İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh naminə yeni siyasət - Prezident Əliyevin usta gedişi

2432 24.10.2022 20:38 Siyasət A A

Hazırda regionda çox ciddi hadisələr yaşanır. Bölgəmizlə bağlı tam yeni siyasət yürüdülür! Əlbəttə, bütün proseslər məhz Azərbaycanın öncüllüyü və əsas iştirakçılığı, lokomotivliyi ilə baş tutur.

Və hadisələr elə sürətlə və incə manevrlərlə həyata keçirilir ki, hətta dünənki durum bugünkündən fərqlənə bilir.
Axır günlərin gedişatlarının fonunda son iki gündə, xüsusi ilə bu gün – 24 oktyabrda baş verənlər Cənubi Qafqazda çox mühüm bir prosesin təməlinin qoyulduğunu deməyə tam əsas verir.


Müşahidələrim üzrə qısa şərh: Regional siyasətdə və yanaşmalarında, addımlarında tamamilə haqlı olan, məqsədi yalnız sülh olan Azərbaycan ona təhdidlər yağdıran İranın aqressiv davranışlarına birbaşa dövlət televiziyasında sərt reaksiya bildirdi, yerini göstərdi. Eyni zamanda rəsmi kanalda Rusiya tənqid olundu. Bundan bir qədər sonra RF-na rus kanallarında rəsmilərin də iştirakı ilə Azərbaycana qarşı yağdırılan böhtanlara, təhriflərə görə rəsmi Bakı NOTA verdi.

Hazırda sosial şəbəkələrdə hər kəs bunlardan danışır, şərhçilər, politoloqlar mediada Azərbaycanın haqlı mövqeyinin izahını verirlər.

Təbii, baş verənlər təsadüfi deyil, xaotik deyil və nizamlı bir gedişatdır!
Əsaslandırması üçün bu baş verənlərlə eyni gündə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanda səfərdə olarkən səsləndirdiyi çox mühüm bəyanatlara diqqət yetirmək kifayətdir.

Cənab Prezidentin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra mətbuata bəyanatlarla çıxış edərkən olduqca vacib açıqlamalarından birinə, bəlkə də birincisinə diqqət edək: “...İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistanın məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”.

Bu kontekstdə digər mühüm açıqlama: "...Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir"...

edb267594f9f0cb24ce8d9fb2088e8b2_4038744.jpg (376 KB)


Prezidentin bu açıqlamalarından bir neçə saat sonra ABŞ məsələyə reaksiya verdi. ABŞ-ın Gürcüstandakı səfiri açıqlama yaydı və bildirdi ki, “Prezident İlham Əliyevin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair bəyanatı çox müsbət və ümidvericidir”.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnandan Sitat: “Region liderlərinin görüşü hər zaman müsbət olur. Gürcüstanın vasitəçi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın oynadığını rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın bu prosesdə uğurlu vasitəçilik hekayəsi idi. Bununla yanaşı, bu ölkələr arasında əməkdaşlıq və daha çox dialoqun aparıla biləcəyi bir çox fərqli sahələr var. Bu, istər enerji, istər iqtisadiyyat, istərsə də qarşılıqlı əməkdaşlıqla inkişaf etdirilməsi mümkün olan digər sahələrdir. Prezident İlham Əliyevin bəyanatı çox müsbət, ümidverici idi”.
Gürcüstan bölgədə ABŞ-ın ən yaxın müttəfiqidir. Onun vasitəçiliyi, yaxud bərabərtərəfli iştirakı ilə hələlik detallarını dəqiq bilmədiyimiz böyük bir proses başlayır.
Tamamilə yeni bir kursdur, mənzərədir, pəncərədir. Ən əsası, gedişat onu deməyə əsas verir ki, bu, Prezident İlham Əliyevin usta siyasətidir!
Siyasətdə nəyi, nə zaman etməyi dəqiqliyi ilə bilir!

Və o da aydın olur ki, son vaxtlar Azərbaycana qarşı şimal və cənubdan təhdidlərin, təxribatların çoxalması onların hansı narahatlığından doğurmuş!
Ancaq onlar bir həqiqəti anlamalı idilər və anlamalıdırlar: Azərbaycan qısa bir zamanda bölgədə sülhə nail olmaq, inkişafa doğru sürətlə addımlamaq və Qafqazda sülh olması üçün çalışır. Prioritet budur. Əgər bu bölgədə maraqları və ya hansısa bir şəkildə aidiyyəti olan güclər, tərəflər sülh prosesinin uzanmasına, təxribatlara rəvac verməklə baş qatmağa meyllənəcəksə, şübhəsiz ki, Azərbaycan sülhün baş tutması üçün daha fərqli proseslər aparacaq və istədiyinə nail olacaq! Hazırda bu doğru siyasətin şahidi olmaqdayıq. Əgər bu gün sülhə gedən yol Azərbaycan-Gürcüstan-Ermənistan müzakirəsində daha tez baş verəcəksə, optimal görünürsə, konkret vədlər, işlər varsa, digər sülh oyunları oynayanlardan üz döndəriləcək. Çünki bizə real sülh lazımdır! Buna yönəlik siyasətdə kim (ya Rusiya, ya Avropa, ya da ABŞ) səmimi olacaqsa, təbii bir əməkdaşlıq baş verəcək.

Həmçinin, bu sülhə, Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən İrana da yeri göstəriləcək. Necə ki, bu baş verməkdədir!
Qısa zamanda nəticələri olacağına böyük bir inamım var. Gedişat pozitiv düşünməyə əsas və ümid verir.
Düzdür, həm də kifayət qədər həssas və anormal qonşulara görə bir az da təhlükəli görünən prosesdir. Ancaq Azərbaycan Prezidenti dəfələrlə bəyan edib hansısa təhdidlər, hədələr rəsmi Bakını öz doğru – haqq yolundan çəkindirə bilməz.
Böyük bir arxayınlıq həm də ona görədir ki, Azərbaycan bütün məsələləri qardaş Türkiyə ilə birgə həyata keçirir. Hansısa bir kritik məqam yarada biləcəklərini düşünənlərə isə Şuşa Bəyannaməsi xatırladılacaq.
Yetər ki, yeni prosesdə iştirakçılar – xüsusən ABŞ səmimi olsun.

Elşad MƏMMƏDLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR