İnsanlara hürriyət, millətlərə istiqlal!

Söhbət hansı maraqlardan gedir - ABŞ-ın, yoxsa...

657 28.03.2023 10:23 Yazarlar A A

Bir neçə il bundan əvvəl demokratiya, insan haqları və yaxud da ki, liberal dəyərlər bizə nə qədər maraqlı görünürdü! İndi, uzun illər keçəndən sonra “Keçdi, bəli, keçdi o zamanlar!” demək istəyirik, amma bacarmırıq, çünki bu da ilk məhəbbət, ilk sevgi kimi bir şeydir, baş tutmasa da, alınmasa da, heç vaxt, heç vədə unudulmur, yaddan çıxmır.

Həm də bizdə məşhur bir məsəl var. Deyirlər ki, molladan inciyib məscidi daşlamazlar. Demokratiya da belədir, onunla bağlı uğursuzluqlarımız, problemlərimiz oldusa da bu, bizim öz günahımızdır; deməli, bacarmadıq...

Bəli, demokratiya ondan nəzəri olaraq həzz almaq üçün deyil, bu, bir prosesdir, sən onda iştirak edərək həzz almalısan. Elə bizim də uğursuzluqlarımız onda oldu ki, hamı demokratiyadan nəzəri cəhətdən danışır, hamı bu haqda öz “nəzəriyyə”sini, “kitab”ını yazmaq istəyir...

Bütün bunlarla nə demək istəyirəm? ABŞ ikinci demokratiya sammitinə hazırlaşır, bugünlərdə baş tutmalıdır. Dəvətlilər arasında yenə də biz və qardaş Türkiyə yoxuq. Əvəzində Ermənistan var...

“Açıq cəmiyyət” nəzəriyyəsinin banisi filosof Karl Popper yazırdı ki, hər bir əsl tədqiqatçı gərək, öz nəzəriyyəsini təkzib edən, onun əleyhinə olan sübutları, detalları toplasın.

Biz də belə etməliyik. “Azərbaycan demokratik bir ölkədir” deyəndə bunun əksinə olan detalları da yaddan çıxartmamalıyıq. Ona görə ki, biz gənc dövlət və cəmiyyətik və bu səbəbdən də bizim demokratiya ilə bağlı uğursuzluqlarımız, çatışmazlıqlarımız ola bilər. Elə bu səbəbdən də belə hesab edək ki, ABŞ bizim özümüzdən fərqli olaraq bunları görür. Amma Türkiyəyə nə deyirsiniz? Doğrudanmı Türkiyə Ermənistan qədər də demokratik ölkə deyil? Və yaxud da doğrudanmı, NATO üzvü olan Türkiyə Vaşinqtona KTMT üzvü Ermənistan qədər də yaxın müttəfiq deyil? Razılaşın ki, bütün bunlar sözün əsl mənasında absurddur. Bir-iki gündən sonra İrəvan təmsilçiləri sammitdə bulunacaqlar, Afrika ölkələri panel müzakirələrində moderatorluq edəcək, gəl, Azərbaycan və Türkiyə bu prosesdən kənarda qalacaqlar...

Deyirlər ki, sammitdə Gürcüstanı da baş nazir yox, prezident təmsil edəcək. Biz hətta bunu da dərk etmək, anlamaq gücündəyik. Bir neçə həftə bundan əvvəl, Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi müzakirə edilərkən prezident Solome Zurabaşvili hökumətdən fərqli olaraq daha ardıcıl demokrat kimi çıxış etmiş, etirazçıların tərəfini tutmuş, qanunun qəbul olunacağı təqdirdə ona veto qoyacağını bildirmişdi. Həm də Rusiya-Ukrayna müharibəsi başlayandan Qərbin Gürcüstan hökuməti ilə bağlı narazılıqları var. Bir neçə dəfə rəsmi Tiflisin nəzərinə çatdırılıb ki, mövqeyini dəqiqləşdirsin, ya Qərbin tərəfini tutsun, ya da Rusiyanın...

Amma burada bir məqamı qeyd etmək lazımdır. Bizim problemimiz demokratiyanın özü ilə olmamalıdır, çünki burada problem demokratik ölkələrlədir, hansıların ki, daxildəki siyasəti demokratik olsa da, bunu onların xarici siyasəti haqqında demək olmur. Deyirlər ki, guya ABŞ sammitə demokratik ölkələri yox, öz müttəfiqlərini toplayır, guya burada maraqlar rol oynayır. Amma bu necə maraqlardır ki, onlarda Türkiyəyə və Azərbaycana yer tapılmır? Bir daha deyirik ki, Türkiyə NATO-nun üzvüdür, burada ABŞ-ın hərbi bazaları var. Azərbaycana gəldikdəsə, bu gənc ölkə Avropanın enerji bazarında söz sahibidir, KTMT üzvü deyil, Bloklara qoşulmayan dövlətlərin birliyinə başçılıq edir, NATO üzvü olan Türkiyənin ən yaxın müttəfiqidir! Hazırda İranla ən çox problem yaşayan ölkələrdən biridir Azərbaycan! Bu, necə maraqlardır ki, onlar bütün bunları nəzərə almır? Məsələ bundadır ki, söhbət ABŞ-ın yox, hakim siyasi elitanın maraqlarından, onların erməni diasporu qarşısında olan siyasi öhdəliklərindən gedir! Əks təqdirdə, ABŞ İranla dostluq edən, KTMT üzvü olan Ermənistanı öz dostu hesab etməzdi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR