İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Bəyannaməsindən Azərbaycan - Türkiyə konfederasiyasına doğru-rəylər

664 03.03.2023 16:00 Siyasət A A

Türkiyə və Azərbaycan arasında sıx münasibətlər səbəbindən iki ölkənin konfederasiya tipli dövlətdə birləşməsi ideyası zaman-zaman gündəmə gəlir. Türkiyədə baş verən zəlzələdən sonra bu məsələ yenidən sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Belə ki, zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə ən böyük yardımı məhz Azərbaycan edib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin 700-dən çox əməkdaşı Türkiyənin zəlzələ bölgəsində başladılan axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub. Dövlətin yardımları ilə yanaşı, Azərbaycan vətəndaşları da Türkiyəyə yardım məqsədilə kampaniyalar təşkil edərək, qardaş ölkəyə dəstək göstəriblər.

Ən çətin günlərdə belə Azərbaycan və Türkiyənin həmrəylik nümayiş etdirməsi iki ölkənin konfederasiyada birləşməsi təkliflərini aktuallaşdırıb.

Məlumat üçün bildirək ki, konfederasiya tipli dövlət formasında müstəqil dövlətlər hüquqi anlaşma əsasında vahid ittifaq çərçivəsində birləşirlər. İttifaqa daxil olan subyektlər nisbi suverenliyə malik olur və nəzəri-formal-hüquqi əsasda özünün siyasi müstəqilliyini, konstitusiyasını, silahlı qüvvələrini, maliyyə və hüquq sistemini qoruyub saxlayır.

Konfederasiyalarla bağlı səsləndirilən tənqidlərdən biri budur ki, ittifaqa daxil olan dövlətlər arasında bir çox məsələlər razılaşdırılmamış və həll edilməmiş qalır. Daha çox ümumi məsələlər - müharibə və sülh məsələsi, xarici siyasət kursu, vahid ordunun, milli maliyyə və hüquq sisteminin formalaşması məsələləri birgə razılaşdırılır.

Bugünkü federasiya tipli dövlətlər bir zamanların konfederasiya idarəetmə sisteminə malik olub. Məsələn, İsveçrə 1848-ci ilədək konfederasiya dövlət quruluşunda olub, hazırda isə federasiyadır. Federasiya idarəetmə formasına malik olan ABŞ 1776-cı ildən 1787-ci ilə, Almaniya isə 1870-ci ilədək konfederasiya olub.

Bəs Azərbaycanda Türkiyə ilə konfederasiyanın yaradılmasını ideyasına münasibət necədir?

Tənzilə Rüstəmxanlı – Rəsmi İnternet Saytı

Tənzilə Rüstəmxanlı 

Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, bu ideya təxminən 25 ildir səslənir. T.Rüstəmxanlı bu fikri dəstəklədiyini ifadə etdi: “Bu, hər iki ölkənin siyasi iradəsindən asılıdır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. İki ölkə hər mənada bir-birinə dəstək olur. Taleyüklü məsələlərdə Azərbaycan və Türkiyənin həyata keçirdiyi siyasət demək olar ki, eynidir. Proses daxili və regional məsələlərdəki maraqlar da nəzərə alınaraq davam edir. Qeyd etmək yerinə düşər ki, xalqlar arasında bununla bağlı hər hansı fikir ayrılığının olacağını zənn etmirəm. Azərbaycan-Türkiyə konfederasiyası ideyası dəstəklənsə də, bunu bir anda həyata keçirmək asan deyil. Bu, mürəkkəb prosesdir. Konfederasiyanın yaradılması hər iki dövlətin istəyindən asılıdır. Qarabağ məsələsi hələ tam həll olunmayıb. Həm də bu məsələnin həll olunmasında konfederasiyanın yaradılması önəmli rol oynaya bilər”.

Oqtay Qasımov FHN-də baş verən olaylardan DANIŞDI: “Əlbəttə ki, bu  məsələlər…”

Oqtay Qasımov 

Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov təklifə münasibətini belə bildirdi: “Azərbaycan cəmiyyətində Türkiyəyə birmənalı münasibət var. Tarixi sınaqlar hər iki ölkənin münasibətlərinin necə möhkəm əsalara dayandığını göstərməkdədir. Xüsusilə Azərbaycan müstəqillik qazandıqdan sonra bu özünü bir daha göstərdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı müddətdə münasibətlərin inkişaf tempi artdı, bir çox məsələlərdə məsləhətləşərək ortaq qərarlar alındı. Xatırlamaq yerinə düşər ki, Türkiyə bizə Vətən müharibəsi zamanı dəstək olduğu kimi, Azərbaycan da ötən il meşə yanğınları zamanı Türkiyəyə əlindən gələn köməyi etdi. Fevralın 6-da baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün də xilasedicilər göndərildi, zəlzələdən əziyyət çəkənlərə maddi yardımın, eləcə də lazımi ilkin ehtiyacların göndərilməsi üçün müvafiq tədbirlər görüldü. Azərbaycan dövləti və xalqı humanitar yardımda birlik nümayiş etdirdi. Bununla da iki dövlət arasında dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri bir daha sübut edildi”.

O.Qasımov qeyd etdi ki, münasibətlərin yüksək səviyyədə olduğunu dövrdə yenidən Türkiyə-Azərbaycan konfederasiyasının yaradılması mövzusunun aktuallaşması təsadüfi deyil. O xatırlatdı ki, münasibətlərin hüquqi təminatı Şuşa Bəyannaməsi ilə təsdiq olunub: “Bəyannamə  iki ölkə arasında bütün sahələr nəzərə alınaraq imzalanıb. Göründüyü kimi, siyasət, iqtisadiyyat, ticarət, hərbi-texniki əməkdaşlıq, o cümlədən mədəniyyət sahəsində hər iki dövlət arasında münasibətlər inkişaf etməkdədir. Münasibətlərin konfederasiya formasında inkişaf etdirilməsinə gəlincə, bu, daha çox tarixi şəraitdən və gələcəkdə baş verəcək proseslərdən asılı ola bilər. Nəzərə almaq lazımdır ki, bəzən konfederativ və federativ münasibətlər qarışıq salınır. Konfederasiya təşkilatlar, qurumlar və ya dövlətlər arasında müəyyən ortaq və məhdud mənfəətlər üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə yaranan birlikdir. Məlumdur ki, hər iki dövlətin fəal iştirakı ilə Türk Dövlətləri Təşkilatı yeni inkişaf mərhələsindədir. Əlbəttə ki, gələcəkdə geopolitik dəyişikliklər olarsa, yaxud beynəlxalq şərtlər bunu diktə edərsə, inteqrasiya prosesi daha sıx şəkildə davam edə bilər. Şəxsən mən konfederativ münasibətlərin tərəfdarıyam. Bu formada münasibətlərin dövlətlərin suverenliyinə xələl gətirmədiyini vurğulamaq istəyirəm. Bu gün Müstəqil Dövlətlər Birliyi faktiki olaraq konfederativ qurum kimi görünə bilər. Eyni zamanda diqqət etmisinizsə, Avropa Birliyi bir çox məsələdə vahid mövqe bildirir. Xüsusilə maliyyə, xarici siyasətlə bağlı məsələlərdə münasibətləri yaxınlaşdırmağa çalışırlar ki, bu da konfederativ münasibətlərin bir forması hesab oluna bilər. Nümunə olaraq, Britaniya Millətlər Birliyini (British Commonwealth of Nations) misal çəkmək olar ki, qurumda keçmiş Britaniya İmperiyasının tərkibində olmuş dövlətlər birləşib. BMB-ə Böyük Britaniyadan başqa, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və digər ölkələr daxildir. Bu baxımdan, Azərbaycan və Türkiyə arasında konfederativ münasibətlərin yaranması nə Azərbaycanın, nə də ki, Türkiyənin suveren hüquqlarını məhdudlaşdırmır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR