İnsanlara hürriyət, millətlərə istiqlal!

“Strateji məqsədimiz Zəngəzur-Göyçədir” - sabiq nazirdən ilginc açıqlamalar

5261 12.05.2022 10:20 Müsahibə A A

Tofiq Zülfüqarov: “Ermənilərin atəş açdıqları mövqe tam zərərsizləşdirilməlidir ki, gələn dəfə oradan güllə ata bilməsinlər, vəssalam! İsrail də bu siyasəti həyata keçirir, Türkiyə də...”

Siyasi şərhçi, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a Ermənistanda baş qaldıran revanşist davranışlar, rəsmi İrəvanın ziddiyyətli mövqeyi və sair məsələlər, həmçinin Azərbaycanın atmalı olduğu addımlarla bağlı olduqca maraqlı məqamlarla, ideyalar və təkliflərlə zəngin olan müsahibə verib. Diplomatla söhbətimizi dəyərli oxucularımıza təqdim edirik:

- Tofiq bəy, Ermənistan paytaxtındakı etirazlar yüksələn xətt üzrə davam edir. Bir çoxları etirazçı kütlənin, revanşistlərin arxasında Rusiyanın dayandığını güman edir. Sizcə, bu, “odu söndürüb, külü ilə oynamaqdır”, yoxsa hadisələr erməniçiliyin ənənəvi planlarından biri olan - hakimiyyəti devirib, hər şeyi yenidən başlamağa cəhdədək davam edəcək? Ümumilikdə “Franda” meydanında baş verənləri necə dəyərləndirirsiniz?

- Birincisi, onu qeyd etmək lazımdır ki, Azərbaycanın seçimi çox məhduddur. Biz görürük ki, “sülhpərvər” Paşinyanın əsas məqsədi “sülh bəyanatları” ilə örtülmüş köhnə siyasətin həyata keçirilməsidir. Bu, artıq bəllidir. Onların məqsədi bu və ya digər şəkildə özlərinin “artsax siyasəti” həyata keçirməsi danışıqlar, yaxud müxtəlif “sülh” bəyanatları pərdəsi altında köhnə oyunları oynamaqdır. O biri tərəfdən də digər bir qüvvə meydana gəlməkdədir. Bunlar əslinə qalsa, daha ağılsız bir siyasəti təklif edirlər. Yəni açıq şəkildə işğalçılıq siyasəti təbliğ olunur. Azərbaycan tərəfindən baxanda mən hesab edirəm ki, o ikinci dəstə bizə daha sərfəlidir. Bəllidir ki, indi güc nisbəti birmənalı Azərbaycan tərəfində, daha doğrusu, Azərbaycan-Türkiyə tandemi tərəfindədir.  İkincisi, Rusiya amili Ermənistanda get-gedə zəifləyir. Ukrayna hadisələri gətirib ona çıxardacaq ki, Rusiya tam şəkildə bu bölgəni tərk edəcək. Biz bir neçə il bundan öncə bu haqda danışmışdıq.

- Yaxşı xatırlayıram...

- Bəli, danışmışdıq və artıq proseslər daha da sürətlənib. Onların revanşist dairələrinin təklif etdiyi siyasət Ermənistanı birmənalı böhrana gətirib çıxardacaq.

- Yeri gəlmişkən, Seyran Ohanyan da Rusiyanı günahlandıran bəyanatla çıxış edib. Bu, rusiyameyilli qüvvələrin də Kremldən üz çevirməsi anlamına gəlirmi?

- Onlar reallığı görürlər. Burada onların istəməsindən, yaxud istəməməsindən asılı olmayan proseslər gedir. Bu, bizə də aiddir. Baxın, bəzən özünü ruspərəst qüvvələr kimi siyasət meydanında göstərənlər indi birinci cərgədə Ukraynanı dəstəkləyirlər, bu da çox maraqlı prosesdir ki, bizdə baş verir. (Gülür) Bu baxımdan istər-istəməz reallıq özünü büruzə verir. Hamı başa düşür ki, Rusiyanın buradakı rolunun azalması tarixi prosesdir, bunun qarşısını almaq mümkün deyil, kiminsə iradəsindən, istəyindən asılı olmayaraq bu, baş verəcək.

- Razıyam. Amma bir məsələ də var. Revanşistlər reallığı anlayırlarsa, Rusiyadan da imtina edirlərsə, o halda meydanda başqa hansı qüvvəyə “stavka” edib, Azərbaycana qarşı savaşa çağırırlar, hətta Şuşa uğrunda yeni müharibəyə səsləyirlər?

Tofiq Zülfüqarov: “Hiss olunur ki, Patruşevin səfəri vacib bir səfərdir”

Diplomatdan unikal təklif: “Yenə də Zəngəzur dəhlizi məsələsində hansısa oyunlar davam etsə, 15 gün ərzində Laçın dəhlizini bağlamalıyıq”

- Onların məqsədi Şuşanı “fəth” etmək deyil. Revanşistlərin məqsədi İrəvanda Baqramyan 29 küçəsindəki hakimiyyət ofisini zəbt etməkdir. Bu gün onlar deyirlər ki, Şuşanı götürəcəyik, Azərbaycanı məğlub edəcəyik, daha nələr, bunlar hamısı söhbət mövzusudur. Hakimiyyətə gəlmək, siyasi intiqam almaq onların əsas məqsədidir. Yəni onların bəyanatlarını indiki mərhələdə ciddi qəbul etmək mənasızdır.

- İstisna deyil ki, əlləri ermənilərin də qanına batmış şəxslər hakimiyyəti yenidən qəsb etməklə birdəfəlik məsuliyyətdən yaxa qurtaracaqlarını düşünürlər, elə deyilmi?

- Bu da var. Yəni faktorlar çoxdur. Onları indi Ermənistan maraqlandırır. Ermənilər də yaxşı başa düşürlər ki, 44 günlük müharibədə Ohanyan vuruşub Şuşanı müdafiə etməkdənsə, oradan qaçıb, fərarilik edib. İndi beləsi təzədən gedib Şuşanı ala bilər? (Gülür) Təbii ki, məntiqsiz bir şeydir.

- Erməni revanşizmi genişləndikcə, yeni absurd iddialar səslənir. Məsələn, Ermənistan mətbuatı Xələf Xələfovun son açıqlamasına istinad edərək iddia etdi ki, Azərbaycan “Tavuş və Ararat vilayətlərinin kəndlərini almaq istəyir”. Söhbət Kərki və Qazağın 7 kəndindən gedir. Ermənistanın tarixi Azərbaycan ərazisi olan Başkəndə iddiasına cavabımız nə olmalıdır? Hesab etmirsinizmi ki, erməniləri reallığı qəbul etməyə vadar eləməliyik?

- Bu məsələdə məni ən çox maraqlandıran anklavlar deyil, Zəngəzur, Göyçə mahalıdır və tarixi ədalətin bərpasıdır. Bu baxımdan biz gələcəyə baxmalıyıq. Gələcəyə baxarkən biz başa düşməliyik ki, Qazaxın kəndləri, ya Kərkinin məsələsi, bunlar hamısı taktiki mövzulardır. Strateji məqsədimiz Zəngəzur-Göyçədir və buna aid bizim taktikamız qurulmalıdır.

- Prezidentin delimitasiya və demarkasiya prosesində 1918-ci il xəritəsinə də istinad olunacağını deməsi bunun anonsu sayıla bilərmi?

- Bəli, birmənalı. Bunun da barəsində biz sizinlə bir neçə il öncə danışmışıq...

- Doğrudur.

- Bağışlayın, indi bəlkə təvazökarlıqdan uzaq fikir söyləyirəm, amma həqiqətdir.

- Haqlısınız. Həm də necə deyərlər, “arxivlər yanmır”. Yeri gəlmişkən, birini də xatırladaq: siz Ermənistana tarixi torpaqlarımızla bağlı rəsmi iddia irəli sürməyimizi də təklif etmişdiniz və artıq bu istiqamətdə notlar eşidilməkdədir, elə deyilmi?

- Bu, uzun proses idi və bu fikrin müəllifləri çox idi. Deyə bilmərəm ki, məhz mən bunu yada salmışam. Amma hansısa məqamda mənim səsim səslərin arasında daha çox eşidildi. Bu fikir cəmiyyətimizdə, xalqımızda var. Burada demək ki, mən demişəm, düzgün olmaz. Hansısa məqamda səsim bir az çox eşidildi. Amma bu, bizim xalqın istəyidir. Söhbət ondan gedir ki, bu, Azərbaycan xalqının məqsədidir. Çünki vaxtilə bizə qarşı tarixi ədalətsizlik baş verib. O ərazilərdən çıxan yüz minlərlə insanın nəvə-nəticələri öz dədə-baba yurdlarını unutmayıblar. Biz bunu yaxşı başa düşməliyik, bu, geopolitik oyunda hansısa taktiki gedişlər deyildi, xalqın istəyi idi.

- Həm də tarixi ədalətin bərpası üçün unikal tarixi şərait yaranıb ki, bu da əsrdə bir dəfə yarana bilən vəziyyətdir. Razısınız?

- Bəli. Tarixi proses yetişib. Güc nisbəti bizim xeyrimizədir, Türkiyə-Azərbaycan birliyi mövcuddur. Həmçinin Rusiyanın zəifləməsi prosesi gedir. Geopolitik dəyişikliklər də bizim xeyrimizədir. Bunlar hamısı amillərdir.

- Tofiq bəy, rəsmi İrəvan komissiyaların yaradılması məsələsini də uzadır. Bu yaxınlarda deputat Qüdrət Həsənquliyev Ermənistana götürdüyü öhdəlikləri icra etməsi üçün konkret vaxt verilməsini, əks halda sərt addımlar atılmasını təklif etdi. Siz indiki durum üçün nə təklif edirsiniz? 

- Mən hesab edirəm ki, daha çox digər mövzular üçün tarixlər qoyulmalıdır. Birinci: sülhməramlıların zonasında indiyədək qalan Ermənistan hərbçiləri və qeyri-qanuni hərbi birləşmələrin məsələsini qoymaq lazımdır. Bu mövzu ilə bağlı konkret şərt qoyulmalıdır! İkinci şərt Zəngəzur və Laçın dəhlizi ilə bağlı məsələlərin həll olunmasıdır. Yenə də Zəngəzur dəhlizi məsələsində hansısa oyunlar davam etsə, 15 gün ərzində Laçın dəhlizini bağlamaq! Yəni söhbət ondan gedir ki, 10 noyabrda Ermənistan məğlub ölkə kimi öz üzərinə kapitulyasiya əsasında öhdəliklər götürüb. İki il keçib, bunu yerinə yetirmir. Delimitasiya, demarkasiya prosesi gələcəyin söhbətidir. Bunları yerinə yetirsin, sonra ultimatum şəklində hansısa məsələləri qoymaq lazımdır. Gündəmdə bu məsələlərdir və hesab edirəm ki, bunlara aid konkret tarixlər qoyulmalıdır.

- Qarabağdakı separatçı-terrorçu qüvvələr səngərlər qazır, bunkerlər tikirlər. Bəs buna qarşı Azərbaycan hansı addımlar atmalıdır?

- Yox, mənə elə gəlir ki, Kəlbəcərin azad olunması prosesində olduğu kimi, qanunsuz silahlı qüvvələrə və Ermənistan hərbçilərinə Qarabağdan çıxarılması üçün 15-20 gün vaxt verilməlidir və bu məsələ Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin nəzarəti altında həyata keçirilməlidir. Bu məsələlərə nəzarət olunmalıdır. Əks təqdirdə, bəs Birgə Monitorinq Mərkəzi niyə yaradılıb: razılaşmanın bəndlərinin yerinə yetirilməsi üçün. Məsələnin əhəmiyyətini nəzərə alaraq, monitorinq qrupuna Azərbaycan Daxili İşlər Nazirliyinin qoşulması mütləq olmalıdır. Çünki bu, Azərbaycanın daxili məsələsidir və burada ordunun yox, sərhədçilərin və digər qüvvələrin iştirakı mümkündür.

- Ermənistan ordusu artıq Kəlbəcər istiqamətində atəşkəsin pozulmasını adiləşdirməkdədirlər. Bunun cavabı nə olmalıdır? Məsələn, hərbi ekspert Ədalət Verdiyev təklif edib ki, Ermənistanın hər belə təxribatına Azərbaycan Ordusu yeni mövqelərə doğru irəliləməklə cavab verməlidir...

- Mən bu fikirlə razıyam. Biz öz mövqelərimizin təhlükəsizliyini təmin etmək üçün bu addımları atmalıyıq. Burada hansısa əsaslandırmaya ehtiyac yoxdur. Erməni əsgəri qarşı tərəfdən atəş açırsa, gedib onu məhv etmək lazımdır. Gələn dəfə yenə atmasın deyə, lazımdır ki, həmin mövqe tam zərərsizləşdirilsin, vəssalam! İsrail də bu siyasəti həyata keçirir, Türkiyə də. Türkiyənin əsgərləri İraq və Suriya ərazisində əməliyyatlar aparmırlarmı? Aparırlar, təhlükəsizliyi təmin etmək üçün. Biz terrorla mübarizə edirik, bu da terrordur. Çünki Ermənistan özü terrorizmi öz siyasətində bir üslub kimi istifadə edən ölkədir, bunun sübutları yüzlərlə, minlərlədir.

- Azərbaycanın tarixi abidələrinin məhvi və ya erməniləşməsi prosesi Ermənistanda demək olar ki, başa çatıb, Qarabağda sülhməramlıların nəzarətində qalmış ərazidə isə bu işi 2023-cü ilədək başa çatdırmaq istəyirlər. UNESCO Azərbaycanın çağırışlarını eşidib, araşdırmalara başlamadı, Avropa Parlamenti isə Azərbaycanı “erməni dini irsini məhv etməkdə” suçlayan absurd qətnamə qəbul etdi. Erməni vandalizminin cavabı nə olmalıdır?

- Məncə, Ermənistandakı bir çox ərazilərə aid tarixi ədaləti bərpa etmək üçün bizim Milli Məclis Ermənistana müraciət etməlidir və deməlidir ki, bu əraziləri qaytar! O ərazilər bizim nəzarətimizdə olandan sonra təbii ki, biz onu bərpa edəcəyik. Qarabağda baş verənlərə gəldikdə, burada başqa söhbət ola bilməz, güc tətbiq edib bu vandalizmin qarşısını almaq lazımdır. Ümumiyyətlə, zəfər qazanmış ölkə olaraq bizim psixologiyamız dəyişməlidir. Hərdən bizdə elə məsələlər ortaya çıxarılır, elə terminalogiyadan istifadə olunur, elə bil ki, biz kiməsə borcluyuq, kiməsə izah etməliyik, öz hərəkətimizi kiməsə sübut etməliyik. Bu faktoru aradan götürmək lazımdır. Konkret: bu, belədir və mən belə edirəm!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR