İnsanlara hürriyət, millətlərə istiqlal!

Su dünyanı alova bürüyə bilər: dövlətlər su müharibəsi astanasında

1609 24.11.2025 13:26 Ölkə A A

Su bütün insanlar üçün mütləq ehtiyacdır. Bizim mövcudluğumuz suyun mövcudluğu və keyfiyyəti ilə dərindən bağlıdır. İnsanların yerinə yetirdiyi demək olar ki, hər bir funksiyada sudan istifadə edilir. Hər bir məhsulun və ya qidanın istehsalında həmişə bol su tələb olunur. Lakin son dövrlərdə dünyada həyatın mənşəyi və təminatçısı olan su ilə bağlı ciddi problemlər yaranıb. Söhbət, əlbəttə ki, şirin sudan gedir. Dünyada 4 milyarddan çox insan (bəşəriyyətin yarısı) ildə 1 ay ciddi su qıtlığı yaşayır. Bu gün təxminən 2 milyard insan suyun məhdud olduğu yerlərdə yaşayır. Daha 2 milyard insan yeraltı suların bol olduğu regionlarda yaşayır, lakin suya çatmaq üçün infrastruktura malik deyil.

Birləşmiş Millətlər Təşkilatı kəskin proqnoz verir: 2030-cu ilə qədər daha 1 milyard insan mütləq su qıtlığı olan ölkələrdə və ya bölgələrdə yaşayacaq və dünya əhalisinin üçdə ikisi sudan əziyyət çəkəcək. Bu fəlakət proqnozunun ilkin əlamətləri artıq görünməkdədir. Məsələn, Tehran bu gün dünyanın ən təhlükəli su böhranı yaşayan şəhərlərindən birinə çevrilib. İran rəsmiləri ilk dəfə açıq şəkildə bildiriblər ki, paytaxt “qırmızı xətt”i keçib və su təminatı kritik həddə çatıb.

Böyük sənaye və əhali mərkəzi olan bir şəhərin su ehtiyatlarının bu qədər sürətlə tükənməsi həm İran daxilində, həm də regionda ciddi gərginlik riski yaradır. Tehranın beş əsas su anbarından biri tamamilə quruyub, digərlərində isə su səviyyəsi 8–12 faiz arasında dəyişir. Yağıntıların son onilliklərin minimum səviyyəsinə enməsi, yeraltı suların nəzarətsiz istifadəsi və yüz minlərlə qanunsuz artezian quyusu şəhərin su balansını darmadağın edib.

Tehran böhranı təsadüfi deyil. İran uzun illərdir kənd təsərrüfatında suya həddindən artıq yük salıb, ölkənin su idarəetmə sistemi xroniki problemlərlə üzləşib və infrastruktur sızma və itkilərlə doludur. Paytaxtda əhali artımı, sənaye xərclərinin çoxalması və iqlim dəyişiklikləri böhranı daha da ağırlaşdırıb. Bu gün artıq müəyyən rayonlarda su növbəli şəkildə verilir və ekspertlər “Day Zero” kranlardan suyun tamamilə kəsilməsi və ssenarisinin real olduğunu bildirirlər. Su çatışmazlığı İranda sosial narazılığın artmasına, regionlarda etirazların yaranmasına səbəb olub və Tehranda vəziyyətin daha ciddi böhranlara yol aça biləcəyi ehtimalı yüksəkdir.

İran rəsmiləri təkcə İranda deyil, İraq və Suriyada da quraqlığın əsas səbəbi kimi Türkiyənin bənd layihələrini təqdim etməyə çalışır. Bəziləri daha da irəli gedərək, hətta quraqlığın səbəb olduğu Suriyadakı qiyamda (2011) Türkiyəni günahlandırırdılar. Bu səbəbdən Türkiyə bəndləri ilə İranın milli təhlükəsizliyi arasında əlaqə qururlar. İran özünü Araz çayının məcrasını dəyişməyə haqlı sayır, amma Türkiyənin bu qədər bənd tikməyə haqqı olmadığını iddia edir. Onlar bunu İrana qarşı sui-qəsd kimi qələmə verirlər.

Amma reallıq budur ki, İran öz su ehtiyatlarını idarə etməkdə böyük səhvlərə yol verib və indi xalqın qəzəbini Türkiyəyə yönəltməklə bunu ört-basdır etməyə çalışır. Onların kənd təsərrüfatında planlaşdırma və su ehtiyatlarına əsaslanan məhsul seçimi yoxdur. Məqbul suvarma üsullarından istifadə edilmir və bəndlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmır, çünki SEPAH bu layihələrə nəzarət edir.

Dünyanın digər bölgələri də eyni təhlükə ilə üz-üzədir. Afrikada Nil çayı böhranı sürətlə dərinləşir. Efiopiyanın inşa etdiyi GERD bəndi Misirin su təhlükəsizliyini 90 faizədək təhdid edir. Misir açıq şəkildə bəyan edib ki, Nil çayının axınının azalması ölkə üçün “həyati məsələdir” və bu, bölgədə su üstündə genişmiqyaslı münaqişə riskinin artmasına gətirib çıxarıb.

Eyni vəziyyət Mərkəzi Asiyada da yaşanır: Tacikistan və Qırğızıstan arasında su paylanması üstündə baş verən silahlı toqquşmalar 2021 və 2022-ci illərdə onlarla insanın ölümünə səbəb olub. Bu bölgədə su artıq diplomatik məsələdən çıxaraq sərhəd boyunca real təhlükə mənbəyinə çevrilib.

Cənubi Asiyada Hindistan və Pakistan arasında İndus çayı ilə bağlı razılaşmaların pozulması ittihamları iki nüvə silahlı dövlət arasında gərginliyi artırır. Suyun ədalətli bölüşdürülməməsi regionda hərbi riskləri yüksəldir və bu prosesin bir gün qarşıdurmaya çevrilməyəcəyinə heç bir zəmanət yoxdur. Yaxın Şərqdə isə su qıtlığı Suriya kənd təsərrüfatını tam çökdürmüş, milyonlarla insanı miqrasiyaya məcbur etmiş və ölkədə baş qaldıran sosial-iqtisadi çətinliklərin müharibəyə çevrilməsində əsas faktorlardan biri olmuşdur.

Bu faktlar göstərir ki, su problemi artıq ekoloji böhran deyil, qlobal təhlükəsizlik məsələsidir. Su qıtlığı ərzaq sistemlərini dağıdır, enerji istehsalını məhdudlaşdırır, əhali köçünü sürətləndirir və bütöv dövlətlərin siyasi sabitliyini risk altına qoyur. Tehran böhranı da bunun ən bariz nümunəsidir. Paytaxtın su təminatının çökməsi təkcə İran üçün deyil, bütün Yaxın Şərq üçün yeni gərginlik dalğası yarada bilər.

Su problemi istər Yaxın Şərq ölkələri arasındakı münasibətlərdə, istərsə də bu dövlətlərin daxilində baş verən daxili böhranlar, sosial fəlakətlər, üsyanlar baxımından getdikcə mərkəzi və ya ən azı əsas problemlərdən birinə çevrilir. Hər iki fenomen bir-biri ilə əlaqəlidir. Su problemlərindən qaynaqlanan inqilablardan qorxan ölkələr bir-biri ilə daha çox münaqişəyə girir, günahı qonşularının üzərinə atmağa çalışırlar.

Bu gün dünya çox sadə, lakin sərt bir həqiqətlə üz-üzədir: su tükənəndə nə iqtisadiyyat qalır, nə sabitlik, nə də sülh. Tehran, Nil hövzəsi, Mərkəzi və Cənubi Asiya göstərir ki, gələcəyin böyük münaqişələri enerji və torpaq üstündə deyil, su üstündə yaşanacaq. Dövlətlərin bu məsələni ertələmək lüksü yoxdur və su artıq planetin ən strateji resursudur və onun hər damlası təhlükəsizlik məsələsidir.

Belə bir durumda hər bir insanın ağlında bir sual var: Yer üzündə su niyə bu qədər azalmağa başladı? Bu qlobal problemə səbəb olan bir çox amil var:

-Qlobal istiləşmə və iqlim dəyişikliklərinin təsiri;
-Su ehtiyatlarının sənaye, kənd təsərrüfatı, istehsal, biznes, şəxsi və digər məqsədlər üçün məsuliyyətsiz istifadəsi;
-Su sistemlərinə standartlara uyğun olmayan texniki qulluq nəticəsində şəhərlərdə və digər ərazilərdə ciddi su itkiləri;
-Əhalinin sürətli artımı və qida istehsalı üçün lazım olan su təchizatının çoxalması.

Belə bir durumda dövlətlər arasında su müharibələri qaçılmazdır. Çünki suya olan tələbat təklifi üstələyəcək. Mənbə ölkələri transsərhəd çayların suyundan daha çox istifadə edəcək və digərləri ağır vəziyyətə düşəcək.

Artıq Şərqi Afrikada şiddətli quraqlıq sərhəd ölkələr arasında ölümcül qarşıdurmalara səbəb olub. Dəclə və Fəratın suyundan istifadə ilə bağlı Türkiyə, Suriya və İraq arasında gərginlik maksimuma çatıb.

Ölkələr həddindən artıq miqdarda su istifadə etdikcə bu, iqtisadiyyata da təsir edir. Su qıtlığı və su müharibələri qlobal iqtisadi artımı sürətlə azaldacaq, bu isə ərzaq və digər məhsulların qiymətlərini xeyli artıracaq. Suya sahib olmaq üçün mübarizə aparan ölkələr arasında gərginliyin artması qlobal təhlükəsizliyin təhlükəli həddə çatmasına səbəb ola bilər.

İki əfsanə ömrün böyük tarixi - Samir ƏSƏDLİ | Edebiyyatqazeti.az

Samir Əsədli
VHP sədrinin müavini

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR