ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Donald Trampın İran nümayəndələri ilə apardığı gərgin telefon danışığı zamanı səsini itirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, senatorun sözlərinə görə, Tramp rəsmi Tehranla danışıqları şəxsən özü idarə edir və bir neçə gün əvvəl baş tutan söhbət olduqca sərt keçib.
Qrem hadisənin təfərrüatlarını bölüşərkən bildirib ki, Tramp birbaşa iranlı rəsmilərlə ünsiyyət qurur:
"O, iranlılarla birbaşa danışır. Söhbət o dərəcədə gərginləşib ki, Tramp oyunlara davam edəcəkləri təqdirdə nələrin baş verəcəyini İrana uca səslə izah edib. Nəticədə, onun həqiqətən də səsi tutulub".
Senator əlavə edib ki, Trampın qarşı tərəfə verdiyi xəbərdarlıqların ciddiliyini nəzərə alaraq, heç bir halda həmin söhbətdə "xəttin digər ucunda" olmaq istəməzdi.
Hazırda ABŞ-İran münasibətlərindəki bu gərginliyin diplomatik müstəvidə necə davam edəcəyi maraqla gözlənilir.
Musavat.com






