İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh imzalanmaması üçün Paşinyana terror edilə bilər”-ekspertdən ilginc açıqlamalar

1080 06.09.2022 21:24 Gündəm A A

“Azərbaycan 44 günlük müharibə başa çatandan bu yana sülhün vacibliyini qeyd edir. Ölkəmizin sülhlə bağlı ortada konkret mövqeyi mövcuddur. Belə ki, Azərbaycan bundan sonra Cənubi Qafqazın hansısa provokasiya meydanına çevrilməyini istəmir. Ölkəmizin sülhlə bağlı çağırışları həm lokal, həm də qlobal səviyyədə vacib əhəmiyyətə malikdir”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Ekspert bildirdi ki, Ermənistanla sülh sazişinin imzalanması lokal anlamda əvvəlcə yeni iqtisadi hərəkətlənmələr yaradacaq: “Bu iqtisadi yeniliklər ilkin anlamda Azərbaycanın patronajlığını bir daha gücləndirəcək, həm Ermənistan, həm də Gürcüstan üçün yeni manevr imkanları formalaşacaq. Digər tərəfdən, Rusiya, İran və Çin daha sabit və təhlükəsiz Cənubi Qafqazdan alternativ ticarət arealı kimi geniş imkanlar əldə edə biləcək. Eyni zamanda Ermənistanla sülh sazişindən narahat olan qüvvələr var. Bunlar isə İran, Rusiyadakı müəyyən siyasi dairələr, Ermənistandakı revanşistlər, Fransa və erməni lobbisinin təsiri altında olan Qərb imperialistləridir. İran bir tərəfdən anlayır ki, Zəngəzur dəhlizi və Ermənistanla Azərbaycan arasındakı sülh İranın özü üçün də yeni imkanlar deməkdir. Digər tərəfdən isə teokratiya Azərbaycan və Türkiyənin Ermənistana təsir imkanlarının artmasından narahatdır. Rusiya isə normallaşma prosesinin iqtisadi faydalarında maraqlıdır, amma eyni zamanda normallaşma münaqişə ehtimalını minimallaşdırır ki, bu da nəticədə qarşıdurma nəticəsində regiona təsir imkanlarını məhdudlaşdırır”.

T.İsmayılovun sözlərinə görə, eyni zamanda Ermənistandakı revanşist qüvvələr fərqindədir ki, Azərbaycanla sülh, Türkiyə ilə münasibətlərin normallaşması yeni və inkişaf edən proseslərdir: “Məhz Pasinyan iqtidarının ömrünü daha tez bitirmək, Ermənistanda faşist əhval-ruhiyyəni gündəmdə saxlamaq indi revanşistlərin bir nömrəli məqsədidir. Erməni lobbisi və təsirində olan Fransa kimi ölkələr isə əlaqələr düzələcəyi təqdirdə hansısa siyasi mövcudluq nümayiş etdirə bilməyəcəklər. Yəni, lobbinin aldığı qrantları və elə aldığı siyasətçiləri manipulyasiya etmək imkanları daralacaq. Paşinyana sui-qəsdlər realdır. Ermənistan hüquq-mühafizə sistemində də agentura şəbəkələri mövcuddur. İdarəetmə məhəlli və bərbad vəziyyətdədir. Belə olan təqdirdə Pasinyan öz həyatına olan risklərin fərqindədir. Bakı istənilən fors-majora hazırdır. Bu gün ölkəmiz regionun ən vacib ölkəsidir. Bütün siyasi təsisatlar və ordu ən yüksək səviyyədə inkişaf edib. Ermənistanda hakimiyyətdə kimin olmağından asılı olmayaraq əməl edilməli razılaşmalar var”.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov

Politoloq istisna etmir ki, Paşinyana sülh imzalanmaması üçün terror edilə bilər: “Amma Ermənistan dövlət olaraq öhdəliklərə imza atıb. Ermənistanın həqiqətən heç bir başqa yolu qalmayıb. Təsəvvür edək ki, Ermənistan sülhdən imtina edir. Nə olacaq? Birincisi, bu ölkənin iqtisadi mövcudluğu bərbad haldadır. Ölkənin dövlət borcunun misli-miqdarı bilinmir. Azərbaycanla sülh olmadan ölkəyə heç kimi dayanıqlı kapital qoymayacaq. İkincisi, sülhün alternativi yeni münaqişə tendensiyalarıdır ki, bu zaman da Ermənistan tamamilə süqut olmuş halıyla heç nəyə qadir deyil. Ermənistanın hər bir təxribatı növbəti anti-terror əməliyyatlarımıza rəvac verəcək. Ermənistan isə "Qisas 2" başlayanda heç nə edə bilməyəcəyinin fərqindədir. Bu gün Ermənistandan siyasi alət kimi istifadə edənlər də bir şeyin fərqindədirlər ki, hətta Pasinyan hakimiyyətdən götürülsə belə, Ermənistanın heç nəyi olmayacaq, nə qədər dəstək verilsə də”.

 

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR