İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda aldadılan 50 vətəndaş dələduzluq edənin həbsini tələb edir

1384 13.09.2023 17:14 Kriminal A A

Sumqayıtda aldadılan 50 vətəndaş onlara qarşı dələduzluq etmiş “Edinorojka” Uşaq İnkişaf Mərkəzi və sair adlarla mini bağçalarda təlimçi olan vətəndaş Zərinə Natiq qızı Səfixanova və həmin mərkəzlərdə direktor işləmiş, yaxın tanışı Şahmar Abdullayevin həbs olunması üçün Baş Prokurorluğa üz tutublar.

Onlar qarşılaşdıqları cinayət əməlinə hüquqi qiymət verilməsi üçün baş prokurorla görüşmək niyyətindədədirlər.

ZERİNE.jpg (104 KB)

Zərərçəkənlər Musavat.com-a bildirib ki, 2020-ci ildən 2023-cü ilədək Sumqayıt şəhərində müxtəlif ünvanlar və adlarla fəaliyyət göstərmiş “Edinorojka” Uşaq İnkişaf Mərkəzi və sair adlarla mini bağçalarda təlimçi olan vətəndaş Zərinə Natiq qızı Səfixanova həmin mərkəzlərdə direktor işləmiş, yaxın tanışı Şahmar Abdullayevlə birgə cinayət əlaqəsinə girərək, etibarlarından sui-istifadə etməklə onları aldadıblar:

“Bu adamlar dələduzluq yolu ilə biz vətəndaşlara məxsus külli miqdarda pulları mənimsəyiblər. Onlar öz cinayət əməllərini biz vətəndaşlardan kurs keçmək adı ilə, saxta mədaxil qəbzi əsasında pullar almaqla və kursdan sonra saxta sertifikatlar verməklə aldadaraq işlə təmin etmək adı ilə əvvəlcədən hazırladıqları plan əsasında həyata keçiriblər. Bundan əlavə, vətəndaş Zərinə Səfıxanova həyat yoldaşı adlandırdığı, mərkəzin direktoru Şahmar Abdullayevlə birgə faktiki olmayan uşaqlarının xəstəlik və sair bəhanələri adı altında öz əməkdaşları olan, biz zərərçəkmişləri aldadaraq etibarımızdan sui-istifadə etməklə, qısa müddətdə qaytaracaqları adı ilə külli miqdarda pullarımızı alaraq dələduzluq yolu ilə mənimsəyiblər. Vətəndaş Zərinə Səfixanova və Şahmar Abdullayevdən dəfələrlə pullarımızı istəsək də, onlar bizə pullarımızın qaytarılması ilə bağlı yalan vədlər verərək, bu günədək ödəməkdən yayınıb gizlənirlər. Bildiririk ki, yuxarıda qeyd etdiyimiz faktlarla bağlı hazırda əlimizdə olan video-material, səsli mesajlar, kütləvi informasiya vasitələrinin çoxsaylı yazı və məqalələri kimi materiallar var. Həmin məlumatları da Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinə təqdim etməyə hazırıq”.

Xatırladaq ki, şikayətdə adı keçən Zərinə Səfixanova barəsində 07.06.2023-cü il tarixdə Musavat.com saytında “Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: “Xəstə uşağım var” adı ilə vətəndaşları belə aldadır - ŞOK FAKTLAR https://musavat.com/news/bagca-mudirinden-aglasigmaz-firildaq-xeste-usagim-var-adi-ile-vetendaslari-bele-aldadir-sok-faktlar_982513.html sərlövhəli yazı dərc olunub.

“Yeni Müsavat” redaksiyasına müraciət edən Ayşən Azər qızı Azərli Zərinə Səfixanovanın onu aldadaraq 5 min 500 manat pulunu aldığını bildirmişdi. Həmin yazıdan sitat: “Mən, Ayşən Azərli Azər qızı pandemiya dönəmində “B-Academy” onlayn kursuna qoşulub, Zərinə Natiq qızı Səfixanovadan 2 aylıq rus dili dərsi almışam. 27 iyun 2022-ci il tarixində Zərinə Səfixanova mənimlə əlaqə saxlayaraq uşağının başına su yığıldığını və həmin gün təcili əməliyyat edilməli olduğunu bildirdi. Daha sonra məndən borc olaraq maddi dəstək istədi. Mən isə əməliyyat pulunu tamamlamaq məqsədi ilə özüm də daxil olmaqla tanışlarımdan 1000 manat məbləğində pul yığdım və həmin şəxsə göndərdim. İlk əməliyyatın Ege Hospitalda, 2-ci əməliyyatın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu bildirdi. Daha sonra həmin şəxs məndən dəfələrlə eyni bəhanə ilə borca pul istədi. Mən isə hər dəfə inanıb ona pul göndərirdim. Məbləğlər 800, 1000, sonra yenədən 1000 manat, 700 manat, 250 manat və 800 manat olmaqla, cəmi 5550 manat təşkil edir. Mənə hər dəfə vəd verirdi ki, maşını var və onu sataraq borcunu qaytaracaq. Ancaq sözünü tutmadı. Sonra nə zənglərimi açdı, nə də mənimlə əlaqə saxladı. Məsələdən şübhələnib 2022-ci ilin payız aylarında Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə şikayət etdim. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsindən məni çağırdılar və 3 dekabr 2022-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinə gedib, orada ərizə yazdım. Həmin şəxs də idarədə ərizə yazdı. Ərizəni yazarkən məlum oldu ki, uşaq onun öz uşağı belə deyilmiş. Etibarımdan sui-istifadə edib. Mən isə olmayan “xəstə uşağa” görə günlərlə, hətta aylarla pis olub, nələrsə etməyə çalışdırdım və edirdim də. Zərinə Səfixanova Natiq qızı ərizəsində bildirdi ki, hər ay mənə 500 manat ödəməklə borcunu bağlaya biləcək. Lakin təəssüf ki, verdiyi sözün üzərində yalnız 2 ay dura bildi. Bakı Şəhər Baş Polis İdarəsinin nəzarəti ilə 400 manat, 600 manat və 100 manat olmaqla, 5550 manat ümumi məbləğdən yalnız cəmi 1100 manat geri qaytardı. Sonra isə bəhanələrinə davam etdi. Hal-hazırda onun mənə 4450 manat ödəməli olduğu məbləğ qalıb. Bunu is ondan heç cürə ala bilmirəm”.

O zaman zərərçəkən bildirmişdi ki, Zərinə Səfixanova “Sumqayıt Business Center”də yerləşən “ZM Language Centre” adında özəl kursun rəhbəridir. Eyni zamanda “Sumqayıt Business Center”də yerləşən özəl mini bağça olan “Edinorojka İnkişaf Mərkəzi” və “Kolobok Tədris Mərkəzi”ndə direktor vəzifəsində çalışır.

Şikayətlərlə bağlı Zərinə Səfixanova ilə də əlaqə saxlamağa çalışdıq. Lakin Zərinə Səfixanova zənglərimizə cavab vermədi. Onun və Şahmar Abdullayevin də mövqeyini dərc etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR