İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi şərhçidən İLGİNC açıqlamalar - Paşinyanın konstitusiya HİYLƏSİ

879 03.02.2024 22:18 Siyasət A A

“Ermənistanın Azərbaycana qarşı birbaşa, Türkiyəyə münasibətdə isə dolayısıyla irəli sürdüyü əraz iddialarının yer aldığı sənədlərdən, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd məqamların aradan qaldırılması üçün bu ölkənin konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yoxdur. Çünki sözügedən qanunsuz iddialar Ermənistanın konstitusiyasında deyil, müstəqillik haqqında bəyannaməsində yer alıb. Konstitusiyada isə müstəqillik haqqında bəyannaməyə ümumi, “milli hədəflər” adı altında istinad var”.

Musavat.com xəbər verir ki, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur.

elcin.jpg (272 KB)

Ekspert qeyd edib ki, Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali Sovetinin və “Dağlıq Qarabağ”ın milli şurasının “Dağlıq Qarabağ”ın “Ermənistan SSR-ə birləşdirilməsi” haqqında “birgə qərarı”na istinad olunur:

“Bu isə şübhəsiz ki, Azərbaycan torpaqlarının ilhaqı, həm indiki Ermənistan, həm də artıq işğaldan azad etdiyimiz ərazilərdə Ermənistan dövlətinin formalaşdırılması niyyətinin vurğulanması deməkdir.

Onu da qeyd edim ki, Ermənistan Ali Sovetinin və “Dağlıq Qarabağ”ın “milli şurası” adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli “qərarı” həmin dövrdə mövcud olan SSRİ konstitusiyasına zidd olduğu üçün yuxarı orqan – SSRİ Ali Soveti tərəfindən ləğv edilib. Bu baxımdan, Ermənistanın müstəqillik bəyannaməsində yer alan iddiaların, hətta hüquqa zidd olsalar da belə, ləğv olunduqları üçün faktoloji əsası yoxdur. İndiki halda qanuni və faktoloji əsasları olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması, ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd olan iddialarla çıxış edə bilməz. BMT Nizamnaməsinin 2 maddəsinin 4-cü bəndində qeyd olunur ki, “Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidirlər”.

Ermənistanın müstəqillik bəyannaməsində yer alan ərazi iddiaları və Ermənistan konstitusiyasında bu müstəqillik bəyannaməsindəki “hədəflərə” istinad olunması Azərbaycan ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan güc tətbiq etmək hədəsidir”.

E.Mirzəbəyli bildirib ki, Ermənistanın müstəqillik bəyannaməsində yer alan bu qanunsuz iddiaların aradan qaldırılması üçün isə rəsmi İrəvanın iddia etdiyi kimi mövcud kostitusiyaya əlavə və dəyişiklik edilməsi, yaxud yeni konstitusiyanın qəbulu məqsədilə referendum keçirilməsinə ehtiyac yoxdur:

“Özünü həm də Ermənistan SSR-nin hüquqi varisi elan edən Ermənistan Respublikasının parlamenti bəyannamədən ərazi iddiaları ilə bağlı məqamları, onların Ermənistan Respublikasının beynəlxalq öhdəliklərinə zidd olduğunu əsas gətirərək çıxarmaqla bu problemi aradan qaldıra bilər. Bunun üçün Ermənistan parlamentində hətta 3/5 səs çoxluğunun əldə olunmasına da ehtiyac qalmır. Ermənistan konstitusiyasında qeyd olunur ki, “Parlamentin reqlamenti, Seçki Məcəlləsi, Məhkəmə-Hüquq Məcəlləsi, Konstitusiya Məhkəməsi, Referendum, Partiyalar və insan hüquqlarının müdafiəsi haqqında qanunlar konstitusiya qanunları olduğu üçün deputatların ümumi sayının ən azı 3/5 hissəsinin səsi ilə qəbul olunur”. Ermənistanın müstəqillik bəyannaməsi isə konsitusiya aktı olmadığı üçün sadə səs çoxluğu ilə qəbul oluna bilər”.

Siyasi şərhçi vurğulayıb ki, Paşinyanın məsələni konstitusiyanın yenilənməsi kontekstindən ictimai rəyə təqdim etməsində məqsəd təkcə qonşulara ərazi iddialarının aradan qaldırılması ilə bağlı deyil:

“Nikol Paşinyan əslində ölkə konstitusiyasında yer alan və Ermənistanın bir dövlət kimi formalaşmasına mane olan bir neçə məqamı sözügedən sənəddən çıxarmaq istəyir. Bunlardan biri Erməni Apostol Kilsəsi (maddə 18), digəri isə erməni diasporu ilə əlaqələrlə (maddə 19) bağlıdır. Həm kilsənin, həm də diasporun konstitusion statusa sahib olması onların Ermənistanın siyasi hakimiyyətinin, konkret halda isə Paşinyan hökumətinin fəaliyyətinə müdaxilə etmələrinə imkan yaradır. Nikol Paşinyanla kilsə və diaspor arasında yaranmış ziddiyyətlərin bir hissəsi də, çox güman ki, bununla bağlıdır. Əslində bu məqam baş nazirin “yeni konstitusiya” ilə bağlı fikirlərində də özünü dolayısıyla büruzə verir. Mövcud konstitusiya ilə Ermənistan heç bir halda hüquqi və suveren bir dövlət kimi formalaşa bilməz. Müstəqillik bəyannaməsində yer alan ərazi iddialarına dolayısıyla “milli hədəflər” altında istinad, müxtəlif dövlətlərin ərazisində fəaliyyət göstərən və eyni zamanda həmin dövlətlərin maraqlarını ifadə edən diaspor təşkilatlarının, ehkamlarla, subyektiv, elmi, hüquqi əsası olmayan yanaşmalarla idarə olunan kilsənin konstitusion statusa malik olmaları hüquqi dövlət anlayışına zidd olmaqla yanaşı, həm də suverenliyə təhlükədir.

Azərbaycanla sülh müqaviləsinə mane olan amillərin müstəqillik haqqında bəyannaməyə redaktə xarakterli dəyişikliklər etməklə aradan qaldırılması əvəzinə yeni konstitusiyanın qəbul edilməsi müstəvisinə daşınması isə çox güman ki, Nikol Paşinyanın yenə də prosesi uzatmaq, vaxt qazanmaq niyyətindən qaynaqlanır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR