İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet liderinin almanlara əsir düşən oğlu – Xruşov nə onu, nə də ailəsini qoruya bilib

1008 30.07.2024 12:37 Yaxın tarix A A

Nikita Xruşovun Stalini tarixdən silmək cəhdi təkcə onun siyasi fəaliyyəti ilə bağlı olmayıb, o, həm də 30 ilə yaxın bir müddətdə SSRİ-yə rəhbərlik edən Stalindən şəxsi qisasını almaq istəyib.

Maraqlıdır, uzun illər Stalinlə eyni siyasi cəbhədə olan Xruşovda bu qisas hansı səbəbə görə yaranıb?

Əsas səbəblərdən biri Xruşovun birinci nikahdan olan oğlu Leonidlə bağlıdır.

Qeyd edək ki, müharibə dövründə Leonidin ölüm səbəbi müxtəlif mənbələrdə fərqli göstərilib. Stalinin mühafizə rəisi general Vlasikin və Stalinin şəxsi katibi Poskrebışevin yazdıqlarına görə, Leonid Xruşov Stalinin göstərişi ilə güllələnib. Belə ki, oğul Xruşov almanlara əsir düşəndə Stalin bundan çox narahatlıq keçirib, elə düşünüb ki, SSRİ-nin siyasi elitasının fəaliyyətindən az-çox məlumatlı olan Leonid bildiklərini almanlarla bölüşəcək. Buna görə də o, nəyin bahasına olursa-olsun Leonidi əsirlikdən geri almaq üçün bütün vasitələrə əl atıb. Lavrenti Beriya bu işi öz üzərinə götürüb və Leonid Xruşov çox qısa bir müddət ərzində əsir düşmüş alman zabiti ilə dəyişdirilib.

NİKİTA.png (590 KB)

Oğlunu hansı aqibət gözlədiyini bilən Xruşov Stalinin yanına xahişə gedib. Vlasikin yazdığına görə, Xruşov Stalinin ayaqlarına yıxılaraq yalvarıb, Stalin isə mühafizəçiləri səsləyərək Xruşovu kabinetdən çıxarmağı əmr edib və oğul Xruşovu güllələtdirmək fikrindən dönməyib.

Xruşovun Stalindən qisas almaq ehtirasının səbəbi təkcə oğlu olmayıb. 1943-cü ildə Leonidin həyat yoldaşı Lyubov Sizıx da həbs edilərək sürgünə göndərilib. Amma Xruşov bu dəfə Stalindən heç nə xahiş etməyib, daha doğrusu, bunun mənasız olduğunu anlayıb.

Qeyd edək ki, Lyubov Sizıx 1912-ci ildə Kiyevdə anadan olub. Geologiya institutunu bitirib. Könüllü paraşütçülər kursunda Xruşovun oğlu ilə tanış olub və 1940-cı ildə Leonid Xruşovla ailə həyatı qurub. Bu onun ikinci nikahı olub. Birinci həyat yoldaşından bir oğlu olan Lyobov Sizıxın Leoniddən bir qızı dünyaya gəlib.

NİKİTA SON.jpg (91 KB)

1943-cü ildə Leonid Xruşovun ölümündən sonra Lyubov Sizıx “NKVD”nin hədəfinə düşüb. O, xarici dövlətlərin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunub.

Xruşovun gəlininə heç bir güzəşt edilməyib. “Lubyanka” zirzəmisində onu “SMERŞ”in başçısı Viktor Abakumov şəxsən sorğu-sual edib. Bütün təzyiq və təsirlərə baxmayaraq, Lyubov Sizıx heç bir kəşfiyyatla əlaqədə olmadığını söyləyib. Ancaq buna baxmayaraq, o, beş il müddətinə azadlıqdan məhrum edilib, daha sonra isə Qazaxıstana sürgünə göndərilib.

Lyubov Sizıx sonralar yazdığı xatirələrdə həmin günləri belə xatırlayıb:

“Mənim heç bir kəşfiyyatla əlaqəm olmayıb və ümumiyyətlə, belə bir məsələ heç vaxt ağlıma da gəlməyib. Mən Fransa səfirliyinin əməkdaşının həyat yoldaşı ilə rəfiqəlik edirdim. Onun atası general idi, hərbi orkestrə rəhbərlik edirdi. O, alman əsilli idi və mən bunu həbs olunduqdan sonra bilmişdim. Rəfiqəmin atasını həbs etdikdən sonra ailəyə yaxın adam kimi mən də “şübhəli şəxs” qismində saxlandım. Məni bir müddət “Lubyanka”da saxladılar, “NKVD”nin zirzəmisində. Sorğu-suala isə Abakumov gəlirdi. Saatlarla sual verirdi, məni “sındırmaq” istəyirdi. Amma nə deməliydim? Axı heç bir günahım yox idi. Qayınatam Xruşov isə istintaqla qətiyyən maraqlanmırdı. Düzdür, o vaxt o, hələ Kiyevdə işləyirdi, ölkə rəhbərliyinə çox da yaxın deyildi. Amma hər halda Kremldə onu yaxşı tanıyırdılar. İstintaq dövründə mənə fiziki işgəncə verilmirdi, amma əvəzində məni təkadamlıq kamerada saxlayırdılar, sutka ərzində yalnız 2-3 saat yatmağa icazə verilirdi. Mən dözürdüm, iki övladımın naminə iradəli olacağıma özümə söz vermişdim, beləliklə də həbsxana və sürgün həyatının ağırlıqlarına təslim olmadım...”

NİKİTA YEBİ.jpg (80 KB)

Lyubov Sizıx həbs olunduqdan sonra onun Leoniddən olan qızı Yuliyanı Xruşov öz himayəsinə götürərək yanına aparıb. 16 yaşına qədər Yulya elə bilib ki, Xruşov onun atası, həyat yoldaşı Nina Petrovna isə anasıdır. Yalnız 16 yaşında komsomola daxil olarkən tərcümeyi-hal yazanda ona əsl valideynlərinin kim olduğu məlum olub.

Lyubov Sizıxın birinci nikahdan olan oğlu isə uşaq evində böyüyüb.

Sürgün müddətindən sonra Lyubov Sizıxa Moskvada yaşamağa icazə verməyiblər. O, bir müddət Karaqandada öz ixtisasına uyğun geoloq işləyib. Sonra isə öz doğma şəhəri Kiyevə köçüb.

NİKİTA SON.jpg (92 KB)

Nəhayət, uzun illərdən sonra Lyubov Sizıx övladları ilə də görüşüb. Xruşovlar ailəsi ona qızı ilə görüşməyə icazə verib. Uzun illərin ayrılığından sonra ana-bala arasında mehriban münasibət yaranıb.

Ağır bir həyat görməsinə baxmayaraq, Lyubov Sizıx uzun bir ömür yaşayıb. O, 2014-cü ildə, 102 yaşında vəfat edib. 2012-ci ildə 100 illik yubileyində jurnalistlərə müsahibə verən baş katibin gəlini öz taleyindən şikayətlənməyib, amma hələ o dövrdə qayınatası Xruşovdan incidiyini dilə gətirib:

“Gərək Nikita Sergeyeviç oğlunun ailəsinə belə biganə qalmayaydı. Mən onun oğlunu sevmişdim, ailə üzvlərinə isə həmişə böyük hörmət və ehtiramla yanaşmışdım...”

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR