İnsanlara hürriyət, millətlərə istiqlal!

Stereotipləri olanları xoşbəxt etmək yox, doğru olanı etmək- Usta siyasətin ali məqsədi

1016 26.11.2022 17:55 Yazarlar A A

 

“İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki aydın başa düşdüyümüz kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik”.

Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi fikirləri noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda, Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərimin sualına cavabında söylədi. Mükəmməl cavabdır! Həm də “biz nəyi, nə zaman etdiyimizi yaxşı bilirik” mövqeyinin məntiqi davamı sayılmalıdır. Uzun illər boyu İsraildə niyə səfirlik açmırıq, sualı dövriyyədə oldu və məqamı yetişdi, dövlət qərar verdi. Özü də paralel şəkildə Fələstində təmsilçilik ofisinin açılması ilə eyni anda. Həm də İsrail adı gələndə qaşınma tutanlar son aylarda Azərbaycana qarşı elə davranışlar sərgilədilər, elə ayıb mövqe nümayiş etdirdilər ki, daha atdığımız addımın qarşılığında nə deməyə sözləri oldu, nə qızarmağa üzləri. Əksinə, illər öncə belə məsələlərdən qeyzlənənlər Azərbaycanın İsraildə səfirlik açmaq qərarını görməzdən gəldilər, özlərini eşitməzliyə vurdular və hətta bizim Azərbaycanla aramızı vurmaq istəyirlər, “Azərbaycan gözümüzün nurudur“ kimi gülməli fikirləri də eşitdik. Dövlətin qətiyyəti, dövlət başçısının uğurlu siyasətinin nəticəsi bax, budur!

 

Elə konfransdan bəhs etmişkən, başqa bir misal: Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Ahmed Taher “Zati-aliləri, bu görüşdə iştirak etdiyinizə görə çox sağ olun. Siz Əlcəzairdə Ərəb Liqası Dövlətlərinin görüşünə qatıldınız. Biz Sizin çıxışınızı məmnunluqla dinlədik”-deyir. Bu dəfə də başqa bir istiqamətlə bağlı yüksək dəyərləndirmə. Özü də ermənisifət Makronun Azərbaycana qarşı ikiüzlü siyasəti fonunda reallaşan, zamanında milyon yarım vətəndaşının Fransa tərəfindən soyqırıma məruz qalan ölkəyə edilən və tarixi həqiqətlərin açıq şəkildə Makronun sifətinə çırpıldığı səfər!

 

Konfransa evsahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayevlə yanaşı əyləşmiş  ABŞ-ın Azərbaycandakı sabiq səfiri və keçmiş Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın Azərbaycan lideri ilə görüşdə çox məmnun  görünməsi də diqqətimi çəkdi. Xatırladım: illər öncə Brayza “Dağlıq Qarabağ problemi”nin həlli üçün “reallıqların nəzərə alınması” fikrini səsləndirmişdi və bu, mərhum Vəfa Quluzadə tərəfindən çox sərt reaksiya doğurmuşdu. Bəli, o zaman hətta ermənilərin hücumlarına məruz qalan Brayza belə hesab edirdi ki, reallıq Azərbaycanın vəziyyətlə barışmasını tələb edir, torpaqlar əldən gedibsə, deməli, təkliflərə qane olmalıdır, son nəticədə sülh əldə olunması üçün. O illər artıq keçmişdə qalıb və bu gün Azərbaycan dövləti yeni reallıqlar yaradıb, prosesləri diktə edir, qalib ordunun Baş Komandanı, Prezident İlham Əliyev bəyan edir ki, “Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik!”

Eyni qətiyyət Valday Diskussiya Klubunda, Ermənistana on illər boyu havadarlıq etmiş ölkədə və rusiyalı həmkarının gözlərinin içinə baxaraq “Qarabağ Azərbaycandır və Nida!” deyəndə də dünyaya nümayiş olundu. Ondan əvvəl də, sonra da Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd heç bir addımın atılmayacağını dəfələrlə bəyan etmişdi, faktlar ortada!

2017-ci ilin noyabrında Prezident İlham Əliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə diqqətçəkən məqam bu idi ki, dövlət  başçısı beynəlxalq təsisatla əməkdaşlıq üçün qırmızı cizgini elan etmişdi: Azərbaycanın ərazi bütövlüyünə zərrə qədər şübhə olacaqsa, əməkdaşlıq alınmayacaq! Prinsipial mövqe nəzərə alındı təbii ki. 44 günlük müharibədən sonra Azərbaycanın ən yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri, bəlkə də birincisi, Avropa İttifaqıdır. Hətta sülh danışıqlarında moderatorlardan biridir qurumun rəhbər şəxsi. Prezident Əliyevin Aİ rəhbərliyi və ev sahibi Çexiya tərəfindən “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması faktı da Azərbaycanın önəminin göstəricidir. Bu arada, gələn ay gözlənilən Brüssel görüşünün baş tutmayacağı barədə anons da edildi, məhz Fransanın növbəti dəfə burnunu bu prosesə soxmaq istəyi səbəbindən. Prezident hesab edir ki, bu halda müzakirələrin mənası yoxdur. Çünki dövlətin, millətin maraqları öndə gəlir!

Azərbaycan Prezidenti noyabrın 23-də Serbiyada yüksək səviyyədə qarşılandı, uğurlu görüşlər keçirildi. Serbiyanın dövlət başçısının Prezident Əliyev barədə dediklərini xatırladaq: “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir”.

Bunu bir ölkənin lideri digər ölkə lideri haqqında deyir. Özü də bir neçə il əvvəl münasibətlər indiki kimi deyildi, hətta Azərbaycanı narazı salan davranışlar olmuşdu. Amma siyasət dostları düşmən etmək deyil, əks mövqedə olanları dosta çevirməkdir. Serbiyanın timsalında xarici siyasətin daha bir uğurunu gördük.

Azərbaycan Prezidentinin diplomatik fəallığı multiregional və strateji xarakterlidir. Son dövrlər İlham Əliyev müxtəlif regionları əhatə edən fəal xarici siyasət kursunu elə yüksək bacarıqla, ustalıqla nümayiş etdirir ki, hətta düşmənlərimiz belə bu bacarığı etiraf edirlər. İsraildə səfirliyimizin və Fələstində təmsilçiliyimizin açılması multiregional siyasətin, ardıcıllıq və məqsədyönlülüyün təzahürüdür, bu, bir usta siyasətdir!

Türk dövlətləri ilə tərəfdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıqdan inteqrasiyaya keçid, Türk Dövlətləri Təşkilatının inkişafı, güclənməsində Azərbaycan və Türkiyənin nə qədər böyük rola malik olduğunu qardaş dövlətlərin liderləri dəfələrlə dilə gətiriblər. Sözsüz ki, burada dövlət başçılarımızın yorulmadan əmək sərf etmələri, Turan elini bir araya gətirməyi əcdadlarımızın vəsiyyəti kimi səciyyələndirərək, onun reallaşması, ali hədəflərlə çatması üçün gecə-gündüz çalışması həm də tarixi bir missiyadır. Səmərqənd Zirvəsi çox qaranlıqlara işıq saldı, çox insanları ayıltdı. Həm də inam yaratdı ki, mümkündür, sadəcə çalışmaq gərəkdir.

Orta Dəhliz boyunca” konfransında bu barədə danışıldı.

Sitat: “Bu ilin aprelindən bu yana mən üç dəfə Özbəkistanda səfərdə oldum... Mən Qırğızıstanda dövlət səfərində oldum. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub və həmçinin bundan əvvəl mən Türkmənistanda səfərdə oldum. Gələn il Tacikistana səfər etməyi planlaşdırıram”. Göründüyü kimi, daha geniş miqyas nəzərdə tutulur, təqribən Atatürkün “Yurdda sülh, cahanda sülh”-yanaşması kimi...

Bu, möhtəşəm və tarixi missiyanın daşıyıcılarından olan Azərbaycan Prezidenti çıxışında xüsusilə qeyd etdi ki, yalnız Türk dövlətləri ilə kifayətlənmək olmaz, harda Türk varsa, haqqı əlindən alınırsa, hüququ pozulursa, onlar da diqqətdən kənarda qalmayacaq, İrandakı 40 milyondan artıq soydaşımız kimi! Dövlət başçımızın İranda yaşayan azərbaycanlıların ana dilində təhsil ala bilməməsini ADA Universitetində açıq mətnlə bildirməsi sıradan məsələ deyildi...

Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı sürət götürüb son zamanlar. Hətta bu ölkələrin azad Şərqi Zəngəzur və Qarabağa yatırım qoyması istiqamətində də əməkdaşlıq imkanları nəzərdən keçirilir. Yaxud Şanxay Əməkdaşlıq Təşkilatı (ŞİƏ), həmçinin ŞƏT ölkələri, xüsusilə Çinlə əlaqələrini inkişaf etdirilməsi, Şərq-Qərb nəqliyyat-tranzit dəhlizində ölkəmizin önəmli yer tutması aparılan çoxvektorlu və balanslı xarici siyasətin uğurlu nəticəsidir.

Ermənistan çox çalışdı, Bakı ilə Tiflisin əlaqələrinə zərbə vursun, araya nifaq toxumu səpsin. Alınmadı, Prezident  İlham Əliyevin Gürcüstana yüksək səviyyəli səfəri, anlaşmalar, üstəlik, Azərbaycan-Gürcüstan-Ermənistan formatı təşəbbüsünün irəli sürülməsi, Cənubi Qafqazda yaranmış yeni reallığın bir daha nəzərə çatdırılması, “Qafqaz Evi”nin qurulmasının nicat yolu olması barədə əsaslı arqumentlər çox avantüraların üstündən xətt çəkdi.

Azərbaycan dövləti təbii ki, qardaş Türkiyə ilə bərabər addımlayır, hətta ordu quruculuğunda da addımlar eyni atılmaqdadır. Amma ölkəmiz dünyaya açılıb, ən aparıcı paytaxtların masasındakı müzakirələrdə Azərbaycan adı iri hərflərlə keçir, bu, illərlə yürüdülən uğurlu siyasətin məntiqi nəticəsidir. Brüssel formatı, Avropa İttifaqı ilə əlaqələrin inkişafı, Aİ-yə üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq Azərbaycanın, onun liderinin aktivinə yazılan növbəti uğurlardır. 2022-ci il oktyabrın 6-da Praqada “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada iştirak edən Prezident İlham Əliyevin qeyd etdiyimiz kimi, Balkan ölkələri ilə əlaqələrin inkişaf etdirilməsini də diqqətdən kənarda saxlamaması, Bolqarıstan, Albaniya və Serbiyaya səfərləri, enerji sahəsində əməkdaşlıq, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun yüksəlməsinin bariz təcəssümüdür.

Eyni zamanda Azərbaycan rəhbərliyi ərəb dünyası ilə əlaqələrə də xüsusi yer ayırır. Prezidentin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın dünyada islam həmrəyliyinin möhkəmlənməsinə əməli töhfə verməsinin məntiqi nəticəsidir. İlham Əliyev dəfələrlə İslam dünyasına xitab edərək ayrı-ayrı ölkələri məscid dağıdan Ermənistanla əlaqələr qurmamağa çağırıb, İslam dəyərlərinə sayğılı davranmağı tövsiyə edib, tələblərini səsləndirib. Bütün bunlar son nəticədə ona daha çox sayğı duyanların əhatə dairəsini genişləndirib, cəsarətli mövqe, qətiyyətli davranış, dəyərlərə sahiblənmək və milli maraqlar bir yerdə olanda hörmət qazandırır sözsüz. Qoşulmayanlar Hərəkatına sədrliyin davamı sıradan məsələ deyil...

Fakt budur ki, Azərbaycan hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir, üstəlik dövlətimizin mövqeyi yetərincə ifadə olunur. Təkcə son günlərə aid iki misal: İrəvanda, Ermənistanın evsahibliyi ilə keçirilən KTMT-nin toplantısı iflasla yekunlaşdı, hətta bu quruma dönəm rəhbərliyi edən Nikol Paşinyanın anti-Azərbaycan sənəd qəbul etdirməsi mümkün olmadı. Səbəbi bəlli: Azərbaycanın bu qurumda təsiri Ermənistana əl-qol açmağa imkan vermir, məhz buna görə ermənilər KTMT-nin üzv ölkələrinin rəhbərlərini “top-tüfəng”lə qarşıladılar. İkinci misal: Beynəlxalq Frankofoniya Təşkilatının aparıcı qüvvəsi olan Fransa Ermənistanla birlikdə bu təşkilatın son toplantısında Azərbaycana qarşı öz çirkin  niyyətlərini reallaşdıra bilmədi. Səbəb yenə də Azərbaycanın dostlarının bu qurumda çoxluq təşkil etməsi, dövlətimizin mövqeyini nəzərə almalarıdır.

Reallıq budur ki, Azərbaycanın müxtəlif regionlarla, ölkələrlə, təşkilatlarla qarşılıqlı əlaqələrini inkişaf etdirməsini gözü götürməyənlər də var – İran və Fransanın misalında. Bu ölkələr Azərbaycana qarşı getməklə öz manevr imkanlarını məhdudlaşdırdılar. Məhz bu kimi davranışların qarşığında Azərbaycan nə İran, nə də Fransanı tərəfdaş kimi qiymətləndirmir, Ancaq unudurlar ki, Azərbaycanla münasibət qurmadan Cənubi Qafqazda aktiv rol oynamaq mümkün deyil. “Dalan dövlət” adını qazanmış Ermənistana görə Azərbaycana qarşı kin-küdurət saxlamağın isə heç bir perspektivi yoxdur. “Sirkənin tündlüyü”, yaxud “uzun örkənin doğanağa möhtac qalması” barədə müdrüklərin deyimləri yerinə düşür…

Ümumiləşdirsək, diplomatiyamızın uğurları, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi Prezident İlham Əliyevin düşünülmüş, strateji hədəfləri aydın olan və məqsədyönlü şəkildə, ardıcıl həyata keçirdiyi xarici siyasət kursunun nəticəsidir. Qarşıda isə hələ daha böyük hədəflər var. Nəyi, nə zaman etməyin lazım olduğunu isə özü hər kəsdən yaxşı bilir.

 

Elşad Paşasoy,
Musavat.com
237160_3mukv90bk9.jpg (28 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR