İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar tezliklə Qarabağdan çıxır? :Bakı və Moskva anlaşma içində - SENSASİYA

752 26.09.2023 08:14 Gündəm A A

Hərbi ekspert: “Azərbaycan Rusiya sülhməramlı kontingentinin zamanı gələndə çıxmasının da heç bir problemsiz, Rusiya ilə əməkdaşlıq şəraitində baş verməsində maraqlıdır”
“Rusiya vasitəçilər arasında son söz demək hüququnu özündə saxlayıb. Putinlə Əliyev arasında söhbətə görə, indi vəziyyətin (Qarabağda -red.) həlli üçün Moskvanın köməyi ilə çox şey razılaşdırılır. Amma mən hesab edirəm ki, Moskva əgər təsdiqləyibsə ki, Qarabağ Azərbaycandır və bu ərazidə baş verən hər şey Azərbaycanın daxili işidir, çox güman ki, sülhməramlı kontingent bu il ərazini tərk edəcək. Peskov da bir gün əvvəl demişdi ki, "erməni soyqırımı" üçün heç bir zəmin görmür".

Bu sensasion fikri rusiyalı tanınmış politoloq Sergey Markov söyləyib.

Öz növbəsində digər rusiyalı politoloq Leonid Radzixovski deyib ki, Rusiya Qarabağdan 2025-ci ildən tez çıxa bilər. Musavat.com xəbər verir ki, bu barədə o, Haqqin.az-a bildirib.

Onun qənaətincə, Azərbaycan bütün Qarabağ bölgəsinə nəzarəti bərqərar etdikdən sonra Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin taleyi Moskva ilə danışıqlarda həll olunacaq: “Düşünmürəm ki, Azərbaycan öz ərazisində xarici qoşunların olmasında maraqlıdır və buna görə də yəqin ki, sülhməramlıların Qarabağı tərk etməsini istəyəcək. Digər tərəfdən, Rusiya qoşunları niyə Azərbaycan ərazisində olsun ki? Rusiya ordusunun mövcudluğu Azərbaycan və Türkiyə ilə daima intriqalara səbəb verməkdən savayı heç nəyə yaramayacaq”.

Onun sözlərinə görə, Kreml bunu yaxşı anlayır, ona görə də praktiki maraqlara söykənərək, təbii ki, Qarabağdan qoşunlarını çıxaracaq: “O ayrı məsələ ki, Rusiya öz kontingentini gücləndirmək üçün onları Ermənistandakı bazaya köçürə bilər. Lakin 44 günlük müharibə zamanı Rusiyanın Ermənistana praktiki olaraq heç bir şəkildə kömək etməməsindən və Azərbaycanın Qarabağda son antiterror tədbirlərindən sonra Rusiya bazasının olması artıq Moskvanın Ermənistanın maraqlarını qorumağa hazır olması kimi şərh edilə bilməz. Yəni lazım gələrsə, Kreml İrəvana hərbi yardım göstərsin, bu olmayıb və olmayacaq. Ermənistanın qisas almaq istədiyi və bir müddət sonra Azərbaycana qarşı hərbi əməliyyatlara başlayacağı kimi inanılmaz variantı fərz etsək belə, Rusiya yenə onu dəstəkləməyəcək, çünki Kreml üçün bu, Türkiyə ilə münaqişəyə girmək demək olardı. Bu da Putin üçün qəbuledilməzdir. Moskva ilə əlaqə saxlayan yeganə böyük siyasətçi və NATO ölkəsinin lideri olaraq Ərdoğanla münasibətlər Putindən ötrü son dərəcə dəyərlidir. Rusiyanın şübhəsiz ki, saxlamaq istədiyi yeganə şey Cənubi Qafqazda hərbi mövcudluğudur. Ki, heç kim Rusiyanın bu regionu tamamilə tərk etdiyini deyə bilməsin. Putinin istədiyi də budur. Amma bu ona nəsib olacaqmı? Sual açıq qalır”.

İki rusiyalı analitikin proqnozu nə dərəcədə gerçəyə yaxındır? Qəbələdəki Rusiya RLS-i kimi Rusiya sülhməramlı kontingenti də ərazimizi sakitcə tərk edəcəkmi və nə vaxt?

2108575.jpg (30 KB)

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, lokal antiterror tədbirlərinin həyata keçirilməsi Qarabağ iqtisadi rayonunda vəziyyəti kökündən dəyişdi. Bu, əlbəttə ki, tamamilə təbidir və hər şey beynəlxalq qanunlar, Azərbaycan Konstitusiyasına uyğun olaraq aparılıb və aparılır. Son bir neçə gündə bütün dünya gördü ki, erməni separatçıların 30 ildən artıq işğalında olan Qarabağ dünyanın ən silahlandırılmış, özü də qanunsuz silahlandırılmış ərazlərindən biridr. Belə bir vəziyyət təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz və ətraf region üçün təhlükə, təhdid mənbəyi idi: “Azərbaycanın keçirdiyi antiterror tədbirləri bütün qeyd etdiyim bölgəni əslində gələcək təhlükələrdən xilas etmiş oldu. Rusiya sülhməramlılarına gəlincə, lokal antiterror əməliyyatları başlayandan indiyə qədər keçən müddətdə onların davranışını normal hesab etmək olar. Bundan öncəyə qədər olan üç ilə yaxın müddətdə isə sülhməramlılar davranışları ilə elə bir vəziyyət yaratmışdılar ki, Azərbaycan az qala onların ərazimizi tərk etməsi məsələsini qaldırmaq üzrə idi. 10 noyabr üçtərəfli bəyanatı hələ qüvvədə olduğu üçün bu gün əminliklə söyləmək olmaz ki, Rusiya sülhməramlıları çox yaxın zamanlarda-2025-ci ildən daha tez Azərbaycan ərazisindan çıxacaqlar. Maraqlıdır ki, sülhməramlıların yaxın zamanlarda Azərbaycan ərazisindən çıxacağını Azərbaycan siyasi ekspertləri deyil, məhz Rusiyanın tanınmış siyasi ekspertləri bildirirlər. Bu fikirlərin arxasında real informasiyanın dayandığını, yoxsa sadəcə mülahizə olduğunu isə bu gün dəqiq söyləmək mümkün deyil. Əslində həmin ekspertlərin şərhləri məntiqlidir. Şübhəsiz ki, əgər sülhməramlılar öz vəzifələrindən kənar, Azərbaycan qanunlarını pozan hərəkətlərə yol verərlərsə, o zaman Azərbaycan dövlətinin hüququ var onların çıxarılması məsələsini qaldırsın. Bu gün üçün isə dediyimiz kimi, onların belə hərəkətlərə yol verdiyinin qeydə alındığı barədə məlumatlar yoxdur”.

Hərbi ekspertin sözlərinə görə, o da istisna deyil ki, Ermənistan silahlı qüvvələrinin qalıqları, erməni terror qrupları tərk-silah olub ərazimizdən çıxarıldıqdan, eləcə də erməni əhali könüllü şəkildə öz istəyi ilə Ermənistana çıxıb getdikdən sonra sülhməramlı kontingent bölgəni tərk edə bilər: “Çünki qeyd olunan vəziyyətdə onların işləri yekunlaşmış sayılır. Əgər Rusiya sülhməramlı kontingentini süni şəkildə Azərbaycan ərazisində saxlamağa çalışarsa, o zaman Azərbaycan-Rusiya, Türkiyə-Rusiya münasibətlərində problemlər meydana gələ bilər. Bundan isə Rusiya daha çox itirər. Hesab edirəm ki, Kreml üçün bu arzuolunan vəziyyət deyil. Azərbaycan Rusiya sülhməramlı kontingentinin zamanı gələndə çıxmasının da heç bir problemsiz, Rusiya ilə əməkdaşlıq şəraitində baş verməsində maraqlıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR