İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoltsun səhvini hökuməti düzəltsə də, bundan nəticə çıxartmalıyıq- Azay Quliyevin yazısı

702 04.03.2023 16:59 Siyasət A A
 
İki gündür mətbuatda Almaniyanın kansleri Olaf Şoltsun Ermənistanın baş naziri Nikol Paşinyanla martın 2-də Berlində keçirdiyi mətbuat konfransı zamanı Qarabağla bağlı səsləndirdiyi qəbuledilməz ifadələr geniş müzakirə olunur.

Təəssüflər olsun ki, Şoltsun açıqlamalarında bir tərəfli qaydada Ermənistanın köhnə və yeni “narrativləri” səsləndirildi: “Dağlıq Qarabağ” ifadəsi, “Dağlıq Qarabağda humanitar vəziyyətin həddindən artıq pis olması”, “mövcud status-kvonun qeyri-sabitliyi”, “problemin ölkələrin ərazi bütövlüyü və Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratının təyin etməsi prinsipləri əsasında həlli”, “ərazi bütövlüyü ilə öz müqəddaratın təyin etməsi prinsiplərinin bərabər tutulması”, “Ermənistandakı Avropa İttifaqının mülki missiyasına Almaniyanın daha çox heyət göndərəcəyi”ni deməsi, Azərbaycan ictimaiyyəti üçün gözlənilməz oldu. Çünki Almaniya hər zaman özünün neytral, beynəlxalq hüquqa əsaslanan və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən mövqeyi ilə seçilirdi. Hətta, bu, neytral və obyektiv mövqeyinə görə torpaqlarımız işğal altında olan zamanlarda Almaniyanın daha ədalətli vasitəçi olacağını düşünənlər də var idi.

Doğrudur, martın 3-də APA-nın sorğusuna cavab olaraq Almaniya hökumət sözçüsünün müavini Volfqanq Büşner bildirdi ki, Federal hökumətin mövqeyi dəyişməyib, Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiq qalır. Daha sonra isə Almaniya kansleri Olaf Şoltsun saytından “Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüququ” qeydi, eləcə də bu hüququn ərazi bütövlüyü prinsipinə ekvivalent olması faktı çıxarıldı. Bu faktın özü onu göstərir ki, Alman hökuməti kanslerin mətbuata verdiyi açıqlamada nə qədər ciddi səhvə yol verdiyinin fərqinə vararaq Şoltsun yanlışını düzəltmək qərarına gəlib.

Əlbəttə, istərdik ki, Almaniya kimi bir ölkənin kansleri belə bir yanlışlığa yol verməyəydi, ancaq yol verilən səhvin dərhal aradan qaldırılmasını da müsbət qiymətləndirmək lazımdır, baxmayaraq ki, Şoltsun “Dağlıq Qarabağ” ifadəsi, “Dağlıq Qarabağda humanitar vəziyyətin həddindən artıq pis olması”, “mövcud status-kvonun qeyri-sabitliyi”, “Ermənistandakı Avropa İttifaqının mülki missiyasına Almaniyanın daha çox heyət göndərəcəyi” barədə fikirləri, "Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüququ”nu dilə gətirməsi belə, qəbuledilməzdir və bunlar bizi ciddi şəkildə narahat edir.

Ümumiyyətlə, Şoltsun martın 2-də verdiyi bəyanatdan ciddi nəticə çıxartmalıyıq. Anlaşılan odur ki, Almaniyanın regiona baxışında dəyişiklər hiss olunmaqdadır. Bu dəyişiklər Azərbaycanın xeyrinə olmaya bilər. Bunun qarşısını almaq üçün dövlət və cəmiyyət olaraq maksimum çalışmalı, alman həmkarlarımızın erməni-fransız bacılarının təsirinə düşməməsi və regionda baş verən hadisələri olduğu kimi anlamaları üçün onlarla daha çox işləməliyik. Xüsusilə, Xarici İşlər nazirliyi, parlament, iş adamları, diaspora səviyyəsində Almaniya ilə əlaqələr daha da intensivləşməli, Berlinə səfərlər təşkil olunmalı, hökumət koalisiyasının ortaqları olan sosial demokratlar və yaşıllar partiyasının üzvləri və rəhbərləri ilə bu məsələlər ətraflı müzakirə olunmalıdır.

Almaniyanın ikinci Fransaya çevrilməsinə yol vermək olmaz.

Azay Quliyev,
Millət vəkili
1667287586_447669.jpg (57 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR