İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh imzalanan kimi Ermənistan qarışacaq, Paşinyanı isə...”

1253 28.10.2023 10:50 Siyasət A A

ABŞ-dan təhdid-proqnoz; erməni baş nazir nədən qorxur?

İlin sonuna təxminən iki ay qaldı. Zaman çox qısa olsa da, hələ də müəyyən ümid var ki, bu müddətdə Ermənistan Azərbaycanla sülh müqaviləsi və ya onu əvəzləyəcək hansısa çərçivə sənədi imzalayacaq. Bununla da yeni müharibə ehtimalı faktiki sıfıra enəcək. Təbii ki, İrəvan bir daha müharibə arzulamırsa və Nikol Paşinyan özündə siyasi cəsarət tapacaqsa. Bəs buna mane olan nədir?

Amerikalı politoloq Endryu Korıbkoya görə, Ermənistan Azərbaycanla sülh müqaviləsinə razılıq verə bilər, lakin Paşinyanın buna siyasi iradəsinin olub-olmadığı bəlli deyil, çünki belə bir addım ölkə daxilində ultramillətçi iğtişaşlara səbəb ola bilər (Caliber.az).

“Paşinyan rəngli inqilab nəticəsində hakimiyyətə gəlib, lakin indi nə qədər ironik görünsə də daha bir oxşar silahlı etirazın onun özünün devrilməsi ilə nəticələnəcəyindən qorxur. Bu tamamilə mümkün ssenaridir, nəzərə alsaq ki, erməni cəmiyyətində ultramillətçi ovqat güclüdür və üstəlik, ona Fransa və ABŞ-dakı diasporun güclü təsiri var. Ona görə də bəzi böyük iğtişaşların baş verəcəyi gözləniləndir, istər təbii olsun, istərsə də qismən xaricdən, yuxarıda qeyd olunan diaspor qrupları tərəfindən təhrik edilən iğtişaşlar. Hansı qruplar ki, yerləşdikləri ölkələrin kəşfiyyat xidmətlərinin vəkili qismində çıxış edirlər. Bu, o halda baş verə bilər ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaq və Zəngəzur dəhlizini açacaq”, - amerikalı təhlilçi ehtimal edib.

Onun fikrincə, baş nazir işi sona çatdırmaq üçün ordusunun, kəşfiyyatının və təhlükəsizlik qüvvələrinin etibarlılığına arxayın olmalıdır: “Çünki həmin güclərin daxilindəki bəzi elementlər Paşinyanın iğtişaşları yatırmaq üçün verəcəyi əmrləri yerinə yetirməkdən imtina edə və hətta onlardan Paşinyana qarşı ultramillətçi çevriliş üçün vasitə qismində istifadə oluna bilər”.

Mövzunu İlham İsmayılla davam etdirdik. Amerikalı ekspert haqlımı? ABŞ Paşinyanı qorumayacaqmı, yoxsa Nikol Qərbə sülh sənədi imzalanana qədər lazımdır?

İlham İsmayılın oğlu saxlanıldı

 İlham İsmayıl

Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Paşinyan sülh sazişini imzalayacağı halda hansı situasiya ilə üzləşmə ehtimallarını amerikalı politoloqdan daha yaxşı bilir. Əgər Paşinyan sülh sazişi imzalaycağı halda hakimiyyətinin devriləcəyi ehtimalının olduğunu bilirsə, həmin ehtimalı aradan qaldırar və təhlükəni sıradan çıxarandan sonra sazişi imzalayar: “Şəxsən mən amerikalı politoloqun sülh müqaviləsi imzalanacağı halda Paşinyanın devriləcəyi barədə fikirlərinin əsaslı olduğuna inanmıram. Belə bir ehtimal yoxdur. Əksinə, Paşinyanın son günlərdəki çıxışları, müsahibələri də göstərir ki, yaxın aylarda Azərbaycanla sülh müqaviləsini imzalamağın lazım olduğu qənaətinə gəlməkdədir. Paşinyan əmindir ki, sülh müqaviləsini imzalayarsa onu hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil. Nikolu hakimiyyətdən uzaqlaşdırmaq istəyənlər bunu bacarsaydılar 2020-ci ildə 44 günlük müharibədən sonra bunu edərdilər. Lakin o zaman bunu bacarmadılar. Uzun müddət Paşinyan hakimiyyətinə qarşı yumşaq güc tətbiq etdilər yenə alınmadı. İqtisadi cəhətdən sıxmağa çalışdılar, indi də Qarabağla bağlı sıxışdırırlar, Qarabağdan ermənilərin köçünü də revanşist düşüncədə olan Qarabağ klanı kütləvi şəkildə təşkil etdi ki, İrəvanda böyük qarışıqlıq yaratsınlar. Yenə də Paşinyanı devirməyi bacarmadılar. Çünki həm Ermənistan cəmiyyətinin böyük hissəsi revanşistlərə etimad göstərmir, həm də Qərb Paşinyan hakimiyyətinin qalmasında maraqlıdır. Qərb Paşinyanı qoruyur. Bütün bunlara görə də mən inanmıram ki, sülh müqaviləsi imzalanarsa Paşinyan devriləcək. Ermənistan cəmiyyətində də sülh sazişinin imzalanmasını istəyənlərin sayı artıb, onlar istəyirlər ki, bu məsələlərə son qoyulsun. Xüsusilə Xankəndi problemi bitəndən sonra sülh sazişinin imzalanmasının qarşısındakı böyük əngəl aradan qalxmış olub”.

Ekspertin sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanmaması bölgədə gərginliyi artırmaq istəyən başqa qüvvələrin marağında ola bilər. Bu gün nə Rusiya o imkandadır ki, Cənubi Qafqazda xüsusi gərginlikdə maraqlı olsun, nə də İran. Ona görə də Paşinyanın bu faktorları da nəzərə alaraq maksimum çalışacaq ki, sülh müaviləsi tez imzalansın: “Çünki zaman keçdikcə sülh müqaviləsinin imzalanmaması Paşinyana qarşı olan bəzi qüvvələr üçün bir zəif  bənd kimi görünə bilər və Paşinyana qarşı bundan istifadə edə bilərlər. Sülh müqaviləsi imzalanandan sonra bir-birinin ardınca elə layihələr həyata keçirilə bilər ki, Ermənistan cəmiyyəti bunu öz həyatında hiss edər və Paşinyanın ətrafında daha sıx birləşər. Bir sözlə, sülh müqaviləsinin imzalanması Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilməz. Paşinyanın Qərbə sülh sənədini imzalayana qədər lazım olduğu barədə iddialar da doğru deyil. Qərb Paşinyanı hakimiyyətinin mümkün qədər uzun olmasına çalışır. Çünki bilir ki, Paşinyanın alternativi anti-Qərb mövqeyində olan Rusiyayönlü revanşist qüvvələr ola bilər. Ona görə də Qərb sülh müqaviləsindən sonra Paşinyana dəstəyini davam etdirəcək”.

Oqtay Qasımov: “Elçibəyin kasetləri həmin şəxsdədir, ala bilmirik” –

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov isə bildirdi ki, amerikalı siyasi ekspert bir sıra fikirlərində haqlıdır. Doğrudan da Paşinyan küçə etirazları dalğasında hakimiyyətə gəldiyinin və bunun nə ilə nəticələndiyini yaxşı bilir. Paşinyanın sülh müqaviləsi imzalayacağı halda küçə etirazları ilə üz-üzə qalma ehtimalını da hesabladığı istisna deyil. Barışmaz revanşist müxalifətlə Paşinyan hakimiyyəti arasında mübarizə son üç ildə ciddi şəkildə artıb və son zamanlar daha da gərginləşib. Müxalifət və onlara bağlı olan qüvvələr sülh müqaviləsi imzalanmasını Paşinyanı devirmək üçün fürsət hesab edə və bu yöndə addımlar ata bilərlər: “Amma Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi xeyli dərəcədə bu məsələlərdə passiv qalır, siyasi proseslərə müdaxilə etmək istəmir, müxalifətə qoşulmur. Biz bunu İrəvanda mer seçkilərində əhalinin iştirak səviyyəsi ilə bir daha gördük. Bununla belə Paşinyanın sülh sazişindən sonrakı dövr üçün müəyyən qorxuları var. Nəzərə alsaq ki, Paşinyana qarşı olan revanşist qüvvələrin əksəriyyəti kənar dövlətlərə bağlıdır, həmin qüvvələrə kənardan dəstək veriləcəyi də gözləniləndir. Yəni kifayət qədər mürəkkəb durum ortadadır. Amma bununla belə, Paşinyanın sülh müqaviləsini imzalamasına mane olan daxili etirazlar və səbəblərdən daha çox Paşinyanın və komandasının müstəqil qərar vermək imkanlarının olmamasıdır. Fransa və digər Qərb dövlətləri sülh müqaviləsinin imzalanmasına müqavimət göstərirlər. Paşinyana təsir edirlər. Belə olan halda Paşinyanın yaxın vaxtlarda sülh müqaviləsini imzalayacağından danışmaq mümkün deyil. Yəni məsələ yalnız daxili səbəblərlə bağlı deyil. Paşinyan və komandası düşüncə fərqi ilə revanşist qüvvələrdən heç də ciddi fərqlənmirlər”.

Politoloq vurğuladı ki, istər sülh müqaviləsi imzalansa da, istər imzalanmadığı halda Paşinyanı devirmək cəhdləri olarsa ABŞ onun hakimiyyətini qoruyacaq. Paşinyanın ABŞ-a-Qərbə sülh müqaviləsindən sonra lazım olmayacağı barədə deyilənlərin həqiqət payı yoxdur. Paşinyan ABŞ-a o zamana qədər lazımdır ki, Rusiyanın bölgədən tamamilə çıxarılmasına nail olunsun. Paşinyanın əsas missiyası budur.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR