İnsanlara hürriyət, millətlərə istiqlal!

Snayper atəşi, cənab Borelin yuxuları və Mirzoyan üçün “haylar, oy, oy, oy...” mahnısı

1614 15.02.2024 10:45 Yazarlar A A

Erməni snayper Zəngilan istiqamətindən Azərbaycan sərhədçisinə atəş açdıqdan saatlar sonra Ararat Mirzoyan artıq Brüsseldə, Avropa Komissiyasının vitse-prezidenti, birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin hüzurunda idi.

5 aylıq sakitlikdən sonra snayperin tətiyi məhz bu ərəfədə çəkməsi suallar doğurur. Ehtimallar çoxdur. Ermənistan XİN-in başçısı Brüsselə Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iclasında iştirak etmək üçün iki günlük səfər etmişdi. 12 fevralda atəş açılır, Azərbaycanın sərt cavab verəcəyini bildikləri halda buna gedilir ki, Avropa İttifaqı ilə danışıqlar daha “məhsuldar” olsun. Yəni 4-5 Aşotun məhvi Paşinyan hökuməti üçün o qədər də böyük problem deyil, təki Avropa İttifaqının “mülki” müşahidə missiyası tezliklə daha da böyüsün, hərbi missiyaya çevrilsin, “böyük bacı”nın tankları İrəvan-Gorus magistralında şütüsün. Bunun üçün nə lazımdır? Təbii ki, emosiyaların coşması, gərginlik! Snayper təxribatı məhz buna xidmət edir.

ABŞ-ın İrəvandakı səfirliyi erməni snayperin Zəngilan tərəfə atəş açacağını  hardan bilirdi? - ŞOK SSENARİ

Yeganə nümunə də deyil. Bundan əvvəl Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan sərhədindəki (şərti) mülki missiyasına baş çəkmişdi, ordan da Azərbaycanla şərti sərhədə gəlib, durbinlə ərazilərimizə baxmışdı. Nə ehtiyac var idi? Fransa paytaxtında fermerlər ot tayası qurublar, Eyfel qülləsinin qarşısında, traktorların yürüşünü keçirirlər, hökuməti çıxılmaza salıblar, fransız generalın nə iti azıb biz tərəflərdə? Niyyət bəlli, Afrikadan qovulan Qafqazda özünə məkan axtarır. Daha tez yerləşmək üçün də gərginlik ocağını alışdırmaq lazımdır. Elə Çex vətəndaşının Azərbaycan ərazisinə soxulmaq cəhdi də eyni planın tərkib hissəsi idi. Azərbaycan sərhədçisi çexi alnından nişan alsaydı, bir həşir qoparacaqdılar ki, “Azərbaycan dinc vətəndaşı, alpinisti öldürdü, yığışın, sanksiya qərarı qəbul edək”, daha nələr.   

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Jozef Borrelə elə sığınmışdı, sanki atasını görmüşdü. Qafan rayonunun Nerkin Hənd kəndi istiqamətində atəşkəsin pozulmasına  toxunan Borel Mirzoyanın dediklərinə diqqət edin: “Təəssüf ki, yenə problemimiz var, eləmi?” Və Mirzoyanın “Təəssüf ki, bəli” cavabı...

Ararat Mirzoyan Brüsselə səfərə gedib - ANS - Xəbərlər

Azərbaycan ərazilərini on illərlə işğal altında saxlayan ölkənin diplomatına verilən suala baxın. Anormallıqdır. Yəqin yenə də yuxusunu qarışdırıb. Xatırlatmaq yerinə düşür.

“Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Cosep Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”. Bunu Prezident İlham Əliyev ötən ilin sonlarında ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləmişdi. Dövlət başçımız xatırlatmışdı ki, Borelin öz ölkəsi də separatçılıqdan əziyyət çəkir: “Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”.

Bəli, öz istəkləri ilə Qarabağı tərk edən ermənilərin sayını hətta erməni revanşçıları təəccübləndirəcək şəkildə artıran Borel Ararat Mirzoyanın halına acımaqla da yenə təəccübləndirməyə çalışdı. Bu davranışı ilə “ermənilərin nənəsi” adını qazanmış ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosini xatırlatdı. Unutmamışıq, Pelosi ermənilərdən aldığı pulları özünün göz yaşları ilə “yumaq” üçün İrəvana gəldi, qondarma “soyqırım” abidəsi qarşısında guya ağladı, sızladı, gözlərinin qorasını axıtmaq üçün çox əziyyət çəkdi.

Borel Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb

Aİ rəsmisi Borel də az qaldı Mirzoyanı köksünə sıxıb “haylar, oy, oy, oy...” mahnısı oxusun. Görün nə deyib: “Ermənistan tərəfinin Azərbaycan əsgərlərinə atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verdi”. Adam o boyda təşkilatın rəsmi statuslu şəxsidir, söylədiklərində məntiq yox. Eyni məntiqlə İsraili də günahlandırmalıdır ki, HƏMAS-a qarşı əməliyyat keçirir, yaxud digər terrorçu şəbəkələrə qarşı beynəlxalq hüquqa əsaslanan antiterror tədbirləri də qınamalıdır, məsələn, ABŞ-ın liderliyi ilə aparılan prosesləri. Amma onları deməz, onun dərdi torpaqlarını azad etmiş Azərbaycandır! Ermənistan rəsmən bəyan edib ki, Azərbaycanın Qisas əməliyyatı nəticəsində məhv edilənlər “Yerkrapa” təşkilatının üzvləridir, yəni terrorçulardır, Qarabağda, hələ 90-cı illərin əvvəllərindən başlayaraq cinayətlər törədənlərdir, həmçinin son döyüşlərdə silahlanıb Azərbaycana qarşı çıxanlar! Borel gözləyirmiş ki, erməni terrorçular döyüş postundan növbəti dəfə, daha dəqiqliklə nişan alıb, Azərbaycana ağır itkilər yaşatsınlar və o sakitləşsin. O halda cavab “proporsional” olacaqmış...Əslində Borel daxil, Avropa İttifaqının şərti sərhədlərdəki missiyası günahkardır baş verənlərə görə! Minlərlə üzvü olan “Yerkrapa”nın şərti sərhədlərdə yerləşdirilməsi ocağın üstünə benzin tökməkdir, bu, Aİ missiyasının birbaşa iştirakı ilə həyata keçirilən təxribatdır! Erməni snayperin atəş açmasından “təəssüflənən” Borel niyə sonrakı saatlarda Ermənistanı ittiham etmədi, səsi eşidilmədi, yalnız Azərbaycan hərəkətə keçəndən sonra danışdı? Borel Ermənistanın qulağını bursaydı, saatlar sonra Tovuz istiqamətindən də silahlar işə salınmazdı.

d5d2fb36-6f69-445d-a27c-274749a1f4ce.jpg (268 KB)

Əslində, təəccüblü deyil, bunların gerçək sifətini çox görmüşük. Məsələn, 8 sentyabr 2023-cü ildə C.Borelin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı olmuşdu. Rəsmi xəbərdə deyilirdi: “Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib...Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyi olduğu vurğulanıb”.

bb5d59ed-d4f2-370a-90d3-0c850aca4b7e_850.jpg (85 KB)

Aİ rəsmisi nəinki erməni təxribatına son qoyulması istiqamətində təşəbbüs göstərdi, əksinə, xunta rejimini müdafiə etdi, separatçıların “seçki” şousuna stimul verdi.

Bu, həmin Boreldir, unutmamışıq: Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin strukturun saytında dərc olunmuş bəyanatında deyilirdi ki, “Dağlıq Qarabağda mülki əhalinin hərbi və ya digər üsullarla məcburi köçkün vəziyyətinə düşməsi halında Avropa İttifaqı sərt cavab verəcək”.

“Biz Ukrayna ilə bağlı aydın öhdəliklərimizə sadiq qaldığımızı göstərməliyik, vəziyyəti aydınlaşdırmaq və indi harada olduğumuzu, mart və ilin sonuna kimi harada olacağımızı anlamaq vacibdir”-deyən və Rusiya işğalına qarşı prinsipial görünən Borel Azərbaycan ərazilərinə təhdid yaradan Ermənistanı bağrına basır, separatçıları himayə edir. Aİ rəsmisi Azərbaycana təhdidlər yaradan, sülh prosesini pozan Ermənistanın təhlükəsizlik məsələlərindən danışırsa, bununla bağlı addımlar atılacağını elan edirsə, məqsəd-məram bəllidir. Kəsəsi, bu dəfə dövriyyəyə “ermənilərin babası” girib...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR