İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa Bəyannaməsindən irəli gələn vəzifələr var və Türkiyə qətiyyətli addımlar atacaq”

5741 15.09.2022 20:10 Gündəm A A

Qafar Çaxmaqlı: “Açıq və qəti şəkildə deyilməlidir ki, Zəngəzur açılmayacaqsa, Laçın da bağlanacaq”

“Paşinyan Rusiya üçün məqbul fiqurdur, istəməsəydi, çoxdan onu aradan götürərdi”

Ermənistanın aqressiv davranışları, sərhəd boyunca törədilən təxribatlar bu ölkənin sülh anlaşmasının əldə olunmasında maraqlı olmadığını bir daha nümayiş etdirdi. Azərbaycanın növbəti dəfə “Dəmir Yumruğ”u işə salaraq, düşmənə sarsıdıcı zərbələr endirməsi bu mənada tam anlaşılandır və hətta ölkəmizə qarşı qərəzli mövqedə olan paytaxtlar da reallığı anladıqları üçün fakt qarşısında qalıblar. İrəvan Türk Cümhuriyyətinin başqanı, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı son durumla bağlı Musavat.com-un suallarını cavablandırdı.

- Qafar bəy, Ermənistan hansı cəsarətlə Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl atdı? Sizcə, burada məqsəd, məram nə ola bilər?

- Ermənistan faktiki olaraq Qarabağ ermənilərinin məsələsinin istədiyi kimi həll edilməsinə nail ola, həmçinin bu məsələni Azərbaycanla sülh sazişinin bir maddəsinə çevirə bilmir. Məsələni beynəlmiləlləşdirmək və Minsk qrupunu dirçəltmək, Avropa Birliyini də bu işə qoşmaq təşəbbüsləri də hələ ki, nəticə vermir. Amma ümidini üzmür və danışıqları , sülh prosesini gecikdirməklə nə vaxtsa vəziyyətin dəyişəcəyini fikirləşir. Rəsmi İrəvan beynəlxalq birliyi daha çox bölgə məsələlərinə cəlb etmək üçün Azərbaycanı provalasiyaya çəkir. Son iki gündə Ermənistanın müraciət etmədiyi qurum, ölkə qalmayıb, məsələnin BMT Təhlükəzlik Şurasına çıxarılmasına nail oldular. Məncə, onun cəsarətinin arxasında bu məram var. Rusiyanın təsir imkanlarının azaldığı bir dövrdə belə bir addımın atılması da erməni siyasi bicliyidir və inanmıram ki, o, Rusiyanı bölgədəki varlığından çəkindirə biləcək. Rusiya o dərəcədə zəifləməyib ki, Cənubi Qafqazdakı maraqlarından əl çəksin. Rusiya bunun fərqindədir, Ermənistanı Qərbə qapdırmamaq üçün yaxın vaxtlarda tədbirlərini görəcək.

- Nikol Paşinyanın son davranışları və ziddiyyətli açıqlamalarının açması nədir?

- Nikol Paşinyanın siyasi peşəkarlığı küçədən gəlib, hakimiyyəti ələ almasından sonra formalaşmağa başladı. Onun əvvəlcədən hadisələri görüb qiymətləndirmək qabiliyyəti yoxdur. Siyasi situasiya ortaya çıxandan sonra ona reaksiya verməsi bəzən yanlış addımlara səbəb olur və bütün hakimiyyətdə olduğu dövrdə eyni məsələyə ziddiyyətli münasibəti də bunadan qaynaqlanır. Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması, sülh prosesi Kommunikasiya xəttlərinin açılması kimi ciddi məsələrdə bir-birini təkzib edən açıqlamaları onun siyasətçi kimi zəif olduğunun göstəriciləridir. Son davranışları da sübut edir ki, Nikol hadisələri qiymətləndirmək qabiliyyətinə də malik deyildir. Ermənistanda da onu tənqid edirlər. O gün bir verilişdə təhsil işçisi olan bir nəfər erməni yıxıb-sürüdü. Ölkə indi çox gərgin atmosferdə olduğu halda, Paşinyan universitetlərin İrəvan şəhərindən çıxarılması məsələləri ilə məşğul olur...

- Ötən gecə Ermənistan parlamenti, hökumət evi mühasirəyə alınmışdı. Necə bilirsiniz, Paşinyan devriləcək, yoxsa terrora məruz qalacaq? Yoxsa bu tamaşanın ssenarisi elə Nikolun kabinetində yazılıb?

- Ermənistan elə ölkədir ki, orada gözlənilən, ssenarisi əvvəlcədən yazılan və gözlənilməyən hadisələr olur. 2022-ci il boyu İrəvanda mitinqlər keçirildi, müxtəlif qruplar istəklərini küçədə ifadə edə bildilər. Amma bu mitinqləri böyüdüb, hakimiyyəti sarsıdacaq səviyyəyə gətirə bilmədilər. Çünki onun ssenarisini hakimiyyət kulislərində yazmışdılar və bu mitinqlər Nikolun xeyrinə işlədi. Beynəlxalq aləmdə də demokratik alqı yaratdı. İndi isə gözlənilməyən bir durum yaranıb. Qəribədir ki, içəridəki müxaliflər deyil, Ermənistanın kənarında fəaliyyətdə olan TV kanalları hadisələrə yön verir. Bu mitinqlərin birinci səbəbi Azərbaycanla sərhəddə öldürülən əsgər meyidlərinin gəlməsi və xalqın buna təpkisidir. İkinci səbəb siyasidir. Həmin kanallar belə bir iddia irəli sürmüşdülər ki, cəbhədəki bu gərginlikdən sonra Nikol Paşinyan Ermənistanın maraqlarına zidd olan hansısa bir sənədi imzalayıb, ya da imzalamağa hazırlaşır. Dünən parlament və hökümət binaları ətrafına insanların toplaşmasının səbəbi də bu idi. Paşinyan məcbur qalıb telefonla canlı yayına çıxaraq, xalqa müraciət etdi, bu fikri təkzib elədi və dedi ki, o hər hansı bir sənədi imzalamayıb, belə bir sənədin layihəsi belə yoxdur. Ermənistanda populyar olan “Hanrayin dzayn” adlı internet kanalın aparıcısı Vartan Quqasyan efirdən xalqı sakitləşdirməyə çalışdı ki, Paşinyan belə bir sənədin olmadığını deyirsə, inanmalıyıq. Gərginlik bir az azaldı. Zənnimcə, Ermənistanda Paşinyanı bu yolla devirmək və yaxud ona hər hansı sui-qəsd etməklə aradan götürmək mümkün deyil. Xarici ölkələrdən biri buna razılıq verərsə, bu, baş verər. İndiki halda bu, Rusiyaya lazım deyil, o Paşinyanla işləyir. Paşinyan Rusiya üçün məqbul fiqurdur, istəməsəydi, çoxdan onu aradan götürərdi.

- İrəvanın Moskvaya müraciəti nticəsiz başa çatdı. Bəs, bundan sonar hansısa məqamda Rusiya və ya KTMT sərhəddəki proseslərə müdaxilə edə bilərmi?

- KTMT elə Rusiya deməkdir və sərhəddəki insidentlə bağlı Ermənistanın müraciəti bu qurumun toplantısında baxılarkən KTMT daxil olan ölkələrin heç də hamısı Ermənistanı haqlı hesab etmədilər və məsələni yerində öyrənmək üçün nümayəndələr göndərildi. Rusiya və KTMT Ermənistanın yanında yer alaraq Azərbaycana qarşı hər hansı hərbi fəaliyyət göstərə bilməz. Azərbaycanla Rusiya arasında 22 fevral 2022 -ci ildə müttəfiqlik anlaşması da var. Azərbaycan özü də Rusiyanın müttəfiqi sayılır. İkinci tərəfdən Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi Rusiyanın bundan çəkindirir. Rusiya indiki durumunda Türkiyə ilə münasibətləri Ermənistana görə korlamaq istəməz.

- Necə bilirsiniz, müharibəni yenidən alovlandırmaq hansı ölkələrin marağındadır? Rusiya, ABŞ, İran, yahamısı?

- Zənnimcə, Ermənistanla Azərbaycan arasında yeni bir müharibənin alovlandırılması Rusiyanın marağında belə ola bilər ki, o, Ukraynadakı məğlub durumunu və diqqəti başqa bir səmtə yönəltsin. Bu da az ehtimal edilir. Qərb ölkələri də Rusiyanı regiondan çıxarmaq üçün münasib fürsət kimi burada eskalasiyanı uyğun variant hesab etmirlər. Bu müharibə daha çox Ermənistan üçün cəlbedici ola bilər. O, çoxdan bəri siyasətini Qərbin bölgəyə daha aktiv şəkildə gəlməsi, müdaxiləsi üzərində qurub. ABŞ , Fransa və qonşu İran bir qədər kənarda qaldıqlarında istəyərlər ki, vəziyyət gərginləşsin . Hər ölkənin öz marağı var. Məsələn, İranın “qırmızı xətt” dediyi Ermənistanla sərhəddinin təhlükədə olduğunu bəhanə edərək, aktiv müdaxilə fürsəti əldə etməsidir.

-Azərbaycanın daxilindəki, Qarabağdakı erməni separatçılar da aktivləşib və Xankəndidə mitinq keçirirlər. Bəs, sülhməramlıların məzarət etdiyi ərazilərdə qurulan tamaşanın müəllifi kimdir?

- Ermənistanın sülh prosesinə başlamasının bir səbəbi Qarabağdakı erməni əhali ilə bağlı düşündüyü siyasətin həyata keçməməsidir. Azərbaycanın bütün dünya bəyan etdiyi “Qarabağ məsələsi yoxdur” fikrini pozmaq cəhdləri Xankəndində və digər yerlərdə əhalinin narazı olduğunu nümayiş etdirməkdir. Rus sülhməramlı kontingenti buna zaman-zaman icazə verir ki, Azərbaycana təzyiq etsin. Bu mitinqlərin də Ermənistan tərəfindən həmin məqsədlə edildiyi aşkardır. Azərbaycan ölkə içində sabitliyin pozulması faktını əsas gətirərək bölgəyə müdaxilə edə bilər. Öz ərazisində antiterror əməliyyatları keçirə bilər və gec- tez bunu etməlidir. Çünki 10 noyabr sazişi ilə nəzərdə tutulan öhdəliklər hələ də yerinə yetirilməyib. Qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan torpaqlarından çıxarılmayıb.

Azərbaycan antiterror əməliyyatlarına başlasa ona qarşı dünyanın indiki təpkisi bu dərəcədə olmayacaq. Əlimizdə əsas var və separatçılıq ortadan qaldırılmalıdır, silahlı birləşmələr zərərsizləşdirilməlidir. Azərbaycan öz suveren dövlət hüquqlarını nə vaxtsa bərpa etməlidir , ya yox?.. Rusiya sülhməramlılarının missiyası əhalinin təhlükəsizliyini təmin etməkdir. Azərbaycanın əhali ilə işi yoxdur və dəfələrlə bəyan olunub ki, bu ərazilərdə yaşayan ermənilərə Azərbaycan vətəndaşları kimi baxılır. Elə həmin qanunsuz hərbi birləşmələrdən, separatçı ünsürlərdən, terrorçulardan onların özlərinin qorunmağa ehtiyacı var.

- Sizcə, Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxması halında Laçın yolunun açıq qalması normaldırmı?

- Paşinyan dünənki xalqa səslənişində bir daha dedi ki, biz Azərbaycan Zəngəzurdan koridor verməyəcəyik. Ola bilsin bu xalqı sakitləşdirmək üçündü. Amma bu adamın həmin məsələ ilə bağlı ziddiyətli bəyanları da göstərir ki, həmin koridoru almaq üçün Azərbaycan başqa tədbirlərə əl atmalıdır. Ən məqbulu Laçın koridorunun bağlanmasıdır. Belə bir durumda Ermənistan məcbur olub həmin koridorun açılmasına gedəcək. Laçın yolu da 10 noyabr razılaşmasına əsaslanır, Zəngəzur koridorunun açılması da. Azərbaycan bu, iki nəqliyyat xəttinin eyni olduğunu, eyni məqsədlərə xidmət etdiyini önə sürməlidir. Açıq və qəti şəkildə deyilməlidir ki, Zəngəzur açılmayacaqsa, Laçın da bağlanacaq. Ona baxaq, görək Paşinyan nə deyəcək.

- Qardaş Türkiyə rəhbərliyi Tovuz döyüşlərindən sonra olduğu kimi, ortaya qəti mövqe qoydu. Şuşa Bəyannaməsi işə düşə bilərmi?

- Türkiyənin dəyişməz mövqeyi var və bu artıq qardaşlıq münasibətləri ilə deyil, beynəlxalq anlaşmalara dayanır. Əlbəttə, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələr var və Türkiyə qətiyyətli addımlar atacaq. Erməni diplomatiyası Türkiyənin Cənubi Qafqazdakı rolunun mümkün qədər azaldılması istiqamətində iş aparır. Ona görə də sərhədlərimizdə törədilən təxribatlara bənzər qarşıdurma və döyüşlərin olmasında maraqlıdır. Türkiyə açıq bəyan edib ki, Azərbaycan üçün məqbul olan variantlar doğrultusunda Ermənistanla münasibətləri normallaşdıracaq. Ermənilər bunu anlamırlar ki, bölgədə var olmaları üçün Türkiyə və Azərbaycana möhtacdırlar.

- İrəvan Türk Cümhuriyyəti olaraq ordumuzun Göycə-Zəngəzur istiqamətində irəliləməsini, Göyçə gölünün göründüyü məsafədə bayrağımızı ucaltmasını necə qarşıladınız?

- İrəvan Türk Cümhuriyyəti qarşısına 5 milyona yaxın Qərbi Azərbaycan türklərinin öz vətənlərinə dönməsinə çalışılacağı barədə açıq məqsəd qoyub. Qərbi Azərbaycan yalnız Göyçə, Zəngəzur, Dərələyəzdən ibarət deyil, digər ərazilər də bizim tarixi vətənimizdir. Bizim torpaqlarda ədalətsizcəsinə bir terrorçu dövlət qurulub. İTC Ermənistan adlı dövləti tanımır. Bu yerin əsil sahibləri və onların nəsilləri gec-tez bu torpaqların əsil sahibinə çevriləcəklər. İrəvan Azərbaycandır!

Elşad Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR