İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh prosesi pozulsa... - Şuşa Bəyannaməsi işə düşə bilər!

3590 31.10.2022 12:18 Ölkə A A

31 oktyabr 2022-ci il Azərbaycan-Ermənistan münasibətləri kontekstində kritik gün ola bilər. Bu gün dünyanın, əlbəttə ki, hamıdan daha çox bizlərin diqqəti Soçidə Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında keçiriləcək növbəti görüşə yönələcək.

Bu gün Rusiya və Ermənistan konkret olaraq nümayiş etdirəcəklər ki, bölgədə sülh istəyirlər, yoxsa...

Son günlərdə baş verənlər, daha doğrusu Rusiya tətiklədiyi gedişatla göstərir ki, sülh müqaviləsinin baş tutmaması, Qarabağda erməni separatizmini gücləndirmək üçün əlindən gələni edir. Moskva hesab edir ki, Azərbaycan-Ermənistan arasında sülh olarsa, Qarabağ ermənilərinin birgəyaşayış məsələsini tərəflər öz aralarında həll edərsə, onda Rusiyaya bölgədə ehtiyac qalmaz. Ona görə sülhün, vəziyyətin normala dönməsinin ən azı illərlə uzadılmasına çalışır...   

Öncədən bəllidir, əslində nə Qərb, nə də Rusiya bölgəmizdə ədalətli sülh, Qarabağda sabitlik istəyir.

Kreml hazırkı mərhələdə Ukraynadan sonra Qafqazda da mövqelərini itirməmək, Qərbin bu bölgəyə daha çox nüfuz etməməsi üçün ermənilər üzərindən çox pis bir oyun oynayır.

Burda bir məqamı xüsusi ilə nəzərə almaq, vurğulamaq lazımdır ki, mövcud durumda Kremli ən çox narahat edən məqam Ermənistanın ondan üz döndərib, birmənalı şəkildə Qərbə yön alması, onların diqtəsilə hərəkət etməsidir. Ermənistanın Qərbə üz tutması de-fakto Rusiyanın bölgə ilə bağlı hikkəsini ikiqat artırır. Hətta Ermənistanda çevriliş də edə bilərlər.

Hələlik bunu ən son variant kimi saxlayırlar. Hazırda Rusiya Xankəndidəki erməniləri anti-sülh əhvalına kökləməklə, onların üzərindən öz planlarını həyata keçirməyə çalışır.

Paşinyan bu prosesdə rol almamış deyil. Bəzi ekspertlər vurğulayır ki, Rusiyanın sülh gündəliyini pozması Paşinyan iqtidarının heç də ürəyincə deyil. Sadəcə, Moskva Ermənistandakı müxtəlif güclərin əli ilə, habelə sülhməramlı kontingentini mandatlarından kənar fəaliyyətə cəlb etməklə, 31 oktyabr Soçi görüşü öncəsi Xankəndidə anti-sülh mitinqi təşkil edib.

Bu ehtimalı qəfildən Xankəndiyə transfer edilmiş, Rusiya vətəndaşlığından imtina edib Qarabağa gəlmiş milyarder Ruben Vardanyan mitinqin əsas təşkilatçılarından olması da gücləndirir. Hətta iddia var ki, Vardanyan Xankəndindən kənarda yaşayan erməniləri bura pulla cəlb edib, say görüntüsünü yaradıb. De-fakto Xankəndidə o qədər ümumiyyətlə yoxdur, Ermənistandan daşındığı şübhə doğurmur. Xankəndidə bu qədər erməninin olmadığını Rusiya da dəqiq bilir, dünya da, biz də!..

311989956_5943443809022145_6630301569856422492_n.jpg (103 KB)

Rusiya bununla həm Ermənistan hakimiyyətinə, Paşinyana demək istəyir ki, sən Qərbə üz tutsan, Azərbaycanla bizimlə razışlaşdırılmamış hansısa sülh variantını imzalasan, Xankəndidə də, İrəvanda da təxribatlar başladarıq.

Eyni zamanda Rusiya Azərbaycana da siqnallar ötürür ki, onun maraqlarına uyğun gəlməyən plana imkan vermək niyyətində deyil.

Digər və daha inandırıcı versiya odur ki, Paşinyan hakimiyyətini qorumaq üçün gizli şəkildə Rusiyanın pozuculuq planlarında birbaşa yer alır və buna rəvac verən davranışlar sərgiləyir.

Düzdür, Azərbaycan Ermənistandan fərqli olaraq Qərbin ruporu deyil. Ölkə Prezidenti İlham Əliyev ədalətli sülhün baş tutması üçün bütün tərəflərlə müzakirələrin, uzlaşmaların qaçılmazlığının fərqində olan mahir siyasətçidir. O, Azərbaycanın dövlət, xalq maraqlarını naminə Qərblə də, Rusiya ilə də nə zaman necə davranmağın lazımlılığını dəqiq bilir, hesablayır... 

O da sirr deyil ki, Rusiya Qərblə konfrontasiyanın pik həddində olduğundan onun Qafqazda sülhyaratma missiyasına çox qəzəbli şəkildə, yalnız öz maraqlarından yanaşır. Qısa desək, bu prizmadan yanaşaraq 10 noyabr Üçtərəfli Bəyanatına əməl etmir və qeyd etdiyimiz kimi, xoşagəlməz oyuna baş vurur. Putinin bir neçə gün öncə səsləndirdiyi bəyanatların da məğzi o idi ki, onun razı olmadığı sülh planına imkan verməyəcək. Yəni qəzəb Azərbaycana qarşı deyil, Qərbədir...

Qərb isə şübhəsiz ki, yaranmış durumda geosiyasi və geoiqtisadi maraqlarının təmini üçün daha liberal təkliflə bölgəyə nüfuz etmək niyyətindən çəkilməyəcək.

Bu gedişatda İran da Rusiyanın fitvasına gedərək öz bacardığı pislikləri etməkdən çəkinmədi. Hətta o ehtimal da var ki, İran Xankəndi şəhərindəki məlum anti-sülh mitinqinin təşkilində hansısa formada iştirakçıdır...

Başıboş, revanşist ermənilər isə anlamır, anlamaq istəmir ki, sülh prosesi baş tutmazsa, təxribatlara gedərlərsə, son nəticədə dəmir yumruq məhz onların başına dəyəcək.

Göründüyü kimi, hazırda çox mürəkkəb bir vəziyyət yaranıb.

Əlbəttə, bütün hallarda Azərbaycan haqlı mövqeyindən geri çəkiləsi deyil. Bunu bildiyimiz üçün Azərbaycan təmkinlə bu mərhələni də adlayacaq. Çətin mərhələdir, amma aşılmaz deyil. Ən çətini Qarabağı azad etmək idi. Bunu etmişiksə, edə bilmişiksə, növbəti gərginliklərin də öhdəsindən gələcəyik.

Amma indi hamını bir vacib sual düşündürür: Sülh prosesi pozularsa, nəticə nə olacaq və Azərbaycan bu mərhələdə nə etməlidir?

Bu suala Soçi görüşünün nəticələri, detalları bəlli olduqdan sonra daha aydın şərh vermək olar. Ancaq indidən də anlaşılan budur ki, Azərbaycan Türkiyə ilə daha da yaxınlaşmalıdır, Türk Ordusunun Azərbaycanda hərbi bazaları qurulmalıdır. Bunun üçün qanuni və real əsaslar yaranıb: Şuşa Bəyannaməsi məhz Azərbaycanın təhlükəsizliyinə, ərazilərinə, xalqına təhdid yaranacağı halda Türkiyənin birbaşa proseslərə bütün istiqamətlər üzrə müdaxiləsini nəzərdə tutur.

Soçi görüşündə arzuolunmaz vəziyyət yaranarsa, anormal planlar təklif edilərsə, nəticədə sülh prosesi tamamən pozularsa, o zaman Şuşa Bəyannaməsinin işə düşməsi an məsələsi ola bilər. Qardaş Türkiyə də əlbəttə ki, Azərbaycana qarşı başladılan oyunların fərqindədir və səssiz qalmayacaq...

Və ən əsası, Əgər Soçi görüşündə Azərbaycana qarşı hansısa bir qərar veriləcəyi gözləntisi olsaydı, vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək mümkünsüz görünsəydi, şübhəsiz ki, bu görüşdən imtina edərdi. Prezident artıq Soçidədir...

312351855_682343516578763_8419668197444299491_n.jpg (613 KB)

Hələlik görüşü və onun nəticələri gözləyək.

 

Elşad MƏMMƏDLİ

Musavat.com

 

  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR