İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt redaksiyalara girdi: Baş redaktorlar ChatGPT-yə "hə" dedi, yoxsa "yox"?

329 28.07.2026 09:05 Ölkə A A

Bir vaxtlar jurnalistin ən böyük silahı bloknotu, diktofonu və iti qələmi idi. Bu gün isə həmin siyahıya daha bir "iş yoldaşı" qoşulub: süni intellekt. Xüsusilə ChatGPT kimi platformalar artıq təkcə texnologiya həvəskarlarının deyil, redaksiyaların da gündəlik iş prosesinə daxil olub. Bir neçə saniyə ərzində mətn hazırlamaq, faktları sistemləşdirmək, başlıq təklif etmək, hətta reportaj üçün ideyalar formalaşdırmaq artıq adi hala çevrilib.

Lakin bu texnoloji sıçrayış media cameəsində birmənalı qarşılanmır. Bir qisim jurnalist hesab edir ki, süni intellekt vaxt itkisini azaldır, operativliyi artırır və yaradıcı prosesdə faydalı köməkçidir. Digərləri isə bunun jurnalistikanın mahiyyətinə zərbə vurduğunu düşünür. Onların fikrincə, süni intellekt məlumatı emal edə bilər, amma hadisənin nəfəsini, insan taleyinin ağrısını, reportyorun müşahidəsini və müəllif qələminin fərdiliyini əvəz edə bilməz. Onlar hesab edirlər ki, ChatGPT-nin yazdığı mətnlərdə informasiya olsa da, ruh, hiss və emosional dərinlik çatışmır.

Dünyanın aparıcı media qurumlarında da bu məsələ ətrafında müzakirələr davam edir. Bəzi redaksiyalar süni intellektdən yalnız texniki və köməkçi vasitə kimi istifadəyə icazə verir, bəziləri onun tətbiqi ilə bağlı daxili qaydalar hazırlayır, digərləri isə müəyyən sahələrdə istifadəsini məhdudlaşdırır.
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkənin aparıcı xəbər saytlarının redaktorları və baş redaktorları süni intellektə necə yanaşırlar? Müxbirlərə hansı həddə qədər ChatGPT və digər süni intellekt alətlərindən istifadə etməyə icazə verilir?

Bu suallara cavab tapmaq üçün Azərbaycanın tanınmış xəbər saytlarının redaktor və baş redaktorlarının mövqeyini öyrəndik.

Xalid.jpg (39 KB)

Tanınmış jurnalist və publisist Xalid Kazımlı Musavat.com saytına açıqlamasında bildirib ki, müasir həyatda jurnalistin, ümumiyyətlə, istənilən mütəxəssisin süni intellektə müraciəti qaçılmazdır: “Bu, zəngin məlumatlara, elektronlaşdırılmış kitabxanalara müraciət deməkdir. Jurnalist baş vermiş hadisələrin dəqiq taixini, iştirakçılarını, səbəb və nəticələrinin lakonik rezümesini əldə etmək üçün ya müvafiq kitabları vərəqləməlidir (həm də saatlarla), ya da müvafiq sualı Sİ-yə ünvanlayıb cavab almalıdır. Mən özüm tez-tez yazılarımda Sİ məlumatlarından istifadə edirəm. Ancaq hansısa bir mövzuda tamamilə Sİ-dən istifadə edərək yazı yazılmasını doğru saymıram. Bu, həmin müəllifin yazısı olmur, həm də indiyə qədər seçilmiş mövzuda yazılmış yazıların rezümesi, duyğusuz, üslubsuz bir yazı olur, koloriti olmur, sırf informativ xarakter daşıyır. Yəni Sİ-dən istifadə də sudan istifadə kimi olmalıdır - qədərində”.

Oxu.Az-ın əməkdaşı Prezident tərəfindən TƏLTİF OLUNDU - Oxu.az

Oxu.az saytının baş redaktoru Ülviyyə Gülməmmədova
saytımıza bildirib ki, süni intellekt müasir dövrün alətidir: “ İT mütəxəssisləri arasında belə bir deyim mövcuddur ki, süni intellektdən istifadə etməyi bacaran şəxslər işsiz qalmayacaqlar. Ona görə də bu alətlə işləməyi qadağan etməyi düzgün saymıram və etmirəm.

Ancaq burada belə bir məsələ qabarır – süni intellektdən hansı səviyyədə istifadə etmək. Düşünürəm ki, süni intellekt özü də insan zəkasının məhsulu olduğu üçün heç vaxt onu əvəz edə bilməz. Həmçinin süni intellekt real hadisələri müxbir kimi (elə hadisə yerindən) çatdıra, emosiyaları ötürə bilməz. Müxbirin və süni intellektin hazırladığı materiallar dərhal bir-birindən seçilir. Məsələn, süni intellekt bəzən olmayan faktları uydurur, yaxud materialı daha gözəl təqdim etmək üçün gərəksiz sinonimlərdən, əlavələrdən istifadə edir. Həmçinin müəyyən axtarış sistemləri süni intellektlə hazırlanmış məzmunu dərhal aşkarlayır və həmin mətnlərdən istifadə edən saytları bir növ bloklayır. Süni intellektdən böyük dataların, foto və videoların emalında, eləcə də fakt yoxlanışında (kadrların tutuşdurulması və s.) istifadə etmək olar”.

1753105483_efqan_qafarli.jpg (28 KB)


Modern.az saytının redaktoru Əfqan Qafarlı bildirib ki, Modern.az-da süni intellektdən istifadəyə qadağa qoyulmayıb: “Əksinə, hesab edirik ki, bu texnologiya jurnalistin işini asanlaşdıran, vaxt qazandıran və məhsuldarlığı artıran müasir alətdir. Redaksiyada əməkdaşlara süni intellektdən istifadə etmələri tövsiyə olunur, amma bunun müəyyən çərçivələri var.

Bizim prinsipimiz ondan ibarətdir ki, süni intellekt jurnalistin yaradıcılığını əvəz etməməli, amma onun işini tamamlamalıdır, yəni süni intellekt jurnalistə kömək etməlidir.
Süni intellekt tərcümə, məlumatların sistemləşdirilməsi, ilkin mətn layihəsinin hazırlanması və ideyaların formalaşdırılması kimi işlərdə jurnalist üçün yaxşı köməkçidir. Ancaq faktların yoxlanılması, informasiyanın dəqiqləşdirilməsi, xəbərin kontekstinin düzgün qiymətləndirilməsi və son redaktə mütləq müəllifin öz məsuliyyəti olmalıdır.
Mən hesab edirəm ki, elə bir zamana gəlib çatmışıq ki, istəsək də, istəməsək də müasir jurnalistika yeni texnologiyalarla ayaqlaşmalıdır. Süni intellekt artıq dünyanın bir çox sahəsində olduğu kimi, mediada da reallığa çevrilib və bundan tam imtina etmək nə mümkün, nə də məqsədəuyğundur. Dövr bunu tələb edir.


Ancaq burada əsas məsələ süni intellektdən necə istifadə edilməsidir. Əgər bu texnologiya jurnalistin işini sürətləndirir, məlumatın emalını asanlaşdırır və yaradıcı prosesə dəstək verirsə, onun tətbiqi faydalıdır. Lakin süni intellekt jurnalistin peşəkarlığını, analitik düşüncəsini, mənbələrlə işləmək bacarığını və etik məsuliyyətini əvəz edə bilməz.
Düşünürəm ki, yaxın gələcəkdə uğurlu redaksiyalar süni intellektdən necə gəldi istifadə edən yox, ondan düzgün istifadə etməyi bacaranlar olacaq. Çünki süni intellekt alətdir. O, məzmunun keyfiyyətini təkbaşına müəyyən etmir. Keyfiyyəti müəyyən edən jurnalistin peşəkarlığı, məsuliyyəti, təcrübəsi və hadisələrə baxışıdır. Dövr bizdən texnologiyalardan qorxmağı yox, onları doğru idarə etməyi tələb edir”.

Elnur.jpg (43 KB)


“Yeni Sabah” saytının baş redaktoru Elnur Məmmədli mövzuya belə yanaşıb: “Redaksiyamızda süni intellektdən istifadə ilə bağlı heç bir qadağa qoyulmayıb. Əksinə elə məsələlər var ki onu təşviq etməyə çalışıram. Çünki süni intellekt xəbər hazırlanmasında, fotoların seçilməsində başlıqlarda və buna bənzər bir çox işlərdə kifayət qədər yardımçı ola bilir. Amma bütün hallarda xəbərin tam olaraq süni intellekt məhsulu olmasını düzgün hesab etmirəm. Bununla bağlı qadağa var. Çünki diqqətli oxucu süni intellektin hazırladığı xəbəri bir neçə cümlədən hiss edə bilir. Məncə bu yaxşı hal deyil. Seni intellektdən yalnız xəbərin daha tez hazırlanması, redaktəsi üçün istifadə olunmasını dəstəkləyirəm. Bu baxımdan süni intellekt bizim üçün vacib köməkçi vasitə olmalı, amma son qərarı verən, məsuliyyəti daşıyan və peşəkar yanaşmanı ortaya qoyan yenə də jurnalist qalmalıdır”.

Xaqani.jpg (112 KB)


Azpost.info saytının baş redaktoru Xəqani Səfəroğlu deyir ki, onlarla əməkdaşlıq edən jurnalistlər daha çox öz peşə ənənlərinə istinad edərək yazıları hazırlayırlar: “Yəni, jurnalist dəst-xətti əsas götürülür. Amma süni intellekt bu gün qaçılmaz bir vasitəyə çevrilir. Faktların dəqiqləşdirilməsində, tarixi məsələlərin araşdırlmasında, iqtisadi rəqəmlərin, prezident sərəncam və fərmanlarının dəqiqləşdirilməsində süni intellektdən istifadəni məqbul sayırıq.


Etiraf etmək lazımdır ki, bu vaxta xeyli qənaət edir. Amma süni intellekt mətnlərinin kopy-past edilməsinə icazə verilmir. Çünki bu alqoritmlər bir çox hallarda təhriflərə yol verir, yazılarda qeyri-real məsələlər əks olunur. Odur ki, Sİ mətnləri jurnalistdən peşə üçün etik məqamları nəzərə almağı tələb edir. Yəni jurnalist öz yazısında üslubunu, yazı mesajını canlı olaraq göstərməlidir.


Süni intellekt jurnalisti əvəz etmir, amma jurnalistin məhsuldarlığını artıra bilər. Fikrimcə, süni intellekt getdikcə müasir redaksiyanın qaçılmaz alətinə çevrilir. Necə ki, vaxtilə internet, axtarış sistemləri və ya sosial şəbəkələr jurnalistikanın ayrılmaz hissəsi idi. İndi AI da eyni yolu keçir.
Ancaq bir prinsip dəyişməz qalır. Faktların yoxlanılması, mənbələrin təsdiqi və redaksiya məsuliyyəti canlı jurnalistin üzərindədir. Süni intellekt məlumat istehsal edə bilər, amma jurnalistikanın əsas prinsipləri olan dəqiqlik, obyektivlik və məsuliyyət yalnız peşəkar jurnalist tərəfindən təmin olunur”.

Zaur.jpg (38 KB)


“Unikal” Media Qrupun baş redaktoru Zaur Əhməd əməkdaşların süni intellektdən istifadəsinə qarşı deyil:” Əksinə, bəzi hallarda bunu təşviq də edirik. Xüsusilə mətnlərin tərcüməsi, foto və videoların işlənməsi kimi texniki proseslərdə süni intellektin imkanlarından yararlanmaq faydalıdır. Bu məsələdə əməkdaşlarımız üçün hər hansı qadağa yoxdur. Ancaq jurnalistika elə bir peşədir ki, burada yaradıcılıq həmişə ön planda olmalıdır. Təəssüf ki, indi elə bir dövrə gəlib çıxmışıq ki, 3-4 cümləni çətinliklə yaza bilən insanlar özlərini iri həcmli “mətn”lərin müəllifi kimi təqdim edirlər. Halbuki, onlar süni intellektə bir neçə sınıq-salxaq cümlə yazaraq, ortaya çıxan mətni öz yaradıcılıqları kimi göstərirlər. Peşəkar mediada isə mətnin hazırlanmasını və ya tərcüməsini tamamilə süni intellektin öhdəsinə buraxmaq düzgün deyil. Jurnalist öz üslubunu, ifadə tərzini və peşəkar yazı texnikasını qorumalıdır. Əks halda, zamanla müəllifin fərdiliyi, özünəməxsus tərzi itə bilər.


Ümumiyyətlə, heç bir süni intellekt peşəkar və yaradıcı jurnalisti əvəz edə bilməz. Xüsusilə bədii-publisistik və analitik janrlarda müəllifin qələmi, düşüncə tərzi və fərdi baxışı açıq şəkildə hiss olunmalıdır. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində yazılı medianın daimi oxucuları çox vaxt müəllifin adını görmədən belə, yazının kimə məxsus olduğunu üslubundan müəyyən edə bilirdilər. Çünki hər jurnalistin özünəməxsus "dadı-duzu", öz nəfəsi var idi. Məhz bu fərdilik peşəkar jurnalistikanın ən böyük üstünlüklərindən biri hesab olunurdu. Bu gün də süni intellektin təqdim etdiyi imkanlardan yararlanmaq vacibdir. Lakin bunu yaradıcılığı əvəzləyən deyil, işi asanlaşdıran köməkçi vasitə kimi qəbul etmək lazımdır”.

Maho.jpg (443 KB)


Tanınmış jurnalist Məhəmməd Türkmən saytımıza açıqlamasında bildirib ki, tam qadağan etmək, nə də həddindən artıq təşviq etmək düzgündür: “ 100% hər şeyi süni intellektə həvalə etməyi, "iki dəqiqəyə hazır yazı yazacaqsınız" deyərək təşviq etmək redaksiya heyətini tənbəlləşdirər. Qadağa qoymaq isə redaksiyanı geridə qoyar. Çünki artıq XXI əsrdə, müasir dövrdə yaşayırıq və süni intellekt hər gün daha da inkişaf edir, imkanları genişlənir. Bu inkişafdan yararlanmaq lazımdır. Lakin hər şeyi süni intellektin öhdəsinə buraxmaq tənbəlləşməyə və kadr kimi gərəksizləşməyə gətirib çıxarır.


Redaksiya rəhbərliyi işçiyə məvacib verir. Onlar demir ki, yazını süni intellektə yazdırıb redaktora göndər, redaktor da süni intellektlə redaktə edib sayta yerləşdirsin. O zaman insan əməyinə nə ehtiyac qalır? Rəhbərlik əməkhaqqını nə üçün ödəyir? Məsələ süni intellektdən düzgün istifadə etməkdədir. Tutaq ki, yazı hazırlayırsınız, sizə mənbələr və araşdırma lazımdır. Məsələn, mən öz araşdırmalarımda bundan istifadə edirəm. Çünki mövzusundan və mənbələrdən asılı olaraq bir araşdırmaya 3-5 gün vaxt gedir. Süni intellektdən istifadə etməsəm, günlərim daha çox itirilər. Burada süni intellekt vaxta qənaət etməyə kömək edir. Məsələn, konkret tapşırıq verirəm: "Filan saytı araşdırıram, bununla bağlı məlumatlar lazımdır. Açıq mənbələrdən, müxtəlif dillərdən mənə mənbələr tap". Tutaq ki, hansısa bir şəbəkəni ifşa edirəm, haradan bilim ki, Böyük Britaniyadakı hansısa bir agentlik, qurum və ya media orqanı bununla bağlı məqalə dərc edib? Bunu “Google”da özümün axtarıb tapmağım həddindən artıq çox vaxt aparar. Mən elə “Google”un öz süni intellekt alətindən istifadə edərək müvafiq mənbələri tapıram. Sonra həmin mənbələri oxuyur, araşdırır, tərcümə edir və ya sadəcə informasiya kimi istifadə edirəm.

Süni intellekt sizə kömək etmək üçündür. Əgər bütün işi "al, mənim üçün yazı yaz" deyib ona gördürürsünüzsə, artıq ondan sui-istifadə edirsiniz və bir mütəxəssis kimi gərəksizləşirsiniz.


Bu hal geniş yayılsa, hər şey süni intellektə həvalə edilsə, insanlar sadəcə tənbəlləşəcək. Bütün bunlara görə də süni intellektdən yalnız işinizin vacib hissələrində, təxminən 20%-də istifadə etməlisiniz. Tamamilə imtina etmək də olmaz, çünki geridə qalarsınız. Lakin 100% ona arxalanmaq düzgün deyil, bu, insanları həm tənbəlləşdirir, həm də gərəksiz kadrlar halına gətirir".

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR