İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh müqaviləsi bağlansa belə, onun qalıcı olacağına təminat yoxdur” - Qafar Çaxmaqlı

544 23.05.2023 17:22 Siyasət A A

“Moskvada Rusiya prezidenti Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri arasında sülh sazişi ilə bağlı görüş ərəfəsində bu ölkənin mövqeyini ifadə etmə baxımından Paşinyanın mətbuat konfransında irəli sürdüyü fikirləri maraq doğurdu. 4 saat yarım sürən bu mətbuat konfransında Paşinyan bir çox məsələlərə aydınlıq gətirdi”.

Politoloq Qafar Çaxmaqlı bunu Musavat.com-a açıqlamasında deyib.

Rusiyanın vasitəçilik təşəbbüslərindən bəhs edən ekspert bildirib ki, əsas məsələ Ermənistan – Azərbaycan münasibətləri və danışıqların aparıldığı Vaşinqton-Brüssel-Moskva, daha sonra Kişinyov sahəsində gəlinəcək nöqtə baxımından yeni mərhələyə keçidin əldə olunmasıdır:

“Ermənistan rəhbəri bu konfransda verilən suallara cavab olaraq bildirir ki, Ermənistan Azərbaycanın 86, 6 min kavadrat kilometr ərazisini əslində tanıyıb, amma Ermənistanın 29,8 min kavadrat kilomert ərazisini də Azərbaycan tanımalıdır. İndiyə qədər Ermənistan da, Azərbaycan da bir-birinin ərazi bütövlüyünü tanıyıb. Almaatı Bəyannaməsini tez-tez xatırladırıq, amma hər iki ölkə hansı ərazilərlə tanıdığını ifadə etməyib. Paşinyanın sözlərindən belə çıxır ki, Ermənistan sülh sazişinə getməyə hazırdır. Amma sərhədlərin müəyyənləşməsi hələ başa çatmayıb. Sərhəd məsələlərində hələ aydınlaşdırılmamış məsələlər var, bu sülh danışıqlarını uzada bilər-deyir. Onu da bildirir ki, razılaşdırmadan sonra da demarkasiya və delimitasiya davam edə bilər”. Q.Çaxmaqlının sözlərin görə, bununla da Paşinyan Azərbaycanın işğal altında olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin geri verilməsi ilə bağlı Vaşinqtonda gündəmə gələn mövzunu arxa plana keçirmək istəyir: “Paşinyan deyir ki, Gədəbəy ərazisində olan ermənilərin “Artsvaşen” dedikləri Başkənd kəndinin ərazisi 3-4 Azərbaycan kəndinin ərazisinə bərabərdir. Bunu deməklə ərazi mübadiləsi məsələsini gündəmə gətirmək istəyir. Amma həm Kərkinin, həm Bağanis Ayrım, Barxudarlı və başqa kəndlərin strateji əhəmiyyəti Başkəndlə eyni deyil. Kərkinin strateji önəmi kifayət qədər yüksəkdir. Bu kənddən keçən yol Ermənistanın digər ərazilərini Zəngəzurla birləşdirən dəhlizdir. Kənd Azərbaycana keçərsə, bu yol bağlanacaq. Eyni sözü Qazaxın “anklavlar”ı ilə bağlı söyləmək olar. Buradan keçən yol Gürcüstanın Borçalısına gedən ana arteriyadır. Həm də bu yolun toplu halında yaşayan əhalimizin əlaqələri baxımından əhəmiyyəti var. Brüssel görüşündə bu məsələlər gündəmə gətirilib”.

Politoloq hesab edir ki, sadaladığı məsələləri Paşinyanın arzu etdiyi sülh sazişindən sonraya saxlamaq olmaz:

“Bu ərazilər onun tez-tez dilə gətirdiyi 86,6 min kavadrat kilometrə daxildir. Həm də bu məsələ həll edilməzsə, Ermənistanla Azərbaycan arasında uzun sürən münaqişə qalacaq. İstər qarşıdakı Moskva üçtərəfli danışıqlarında, istərsə də Kişinyovda gözlənilən görüşdə işğal altında olan “anlklavlar” problemi həll edilməlidir. Əks təqdirdə, sülh müqaviləsi bağlansa belə, onun qalıcı olacağına təminat yoxdur”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR