbəbdən Krım ilhaq olunanda, ölkənin şərqində separatçı qondarma qurumlar yaradılanda Ukrayna müqavimət təşkil edə bilmədi. Kiyevin başı Maydanda inqilab etməyə qarışmışdı. Amma Rusiya heç Maydanı da vermək istəmirdi, o səbəbdən barrikadalar quruldu, qırğın törədildi.

Rusiya işğalçıdır, aqressiv, aqressor ölkədir. Ukrayna nümunəsi bunun müasir dünyada təsdiqidir. Amma Qərb də nə ondan yönlüdür, nə ağıllı. Məgər İraq işğal deyildi? Əfqanıstan işğal deyildi? Kimin gücü varsa, o haqlıdır, dünyanın düzəni bu...

Biz isə yaşadığımız ölkəyə şükür etməliyik. işğaldan azad edilmiş torpaqlarımıza, Şuşaya görə...Bu qələbənin qiymətini bilmək lazımdır. Dünyada nələr baş verdiyini bir daha gördükdən sonra həm də.

Azad Krımda Mustafa bəylə görüşmək ümid ilə... 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR