İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh sazişindən sonra Paşinyan vəzifədən gedəcək...” - Qərbin “B planı”nda nələr var...

1367 23.05.2023 09:40 Siyasət A A

Siyasi şərhçi: “Sülh sazişini imzalayacaq yeganə erməni siyasətçi bu gün Nikol Paşinyandır, Qərb onu saxlayacaq”

 “Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə namizəd axtarılır”. Bu barədə “Past” erməni nəşri yazıb. “Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə namizəd axtarılır”, - deyə qəzetində dərc edilən məqalədə bildirilir.

Nəşr iddia edir ki, Ermənistan və Azərbaycan arasında mümkün razılaşmada maraqlı olan mərkəzlər, xüsusən də Qərb ölkələri sülh müqaviləsi imzalandıqdan sonra Nikol Paşinyanın hakimiyyətdə qalmasının ciddi problem olacağını başa düşürlər: “Qərb anlayırlar ki, sülh sazişi imzalanandan sonra Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun deyil. Ona görə də onlar "B planı" üzərində işləyirlər. Artıq onun yerinə bir neçə mümkün qərbyönlü namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında Paşinyan komandasının bəzi nümayəndələrinin, eləcə də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var".

Qəzet habelə bildirib ki, Moskvada da bu məsələ ilə bağlı müzakirələr gedib. Ancaq hansı yöndə? Bu haqda heç nə bəlli deyil.

Aydındır ki, Azərbaycanla Ermənistanın bir-birinin suverenliyi və ərazi bütövlüyünü (86.6 və 29.8 min kv km) qarşılıqlı şəkildə tanıdığı sülh sənədi və ya çərçivə sazişindən sonra Paşinyana daxildən revanşist-radikalların təzyiqi ikiqat, üçqat artacaq. O zaman istefa gerçəkdənmi yeganə çıxış yolu olacaq? Bəs onun xələfi sülh prosesini davam etdirə biləcəkmi? Rusiya nə dərəcədə bu prosesə seyrçi qalacaq?

Abutalıb Səmədov: Ali Baş Komandanın qətiyyətli siyasətinin təqdir olunması  Azərbaycanın haqlı mübarizəsində vahid mövqeyin və milli həmrəyliyin bariz  nümunəsidir

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Qərb ABŞ başda olmaqla, ilin sonuna qədər sülh sazişini imzalatdırmaq niyyətindədir. Bu məqsədlə həm ABŞ, həm Avropa Birliyi çox ciddi fəallıq göstərir: "Son altı ayda təkcə ABŞ-ın dövlət katibinin vasitəçiliyi ilə üç görüş təşkil olunub. Eyni zamanda Prezident müşaviri Sallivanın da iştirakı ilə məhsuldar danışıqlar aparılıb. Brüssel də fəallaşıb və qarşıda iyul görüşü var. Bundan əvvəl Moldova paytaxtında keçirilən Avropa Siyasi Birliyinin ikinci sammitində yenə də sülh sazişini müzakirə etmək nəzərdə tutulub. İlin sonunda Qranadoda keçiriləcək üçüncü sammitdə də Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək planlaşdırılıb. Bütün bunlıar göstərir ki, Qərb ilin sonuna qədər sülh müqaviləsini imzalamağı qarşısına bir məqsəd kimi qoyub. Təbiidir ki, bu, Rusiyanın maraqlarına cavab vermir. Ancaq prosesi açıq-aşkar pozmaq da Rusiyanın imkanları xaricindədir. Ona görə Rusiya da fəallaşıb və qarşıda mayın 25-də Moskvada növbəti görüş keçiriləcək. Sülh sazişini imzalayacaq yeganə erməni siyasətçi mən hesab edirəm ki, bu gün Nikol Paşinyandır. O, bir tərəfdən proseslərə kifayət qədər ayıq yanaşır, reallıqları digər erməni siyasətçilərlə müqayisədə düzgün anlaya bilir və yeri gələndə cəsarət də göstərə bilir. Ona görə təbiidir ki, sülh sazişini Nikol Paşinyanın imzalayacağı heç kimdə şübhə doğurmur. İmzaladıqdan sonra Ermənistanda çox ciddi etirazların olacağı da şübhəsizdir. Bu şəraitdə Paşinyan hakimiyyətdə qala bilərmi? Nəzərə alsaq ki, 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra Nikol Paşinyan hakimiyyətdə qala bildi və bir qədər sonra hətta parlament seçkilərini də uddu, güman etmək olar yenə də onu devirmək mümkün olmayacaq. Onu da nəzərə alsaq ki, Qərb Paşinyanın hakimiyyətdən getməyində qətiyyən maraqlı deyil, bu amil də onun hakimiyyətinin devrilməsi ehtimalını azaldır. Hətta Rusiya da bu gün onu yıxmaqda o qədər maraqlı görünmür. Çünki orada özünün namizədini hakimiyyətə gətirmək şansı yoxdur. Son variant Ruben Vardanyan idi, o da uğursuzluqla nəticələndi. Ancaq təbiidir ki, ehtiyat variantlar barədə düşünmək lazımdır və Paşinyanın hakimiyyətdən gedəcəyi halda onu əvəz edəcək namizəd indidən hazırlanmalıdır. Ancaq etiraf etməliyik ki, bu çox çətin məsələdir. Ona görə ki, sülh sazişi imzalandıqdan sonra hakimiyyətə gələn yeni baş nazir onu reallaşdırmaq istiqamətində addımlar atmalıdır. Bunun üçün də kifayət qədər cəsarəti və təbiidir ki, həm də səviyyəsi olmalıdır. Beləsini tapmaq mümkün olarmı? Paşinyanın komandasında hələ ki beləsi görünmür. Üstəlik, onun komandasında olub hakimiyyətə gəlmək də güman edirəm ki, o qədər asan deyil. Müxalifətdə də belə bir imkan yoxdur”.

A.Səmədovun sözlərinə görə, bütün bu amillərə görə güman etmək olar ki, hər halda, Qərb daha çox çalışacaq Nikol Paşinyanı hakimiyyətdə saxlasın: “Nəzərə alsaq ki, ABŞ-ın Ermənistanda çox böyük bir səfirliyi var və İraqdan sonra dünyada bu, ikinci böyük səfirlikdir və onun 2500 əməkdaşından təxminən 800 nəfəri dəniz piyadalarıdır, güman edirəm əlavə erməni hüquq-mühafizə orqanlarının yardımdan da istifadə eləyib Nikolu hakimiyyətdə saxlamaq mümkündür və bu, Qərbin maraqlarına cavab verir. Rusiya heç vaxt Cənubi Qafqazda baş verən proseslərə seyrçi qalmayıb və qalmaq imkanı da yoxdur. Lakin təsir imkanları da get-gedə azalır. Ona görə yenə də təbiidir ki, seyrçi qalmayacaq. Ancaq nə isə eləyə bilərmi? Mən inanmıram Rusiyanın Ukraynada başı qarışdığı bir şəraitdə Cənubi Qafqazdakı proseslərə aktiv təsir etmək imkanı olsun. Üstəlik, onun Paşinyanı əvəz edəcək namizədi də yoxdur. O baxımdan hesab edirəm ki, meydan Qərbin əlindədir, rıçaqlar Qərbin əlindədir və onlar bundan istifadə edib həm sülh sazişinin imzalanmasına nail olmalıdırlar, həm də sülh sazişini reallaşdıracaq ən real siyasətçi olan Nikol Paşinyanın hakimiyyətdə qalmasını təmin etməlidirlər”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR