Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin şagirdi Mirnicat Mustafazadə Londonda keçirilən nüfuzlu “TeenEagle” beynəlxalq ingilis dili olimpiadasında böyük uğura imza atıb.
Musavat.com xəbər verir ki, dünyanın 75 ölkəsindən 300-ə yaxın şagirdin qatıldığı yarışda Mirnicat Mustafazadə “spelling” (sözlərin düzgün yazılışı) nominasiyası üzrə dünya birincisi olub.
Bundan əlavə, Mirnicat yalnız bu nailiyyətlə də kifayətlənməyib. O, knowledge quiz üzrə qızıl medal, writing və speaking üzrə də gümüş medalla vətənə qayıdıb.
Yarış iştirakçıların ingilis dili biliklərini, analitik düşüncə qabiliyyətini, yazı və nitq bacarıqlarını qiymətləndirir. Müsabiqə “spelling” (sözlərin düzgün yazılışı), “knowledge” (ümumi bilik), “writing” (yazı) və “speaking” (şifahi nitq) mərhələlərindən ibarətdir.
Mirnicat Mustafazadə Musavat.com-a müsahibəsində yarışa hazırlıq prosesindən, qazandığı uğurdan, gələcək hədəflərindən və beynəlxalq arenada ölkə bayrağını təmsil etməyin yaratdığı hisslərdən danışıb.
Mirnicat bildirib ki, beynəlxalq olimpiadada iştirak etmək imkanı ona məktəbində ingilis dili fənnini tədris edən müəllimi Ruhəngiz Paşanın təşəbbüsü və tövsiyyəsi ilə yaranıb.
Onun sözlərinə görə, yarışa hazırlıq prosesi səkkiz ay davam edib: "Hazırlıq müddətində hər gün orta hesabla üç saat məşğul olur, müxtəlif tapşırıqlar üzərində çalışırdım. Bu müddətdə həm biliklərimi, həm də özümə inamımı artırmağa çalışdım".
Məktəbli yarışın dörd mərhələdən ibarət olduğunu deyib: " Mənim üçün ən çətin hissə “writing” - yazı mərhələsi oldu. Buna baxmayaraq, “spelling” mərhələsində ən yüksək nəticəni göstərərək dünya birincisi oldum". Mirnicat hesab edir ki, onu digər iştirakçılardan fərqləndirən əsas amil istedad deyil, əzm və zəhmət olub. O bildirib ki, ingilis dilinə marağı hələ uşaqlıq illərində yaranıb: "İngilis dili dünyanın ən geniş yayılan beynəlxalq ünsiyyət dillərindən biridir. Bu dili öyrənərək beynəlxalq olimpiadalarda iştirak etməyi və uğur qazanmağı qarşıma məqsəd qoymuşdum. Eyni zamanda, ən böyük amallarımdan biri ingilis dili vasitəsilə ölkəmlə bağlı həqiqətləri dünyaya çatdırmaq, Azərbaycanı beynəlxalq mühitdə layiqincə təmsil etməkdir" .
Mirnicat uğur qazanmasında müəllimlərinin və ailəsinin əvəzsiz rol oynadığını da vurğulayıb: "Heç bir uğur təkbaşına qazanılmır. Müəllimlərim mənə bu yolda necə irəliləməyi göstərən mayak oldular. Ailəm isə hər çətinlikdə məni qoruyan liman oldu. Onların dəstəyi olmasaydı, bu nəticəyə çatmaq daha çətin olardı".
Dünya birincisi onu da deyib ki, mükafatlandırma mərasimində yaşadığı hissləri sözlə ifadə etmək mümkün deyil: "Azərbaycan bayrağını görmək və ölkəmi təmsil etmək sözlə ifadə olunmayacaq qədər böyük qürur, şərəf və həyəcan hissi idi. Həmin an bütün zəhmətimin bəhrəsini gördüyümü hiss etdim".
Gələcək planlarından danışan Mirnicat bildirib ki, məqsədi ali təhsilini xaricdə davam etdirməkdir: "İlk hədəfim “IELTS” imtahanından yüksək nəticə əldə etməkdir. Daha sonra xarici universitetlərdən birinə qəbul olaraq təhsilimi davam etdirmək istəyirəm. Gələcəkdə Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almağı planlaşdırıram”.
Azərbaycanlı yaşıdlarına da tövsiyələrini bölüşən məktəbli onların beynəlxalq yarışlardan çəkinməməsini vacib sayır: “Öz üzərlərində daim işləsinlər, biliklərini inkişaf etdirsinlər və beynəlxalq olimpiadalarda iştirak etsinlər. Bu yarışlar həm böyük təcrübə qazandırır, həm də insanın özünə inamını artırır".
Mirnicatın fikrincə, beynəlxalq olimpiadalarda uğur qazanmağın əsas sirri istedaddan çox zəhmətdən keçir.
Afaq Mirayiq,
Musavat.com






